Qan içində

 

Azərbaycan qan içində üzür bu gün,

Mən özümboğuluram qan içində…

Mürəkkəblə yazmayıram sözü bu gün,

Hər kəlməni yoğururam qan içində…

 

Xəyallarım qan içində uçur mənim,

Şəhidlərim qan içində qucur məni,

Səhərlərim  qan içində açır mənim,

Röyalarım, yuxularım qan içində…

 

Qan içində anaların göz yaşları,

Kirpiklərin bəbəkləri qan içində…

Ay mənim qan bacılarım, qardaşlarım,

Göyün, yerin bəbəkləri qan içində…

 

Qan tökülür neçə yazdı, neçə qışdı,

Sarıyırıq yaramızı, durmur yenə…

Düşmən çoxdan qanımıza susamışdı,

Kasa-kasa içir ondan, doymur yenə

 

Bu qan bizə çalın-çarpaz sinə dağı,

Dağım, düzüm, göyüm, yerim qan içində

Qan içində verdik yada Qarabağı,

Gərək onu alaq geri qan içində

 

 

Cabir NOVRUZ

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  7.