20
Yanvar faciəsinin on beşinci ildönümünün
keçirilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan xalqının tarixinə
Qanlı Yanvar faciəsi kimi
daxil olmuş
1990-cı il 20 Yanvar
hadisələrindən on beş
il keçir.
Artıq on beşinci ildir ki, Azərbaycan xalqı bu
faciənin ağrısı ilə yaşayır. Süquta məhkum olmuş
sovet rejimi öz son günlərində
bütün tarixi boyu törətmiş olduğu
cinayətlər sırasına misli
görünməmiş bir vəhşilik
aktı da əlavə etdi.
Həmin gün sovet ordusu hissələri heç bir xəbərdarlıq
edilmədən Bakı şəhərinə, eləcə də
Azərbaycanın bir sıra digər
şəhər və rayonlarına yeridilərək, Ermənistanın
respublikamıza qarşı ərazi iddialarının SSRİ
rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və o zamankı Azərbaycan rəhbərlərinin
xəyanətkar siyasət yeritməsinə etiraz
əlaməti olaraq ayağa
qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Öz
konstitusiya hüquqlarının bərqərar
edilməsi tələbi ilə çıxış edən dinc, silahsız əhali gülləbaran edildi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Sovet rejiminin bu qanlı terror aktı bütün dünyada qətiyyətlə pisləndi.
20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə
məruz qalmış Azərbaycan xalqı öz
tarixi qəhrəmanlıq ənənələrinə
sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda
haqq-ədalətin müdafiəsi yolunda
canlarından keçmiş Vətən
övladları Qanlı Yanvarda
xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Sovet
hakimiyyətinin süqutundan və Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət
başları hakimiyyət uğrunda
mübarizəyə qarışmış Azərbaycan rəhbərləri
xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin
araşdırılması,
ona siyasi-hüquqi qiymət
verilməsi və cinayətkarların müəyyən edilməsi
istiqamətində məqsədyönlü iş
aparmadılar. Onlar bu məsələdə heç maraqlı da
deyildilər, çünki həmin cinayətin
törədilməsinin məsuliyyəti bu
və ya digər dərəcədə
onların da üzərinə düşürdü. Yalnız Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra, 1994-cü
ildə 20 Yanvar hadisələrinin mahiyyəti
məhz onun təşəbbüsü və
bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət
verildi və cinayəti törədənlərin
adları ictimaiyyətə çatdırıldı.
Azərbaycan
xalqı öz qəhrəman
övladlarının fədakarlığını yüksək
qiymətləndirərək, hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir.
20 Yanvar gününün
Azərbaycanın tarixində ölkəmizin
azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə
qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyətini nəzərə
alaraq qərara alıram:
1. Yerli icra hakimiyyəti orqanları əlaqədar təşkilatlarla
birlikdə Azərbaycan Respublikasının bütün
şəhər, rayon və kəndlərində
20 Yanvar faciəsinin on
beşinci ildönümünə həsr
olunmuş tədbirlər keçirsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatına tapşırılsın ki, 20 Yanvar faciəsinin on
beşinci ildönümü ilə bağlı tədbirlər
planının hazırlanıb həyata keçirilməsini təmin
etsin.
3. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 yanvar 2005-ci
il
Azərbaycan.- 2012.- 20 yanvar.- S.3.