Qanlı Yanvar faciəsinin 22-ci ildönümü
ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
Azərbaycan Prezidenti
İlham Əliyev şəhidlərin əziz
xatirəsini yad etmişdir
Qanlı 20 Yanvar hadisələrindən 22 il keçir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ümumxalq hüzn günündə 20 Yanvar şəhidlərinin xatirəsini
yad etmişdir.
1990-cı
il yanvarın
20-si Azərbaycanın müasir
tarixinə ən faciəli günlərdən
biri, eyni zamanda, xalqımızın
qəhrəmanlıq səhifəsi
kimi daxil olmuşdur. İyirmi iki il əvvəl yanvarın 19-dan
20-nə keçən gecə
sovet ordusunun qoşun birləşmələri
Ermənistanın təcavüzkar
hərəkətlərindən və keçmiş
SSRİ rəhbərliyinin ermənilərə
havadarlığından hiddətlənən,
Bakının küçələrinə
və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən
geniş xalq kütlələrinə qarşı
hərbi əməliyyatlara
başladı. Doğma yurdunun,
xalqının azadlığını,
şərəf və
ləyaqətini hər
şeydən uca tutan vətənpərvər
Azərbaycan övladları
həmin müdhiş
gecədə canlarından
keçərək şəhidlik
zirvəsinə ucalmışlar.
Keçmiş sovet hərb maşınının Azərbaycanda
törətdiyi qanlı
qırğından 22 il keçməsinə
baxmayaraq, xalqımız
o müdhiş gecəni
daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə
dərin nifrətini bildirir. Hər il yanvarın
20-də minlərlə insan
Şəhidlər xiyabanını
ziyarət edir, Vətənin azadlığı
və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan
oğul və qızlarının əziz
xatirəsini ehtiramla yad edir.
20 Yanvar faciəsi
mahiyyətinə görə
dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü,
qətliamı idi. Keçmiş
SSRİ, Azərbaycan SSR konstitusiyalarının
kobudcasına pozulması,
ayaqlar altına atılması idi. O gecə keçmiş
SSRİ dövləti dinc
əhalinin üstünə
qoşun yeritməklə
BMT Nizamnaməsinə, beynəlxalq
hüquq normalarına
məhəl qoymamış,
iştirakçısı olduğu
1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını
pozmuşdur. Respublikanın o vaxtkı səriştəsiz,
kölə psixologiyalı
rəhbərlərinin isə
bu faciədən sonra da yenə
də xalqla bir olmağa cəsarəti çatmadı
və onlar sovet rəhbərliyinin ətəyindən əllərini
çəkmədilər. Onların əksinə olaraq, həmin vaxt Moskvada yaşayan
ümummilli lider Heydər Əliyev həyatını təhlükədə
qoyaraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək
Qanlı Yanvar qırğınını törədənləri
pisləyən kəskin
bəyanatla çıxış
etdi, xalqımızın
başına gətirilən
müsibəti dünyaya
çatdırdı. Bununla da
ulu öndər cəsarətini, mərdliyini,
xalqının sədaqətli
oğlu olduğunu bir daha sübut
etdi.
Lakin bu qanlı qırğın Azərbaycan xalqının
iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə
- azadlıq və müstəqilliyinə qovuşdu.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən
qayıdışından sonra
20 Yanvar hadisələrinə
siyasi-hüquqi qiymət
verildi və cinayəti törədənlərin
adları ictimaiyyətə
çatdırıldı.
Azərbaycan xalqı hər
il 20 Yanvar
faciəsi qurbanlarının
xatirəsini dərin ehtiramla yad edir.
***
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına
gəldi.
Prezident İlham Əliyev "Əbədi məşəl"
abidəsi önünə
əklil qoydu.
Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət
himni səsləndi.
***
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı
dini icmaların başçıları, xarici
ölkələrin Azərbaycandakı
səfirləri, beynəlxalq
təşkilatların nümayəndələri
də şəhidlərin
əziz xatirəsini yad etməyə gəlmişdilər.
***
Şəhidlər xiyabanının ziyarət
olunması mərasimində
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev iştirak edirdilər.
AzərTAc
Azərbaycan.- 2012.-21 yanvar.- S. 1.