Senatın Qanunlar Komissiyası qondarma
erməni soyqırımı barədə qanunun
müzakirə olunmasını rədd etmişdir
Yanvarın 18-də Senatın Qanunlar Komissiyasında Fransanın Buş-dü-Ron departamentindən deputat seçilən, ölkənin nüfuzlu və aparıcı Xalq Hərəkatı Birliyi Partiyasının üzvü, ermənipərəst Valeri Boyerin təklifi əsasında dekabrın 22-də Milli Assambleyada səsə qoyulan və az sayda deputatın səsverməsi ilə qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərə qarşı həbs və ya 45 min avro cərimə ödənməsi cəzasının tətbiq edilməsi barədə qanunun Senatın yuxarı palatasında müzakirəyə çıxarılması məsələsi müzakirə olunmuşdur.
Yığıncaqda müzakirələr zamanı komissiyanın 23 üzvü qanunun Senatın gündəliyinə salınmasının əleyhinə, 9 senator lehinə səs vermiş və 8 nəfər bitərəf qalmışdır.
Amma bu heç də inkarla bağlı qanun layihəsinin Senatın müzakirəsinə çıxarılmaması demək deyildir. Sadəcə olaraq prosedur qaydalarına görə, hər hansı məsələ Senatda müzakirə edilməzdən əvvəl Qanunlar Komissiyasında baxılmalıdır. Qurumda müzakirələr keçirilərkən komissiyanın da rəyi nəzərə alınır.
Xatırladaq ki, müzakirələrdə çıxış edən senatorlar Milli Assambleya tərəfindən qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsi ilə bağlı qanunun qəbul edilməsinə münasibət bildirən keçmiş ədliyyə naziri Robert Badənterin parlamentin tribunal və ya tarix yazılan amfiteatr olmaması barədə səsləndirdiyi fikirlərinə tez-tez istinad etmişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2012.-20 yanvar.- S. 8.