«20 Yanvar şəhidinin ailəsi üçün
Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün
təsis edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
xalqının tarixinə qəhrəmanlıq rəmzi kimi
daxil olmuş Qanlı Yanvar faciəsindən artıq 16 il
keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Sovet ordusu hissələri heç bir xəbərdarlıq
edilmədən Bakı şəhərinə, eləcə də
Azərbaycan Respublikasının bir sıra digər şəhər
və rayonlarına yeridilərək Dağlıq Qarabağ
problemi ilə bağlı Azərbaycan xalqının suveren
hüquqlarının bərqərar edilməsi
üçün ayağa qalxmış dinc əhaliyə
amansızcasına divan tutmuşdur.
Sovet
rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə
məruz qalmış Azərbaycan xalqı bu Qanlı Yanvar
günündə tarixi ənənələrinə sadiq
olduğunu bütün dünyaya nümayiş etdirmiş və
bununla da 20 Yanvar günü Azərbaycan xalqının qəhrəmanlıq
salnaməsinə parlaq səhifə kimi həkk olunmuşdur.
Kütləvi
terror aktları ilə müşayiət olunan bu hərbi-siyasi
təcavüzün və mənəvi qəsdin qurbanı
olmuş insanlar xalqımızın milli müstəqillik
duyğusunun yüksəldilməsində müstəsna rol
oynamışlar.
1990-cı ilin yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsini yad edərək, şəhid ailəsi üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:
1. 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 300 (üç yüz) manat məbləğində "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilsin.
2. Müəyyən edilsin ki, bu fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd həmin şəxslərin ailə üzvlərinin sayına bərabər bölünməklə dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin Nazirlik vasitəsilə ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 yanvar
2006-cı il
Azərbaycan.- 2012.-20 yanvar.- S. 3.