SSRİ-nin dağılmasını sürətləndirən Bakı qırğını

 

Ötən əsrin 80-ci illərinin ikinci yarısından dünyada gedən proseslər nəticəsində Sovet İttifaqının daxilində mürəkkəb və ziddiyyətli problemlər baş qaldırdı. Bəzi sovet siyasi analitikləri bunu Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun öz əməlinin öz başına əngəl açması kimi dəyərləndirdilər. Onlar hesab edirdilər ki, o, aşkarlıq, yenidənqurma, demokratiya oyununa bu şəkildə başlamasaydı, Qazaxıstanda qan tökməsəydi, hadisələr başqa cür cərəyan edərdi. Lakin əvvəldən zorla yaradılmış və inzibati amirlik metodu ilə idarə edilən sovet hökuməti gözgörəsi çökürdü. Hələlik isə quruluş mövcudluğunu yalnız ordu və təhlükəsizlik qüvvələri ilə qoruyub saxlayırdı.

Belə bir gərgin zamanda M.Qorbaçov İttifaqda yaranmış problemləri həll etmək əvəzinə baş verən hadisələri özündən əvvəlki rəhbərlərin üzərinə atır, bu da vəziyyəti getdikcə ağırlaşdırırdı. Milli münasibətlər baxımından SSRİ-nin ən zəif halqaları Cənubi Qafqaz və Baltikyanı respublikalar olsa da, ilk qan Qazaxıstanda axıdıldı. Hadisələrin üzərinə körüklə gedən M.Qorbaçovun ən böyük qorxusu türkdilli respublikalarda baş qaldıra biləcək azadlıq hərəkatı idi. Ona görə də 1986-cı ildə Qazaxıstanın KP MK-nın birinci katibi Dinmuhəmməd Kunayevi vəzifəsindən azad edərək onun yerinə Nikolay Kolbini təyin etdi. Qərar respublikada narazılıqla qarşılandı, Alma-Atada aramsız mitinqlər başladı, insanlar küçələrə töküldülər. Kütləvi həbslər başladı, mitinqə çıxanlar millətçi-ekstremist, narkoman adlandırılaraq həbsxanalara atıldı. Getdikcə artan narazılıq  1986-cı ilin dekabrında silahlı dəstələrin köməyilə amansızlıqla yatırıldı.

1988-ci ilin noyabrından isə Tbilisidə kütləvi nümayişlər başladı. Mərkəzi hakimiyyət 1989-cu il aprelin 9-da gürcülərin azadlıq hərəkatını silah gücünə yatırtdı, 19 nəfər öldürüldü, minlərlə adamı qazla zəhərlədilər. Bu o vaxtlar idi ki, M.Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi A.Aqanbekyan Parisdə erməni icması qarşısında çıxış edərək SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini məqbul hesab etdiyini bildirmişdi. Artıq Fransada qəzetlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirirdi, Dağlıq Qarabağda isə mitinqlər başlamışdı.

Baltikyanı respublikalar açıq mübarizəyə keçdilər. 1939-cu il avqustun 23-də imzalanmış gizli Ribbentrop-Molotov paktı və ya sovet-nasist paktına dair açıq müzakirələr bir müddət SSRİ-nin başını necə qatdısa, Cənubi Qafqaz unuduldu. Həmin pakta görə, Finlandiya, Litva, Estoniya, Latviya, Bessarabiya və Polşanın bir çox əraziləri SSRİ-yə birləşdirilməli idi. Sovet rəhbərliyi belə bir paktın olduğunu inkar etsə də, Baltikyanı respublikalar onu Almaniyanın arxivlərindən tapıb ortaya qoydular. Çox çək-çevirdən sonra SSRİ Ali Soveti Baltikyanı respublikaların StalinHitler arasında razılaşmanın qurbanı olduğunu təsdiqlədi. Konfederasiya tələbi ilə mitinqlərə başlayan Baltikyanı respublikaların bəxti gətirdi, onlar azad və müstəqil dövlət oldular.

Moskvadan ötürülən xəbərlərə görə, hazırlanacaq yeni SSRİ Konstitusiyasında müttəfiq respublikaların minimum hüquqları belə məhdudlaşdırılacaqdı. Bu informasiyalar milli münasibətlər zəminində vəziyyəti getdikcə gərginləşdirirdi. Rusiya ərazisində yaşayan xalqlara düşmən və nifrət hisləri ölkəni bürüyür, xüsusən də Orta Asiya respublikalarına və Azərbaycana qarşı təzyiqlər artırdı. Odur ki, müttəfiq respublikalarda mərkəzdənqaçma meyilləri güclənirdi.

80-ci llərin sonlarında Qırğızıstanın vilayətinin Batıkənd rayonunun əhalisi ilə Tacikistanın Leninabad rayonu əhalisi arasında sərhəd məsələsi üstündə münaqişə qızışdı. SSRİ DTK sədri V.Kryuçkov məxfi məlumatında göstərirdi ki, məsələ milli münaqişəyə çevrilir, ola bilər ki, milli münaqişə bütün Orta Asiyanı bürüsün. Ukraynanın qərb vilayətlərində də vəziyyət kəskinləşdi, sovet ordusu əleyhinə kampaniyalar aparıldı. Ukrayna hadisələri sovet ordusunun nüfuzunu sarsıtdı. Respublikalarda keçirilən mitinqlər getdikcə mahiyyətini dəyişərək Kommunist Partiyasının və sovet hökumətinin əleyhinə çevrilirdi.

Cənubi Qafqazda qalanan ocağın isə əhatəsi geniş, mahiyyəti çox məkrli idi. Ermənistan açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə edərək Dağlıq Qarabağ bölgəsində ekstremizmi və separatçılığı qızışdırmağa başladı. SSRİ-də baş verən gərginliklərdən istifadə edən Ermənistan Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ regionuna əsassız iddialar irəli sürdü. Beləliklə, iki qonşu respublika arasında münaqişə başladı. M.Qorbaçov tədbir görmək əvəzinə açıq-aşkar ermənilərin tərəfini tutdu.

Beləcə, 1990-cı il 20 Yanvar hadisələrinə yol başladı. Azərbaycan xalqı ədalətsizliyə qarşı kütləvi etiraz mitinqləri keçirir, Dağlıq Qarabağ da silahsız-sursatsız olsa da, düşmənlə savaşırdı. Silah-sursatın yoxluğuna səbəb Dağlıq Qarabağda özünü müdafiə edən azərbaycanlıların əlindəki ov tüfənglərinin də yığılması idi.

1989-cu il noyabrın 28-də SSRİ Ali Sovetinin sessiyasında DQMV-də vəziyyətin normallaşdırılmasına dair qərar qəbul edildi. Azərbaycan xalqı ümid edirdi ki, bu qərar iki xalq arasında baş verən münaqişənin sona çatmasına səbəb olacaq, sakitlik bərpa olunacaq. Lakin belə olmadı. Dekabrın 1-də Ermənistan Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi haqqında qərar qəbul etdi və təsdiqlənməsi üçün SSRİ Ali Sovetinə göndərildi. Bu xəbər Azərbaycan xalqını ayağa qaldırdı. 1990-cı il yanvarın 9-da təcavüzkar Ermənistan daha da harınlaşaraq DQMV-nin sosial-iqtisadi inkişaf planını öz  büdcə planına saldı, təsdiq üçün onu da Moskvaya göndərdi. SSRİ Ali Soveti bu qərarı qəbul etməsə də, Ermənistanı alçaq hərəkətlərindən çəkindirmir, əksinə, Azərbaycanın suverenliyini və ərazisinin toxunulmazlığını açıq-aşkar təmin etmək istəmirdi.

Odur ki, hadisələr getdikcə idarəolunmaz xarakter alırdı. Sonrakı araşdırmalar göstərdi ki, 20 Yanvar faciəsi qabaqcadan planlaşdırılmış, Bakıya hərbi qüvvələr yerləşdirilmiş, hadisəyə bir neçə gün qalmış paytaxtda bir neçə xəstəxana boşaldılaraq hazır vəziyyətə gətirilmiş, sovet ordusu hərbi qulluqçularının ailələri şəhərdən köçürülmüşdü. Bir sözlə, hərbi təcavüz və qoşunların yeridilməsi üçün qabaqcadan tədbirlər görülmüşdü. Səbəb kimi Bakıda kimlər tərəfindən törədilməsi hələ də bəlli olmayan talanlar həyata keçirildi, erməni mənşəli ailələrin ünvanları talançılara verildi.

Hər gün ictimaiyyətə çaşdırıcı fikirlər ötürülürdü. Buna görə də ölkədə böyük çaşqınlıq var idi. Qurulmuş planı həyata keçirmək üçün Bakıda bir neçə erməni öldürüldü. Azərbaycanlılar isə Azadlıq meydanında SSRİ-nin ikili mövqeyinə etiraz edən mitinqlər keçirir, "Qarabağ əzəli Azərbaycan torpaqlarıdır", "Biz ölərik, Qarabağı vermərik" ruhlu şüarlar səsləndirirdilər. Talanlar zamanı Azərbaycanın güc strukturları tamamilə zərərsizləşdirilmiş, silahları alınmışdı. Sonralar Bakatin yazırdı ki, 12 minlik daxili qoşunda talançılarla mübarizə aparmaq üçün bir ədəd də olsa silah yox idi.

Bakı sanki hərbiləşdirilmişdi. Tbilisi prospektində, Biləcəri enişinin üstündə, XI qırmızı ordu (indiki "20 Yanvar") meydanında, Salyan kazarmalarının giriş qapılarının ağzında, metronun "Məşədi Əzizbəyov" (indiki "Koroğlu") stansiyasının ətrafında və şəhərin bir neçə başqa yerində yük maşınları ilə yolları kəsərək barrikadalar yaradılmışdı. Moskvadan isə hər gün qıcıqlandırıcı xəbərlər gəlirdi. Yanvarın 19-dan 20-nə keçən gecə İttifaq rəhbərliyi ölkənin qanunlarını saya almayaraq və beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın suveren hüquqlarını pozdu, xalqa xəbərdarlıq etmədən paytaxta və ətraf bölgələrə qoşun yeridib qabağına çıxan nə vardısa gülləbaran etdi.

Bu qırğın xalqımızın milli mənlik şüurunun məhv edilməsinə, onun dövlətçilik tarixi boyu əyilməz, şahanə qürurunun sındırılmasına yönəlmişdi. Yanvar hadisələri nəticəsində 131 nəfər şəhid oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi. Lakin bütün vəhşiliklərə baxmayaraq, Azərbaycan xalqının əzmini qıra bilmədilər. M.Qorbaçovun, ətrafının, ona dəm tutanların əsl siması üzə çıxdı. Bakı qırğını SSRİ-nin dağılmasını sürətləndirdi. 1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsindən ötrü edilən çevriliş cəhdi iflasa uğrasa da, həmin il dekabrın 8-də Minsk yaxınlığında Rusiya, UkraynaBelarus prezidentləri bir araya gələrək SSRİ-nin tərkibindən çıxdıqlarını bildirməklə onun taleyini həll etdilər.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  6.