Milli Məclisdə görüş

 

Yanvarın 19-da Milli Məclisin İslam Konfransı Təşkilatının Parlament İttifaqındakı nümayəndə heyəti ölkəmizdə  səfərdə olan İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Milli Məclisin deputatı, nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva bildirdi ki, Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixi var. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz daha da genişlənmişdir. Azərbaycan xalqı həmişə ərəb dünyasında baş verən hadisələri  izləmişdir.

İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi isə göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Dedi ki, ölkənizdə dinamik inkişafın şahidi olduq. İraq nümayəndə heyətinin səfərinin məqsədi iki ölkə arasında qarşılıqlı münasibətlərin gücləndirilməsi, əlaqələrin inkişaf etdirilməsidir.

Hammam Hamudi qeyd etdi ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunmasını özümüz üçün  qürur hesab edirik.

Dağlıq Qarabağ münaqişəsindən də söz açan komitə sədri bildirdi ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Sonda tərəflər arasında digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  4.