Heydər Əliyevin
SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına müraciəti
Sizin nəzərinizə çatdırıram ki, mən Sov.İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki, bu, sadəcə, "dəbə" uymaq deyil, son illər ərzində keçdiyim ağır məyusluqlar yolunun məşəqqətləri və hadisələrini yenidən qiymətləndirməyimin yekunudur.
Məni bu addımı atmağa məcbur edən başlıca səbəblər aşağıdakılardır:
Birincisi, hələ 1990-cı ilin yanvarında Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov.İKP sıralarından çıxmaq fikri yarandı. Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid bağlayırdım.
Özümü ələ alıb səbrlə gözlədim. Çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, "Pravda"dan başlayaraq partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi. Mənə qarşı yönəldilmiş uydurma faktları əsaslandırılmış şəkildə həmin kütləvi informasiya vasitələrinin özündəcə təkzib etmək cəhdlərim boşa çıxdı.
Yenidənqurmanın əsas nailiyyəti olan aşkarlıq özünü birtərəfli göstərirdi.
Yanvar faciəsinin günahkarlarını üzə çıxarmaq və cəzalandırmaq haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ayrı-ayrı vətəndaşların, görkəmli ziyalıların müraciətlərini Azərbaycan kommunist rəhbərliyi qətiyyətlə rədd edirdi.
Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.
... Bütün yuxarıda ifadə etdiklərim məni bu axırıncı addımı atmağa və Sov.İKP sıralarından çıxmaq haqqında bəyanat verməyə məcbur etdi; baxmayaraq ki, bu qərara gəlmək mənim üçün olduqca çətin olub.
Mən kommunist ailəsində böyümüşəm və bütün şüurlu həyatım Kommunist partiyası ilə bağlı olub. 1943-cü ildə 20 yaşında ikən öz taleyimi bolşeviklər partiyasına bağlamışam. Kommunist partiyasının ideallarına varlığımla inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm.
İndi bütün bu inamlarım məhv olub. Yeniləşən partiya və respublikaların yeniləşən ittifaqı haqqında saysız-hesabsız bəyanatlar yenə də xalqı aldatmaqdır.
Xalqa açıq və doğrusunu demək lazımdır ki, bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanan respublikaların ittifaqı süquta uğramaqdadır.
Bu bəyanatdan sonra qarşıma çıxa biləcək çətinlikləri təsəvvür edir, hər cür hücumları və mənəvi zərbələri qabaqcadan görürəm.
Partiyanın keçdiyi yolun ayıq təhlili məni yuxarıda bəyan etdiyim indiki mövqeyə gətirdi.
Bununla belə üzərimə düşən məsuliyyətin dərəcəsini də başa düşürəm. Sov.İKP sıralarını tərk edərkən, mən bütün təmiz və namuslu kommunistlərə hörmət bəslədiyimi bildirirəm.
Heydər ƏLİYEV
19 iyul 1991-ci il
Azərbaycan.- 2012.- 20 yanvar.- S. 2.