Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir

 

 Yanvarın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, dini məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Şeyxülislam tarixən dostqonşu olan ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. A.Paşazadə Azərbaycanın dövlət başçısının ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə mühüm əhəmiyyət verdiyinibunun dini-mənəvi əlaqələrin də yüksək səviyyədə davam və tərəqqi etməsinə şərait yaratdığını xüsusi vurğulamışdır.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Fridon Todua son illərdə müstəqil Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini vurğulamış, Qafqazın müdrik dini liderlərinin əməkdaşlığının dinlərarası dialoq işinə bundan sonra da yeni və dəyərli töhfələr verəcəyini diqqətə çatdırmışdır.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva iki ölkənin dini liderlərinin dostluq münasibətlərindən, Gürcüstan ilə Azərbaycanın strateji tərəfdaşlığından danışmışdır.

 

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  5.