Azərbaycan
ombudsmanı 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı bəyanat
ünvanlamışdır
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə, bu qurumun Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlamışdır.
Bəyanatda bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, Azərbaycanın bir çox şəhər və rayonuna yeridilmişdir. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, millətçi ermənilərin respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulmuşdur.
Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev hələ 1990-cı il yanvarın 21-də bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən bu hadisəyə rəsmi siyasi-hüquqi qiymət verilmiş, insanlığa qarşı yönəlmiş həmin aksiyanın Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinə divan tutmaq üçün törədildiyi bildirilmişdir.
Bəyanatda həmin qanlı cinayətə bu- günədək beynəlxalq hüquqi qiymət verilmədiyi bildirilmişdir. Bir daha bəyan edilmişdir ki, əvvəlcədən düşünülmüş, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə xalqımıza qarşı törədilmiş, beynəlxalq və dövlətdaxili hüquqa əsasən bütün əlamətləri özündə əks etdirən bu soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Ümidvarıq ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaqlar.
AzərTAc
Azərbaycan.- 2012.-21 yanvar.- S. 1.