Fransanın səfiri
Azərbaycanın Xarici İşlər
Nazirliyinə dəvət edilmişdir
Yanvarın 19-da Fransanın Azərbaycandakı səfiri Qabriel Keller ölkəmizin Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilmişdir.
XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, xarici işlər nazirinin müavini Xələf Xələfov fransalı diplomata cari il yanvarın 23-də Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə etmişdir. Nazir müavini bu cür qanun layihəsinin qəbul edilməsinin regional proseslərə mənfi təsir göstərə biləcəyini diqqətə çatdırmışdır.
Səfir ölkəsinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilməsinə tərəfdar
olduğunu vurğulamış və Azərbaycan
tərəfinin mövqeyini
Fransa hökumətinə
çatdıracağını bildirmişdir.
Azərbaycan.- 2012.- 20 yanvar.- S. 8.