BMT-nin Uşaq Hüquqları Komitəsində Azərbaycan hökumətinin dövri hesabatı dinlənilmişdir

 

Yanvarın 17-18-də  Cenevrədə BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən Azərbaycan  hökumətinin Uşaq Hüquqları Konvensiyası üzrə 3-4-cü dövri hesabatı və bu konvensiya üzrə uşaqların  silahlı münaqişələrə, qeyri-əxlaqi davranışa cəlb edilməsinə, həmçinin uşaq alverinə dair əlavə protokolları üzrə ilkin hesabatları ətrafında dinləmələr keçirilmişdir.

Tədbirdə  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Azərbaycanın Cenevrədə  BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Hicran Hüseynova  Azərbaycan hökuməti tərəfindən insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində, o cümlədən uşaq hüquqlarının təmin edilməsi  üzrə  həyata keçirilən islahatlar, onların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması, qanunvericilik sahəsində görülməkdə olan tədbirlər haqqında ətraflı məlumat vermişdir. Komitə sədri Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci il  dekabrın 27-də  təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını xüsusi olaraq qeyd etmişdir.

Nümayəndə heyətinin rəhbəri  Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilmiş layihələri xüsusilə vurğulamışdır.

H.Hüseynova həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun ağır fəsadlarına toxunaraq, münaqişə nəticəsində minlərlə azərbaycanlı uşağın hüquqlarının pozulduğunu və onların bu günədək qaçqın və məcburi köçkün şəraitində yaşadığını bildirmişdir. Yalnız 2011-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən 2 azərbaycanlı uşaq - 9 yaşlı Fariz Bədəlov və 13 yaşlı Aygün Şahmalıyeva qətlə yetirilmişdir. Bu xüsusda, Azərbaycan tərəfi komitə üzvlərindən həmin ağır cinayət hallarına münasibət bildirilməsini xahiş etmişdir.

Daha sonra tədbir interaktiv dialoq formatında keçirilmiş və Azərbaycan nümayəndə heyəti komitə üzvləri tərəfindən qaldırılmış suallara  cavab vermişdir.

Sonda komitə üzvləri Azərbaycan hökuməti tərəfindən insan hüquqları sahəsində həyata keçirilmiş tədbirləri təqdir etmiş və Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını xüsusi qeyd etmişlər.

Nümayəndə heyəti Cenevrəyə işgüzar səfəri çərçivəsində UNİCEF-in MDB və Şərqi Avropa ölkələri üzrə regional direktoru S.Allen və onun müavini K.Madi ilə görüşmüşdür.

Görüşdə tərəflər arasında münasibətlərin inkişaf etdirilməsinə dair müzakirələr keçirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  5.