Xalq deputatı Heydər Əliyevin təklifi ilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı
ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında qərarı
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər.
Bununla, SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinin tələbləri kobudcasına pozulmuş və Azərbaycan SSR-in suveren hüquqlarına açıq-aşkar qəsd edilmişdir.
Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S. Qorbaçov, həmin müddətdə Bakıda olan Sov. İKP MK katibi A.Girenko, SSRİ Ali Soveti İttifaq Sovetinin keçmiş sədri Y.Primakov, SSRİ-nin müdafiə naziri D.Yazov, SSRİ-nin daxili işlər naziri V.Bakatin, Sov. İKP MK-nın məsul işçisi A.Mixaylov, eləcə də respublika rəhbərliyi - Azərbaycan KP MK-nın keçmiş birinci katibi Ə.Vəzirov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E. Qafarova, Azərbaycan SSR Nazirlər Sovetinin o zamankı sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvlərindən V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqa qarşı həyata keçirilən bu siyasi və hərbi qəsd üçün cavabdehdirlər və birbaşa məsuliyyət daşıyırlar.
Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola, zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır.
Qanlı Yanvar hadisələrinin günahkarlarmı üzə çıxarmaq, onu təhlil etmək və siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq faktiki olaraq heç bir tədbir görülməmişdir. Yanvar ayının 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş, Yanvar hadisələrinə siyasi qiymət verməli olan həmin sessiya bu günədək öz işinə başlamamış, sonrakı sessiyalarda da bu məsələyə baxılmamışdır. Qəribədir ki, respublika Ali Sovetinin Yanvar hadisələrini təhqiq etməli olan komissiyanın işi də başa çatdırılmamışdır (komissiyanın sədri M.Abbasov).
Yanvar faciələrinin səbəbkarlarının istər ittifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək, insan hüquqları Bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır:
1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.
2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.
3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun. Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.
4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd edilsin.
5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də milli matəm günü kimi qeyd edilsin.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Naxçıvan şəhəri, 21 noyabr 1990-cı il
Azərbaycan.- 2012.- 20 yanvar.- S. 3.