Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına
Akademiyasında 20 Yanvar faciəsinin 22-ci
ildönümünə həsr olunmuş
mərasim keçirilmişdir
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasim açıq elan olunduqdan sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə qarşı sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışmışdır. Bildirmişdir ki, 1918-20-ci illərdə olduğu kimi, 1980-ci illərin sonlarında da eyni ssenari üzrə antiazərbaycan fəaliyyəti yenidən şiddətlənmiş, xalqımıza qarşı məkrli planlar və qəsdlər hazırlanmışdır. Mənfur erməni millətçiləri Moskvadakı imperiyapərəst və digər qüvvələrlə birləşərək Azərbaycanı parçalamaq, nəyin bahasına olursa-olsun xalqımızın müstəqillik arzularını beşiyindəcə boğmaq niyyətində idilər. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilməyə başlandı, 1987-1989-cu illərdə yüz minlərlə həmvətənimiz doğma torpaqlarından qovuldu, işgəncələrə məruz qaldı və vəhşicəsinə qətlə yetirildi. Ermənilərlə əlbir olan keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyindən, məkrli əməllərindən, hadisələrin təhlükəli istiqamətdə inkişafından narahatlıq keçirən Azərbaycan xalqı ayağa qalxdı.
Bu qanlı faciəni xalqımızın milli azadlıq ruhuna təcavüz kimi qiymətləndirən general-mayor İ.Allahverdiyev qeyd etmişdir ki, qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar qırğını eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, vətənə, torpağa sədaqətini, dövlətimizin müstəqilliyi və azadlığı uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.
Qanlı qırğından dərhal sonra qəlbi həmişə Azərbaycanla döyünən ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransının əhəmiyyətindən danışan general-mayor İ.Allahverdiyev ulu öndərin bu faciəni törədənlərin, o cümlədən hadisələrin əsas təşkilatçısı kimi SSRİ-nin o vaxtkı rəhbərliyinin və digərlərinin adlarını açıq şəkildə çəkərək onların cəzalandırılması tələbi ilə çıxış etməsini xüsusi olaraq vurğulamışdır. Həmin vaxt ulu öndər Heydər Əliyev özünəməxsus cəsarət və qətiyyətlə bildirmişdir: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir".
General-mayor İ.Allahverdiyev bildirmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə olaraq bu hadisəyə siyasi-hüquqi qiymət verilmiş, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Bu gün Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmışdır.
İ.Allahverdiyev qeyd etmişdir
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
20 Yanvar şəhidlərinin əziz xatirəsini
həmişə uca tutaraq,
onları və bütün şəhid
ailələrini öz diqqət və
qayğısı ilə əhatə edərək, bu və digər sahələrdə əsası
ulu öndər tərəfindən qoyulmuş bütün işləri layiqincə və inamla davam etdirir.
Prezident İlham Əliyev işğal
altında qalmış torpaqlarımızın düşməndən
azad edilməsi, dədə-baba
yurdlarından didərgin düşmüş
soydaşlarımızın doğma
el-obalarına qayıtmaları istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərir.
Hər bir azərbaycanlı Ali Baş Komandanın
apardığı uğurlu siyasətin
önündə getməli, vətən torpaqlarının işğaldan azad
olunması naminə qüvvə və
bacarığını əsirgəməməlidir.
Tədbirdə
çıxış edən akademiyanın dinləyicisi
Rüfət Abbasov, kursantlar İsmət Məmmədov və
Elçin Abbasov 20 Yanvar faciəsi ilə bağlı fikirlərini
bölüşmüş, Azərbaycanın müstəqilliyi,
dövlətimizin daha da qüdrətli olması naminə bilik
və bacarıqlarını əsirgəməyəcəklərini,
Ali Baş Komandanın hər bir əmrini dərhal və
qüsursuz yerinə yetirməyə hazır olduqlarını
bildirmişlər.
Mərasimin
sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film
nümayiş etdirilmişdir.
Azərbaycan.- 2012.-20 yanvar.- S.
6.