Necdet Ünüvar: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Türkiyəni çox qürurlandırdı

 

 Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Türkiyəni çox qürurlandırdı. AzərTAc xəbər verir ki, bu fikir Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələrinin ölkəmizə səfərlərinin yekunları ilə bağlı yanvarın 19-da keçirdikləri mətbuat konfransında səslənmişdir.

Dostluq qrupunun həmsədri Necdet Ünüvar səfər çərçivəsində ölkələrimiz arasında qarşılıqlı münasibətlərin, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığını bildirmişdir.

N.Ünüvar Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qanunun təkcə Türkiyəyə deyil, bütövlükdə türk dünyasına qarşı ədalətsiz bir addım olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərini xüsusi vurğulayan N.Ünüvar bildirmişdir ki, Vanda baş vermiş zəlzələ zamanı ölkəmizin göstərdiyi ilk humanitar yardım bunun bariz nümunəsidir.

N.Ünüvar vurğulamışdır ki, ötən ilin oktyabrında Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə keçirilmiş Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəkdir.

Digər türkiyəli deputatlar da Azərbaycanda gedən inkişafı yaxından izlədiklərini və qardaş ölkənin uğurlarının onları sevindirdiyini diqqətə çatdırmışlar.

Mətbuat konfransında bildirilmişdir ki, Xocalı soyqırımının da beynəlxalq miqyasda tanınması istiqamətində Türkiyə parlamenti tərəfindən zəruri işlər görülmüşdür. 

 

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  4.