Münaqişə
tərəflərinin beynəlxalq hüquq və insan
haqlarına uyğun olaraq üzərlərinə
götürdükləri öhdəliklərə əməl
etməsini təmin etmək əsas prioritetdir
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT Təhlükəsizlik Şurasının açıq toplantısındakı çıxışında ədalət mühakiməsi və qanunun aliliyi məsələsi barədə danışmışdır.
AzərTAc xəbər verir ki, "Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında qanunun aliliyinin möhkəmləndirilməsi" mövzusunda keçirilən müzakirələrdə A.Mehdiyev Azərbaycanın qanunun aliliyi və beynəlxalq hüquqa sadiqliyini bir daha qeyd etmişdir.
"Bu cür məsələlərə daha çox diqqət ayrıldığından, qanunun aliliyinə kompleks yanaşmanı təmin etmək məqsədilə, beynəlxalq hüququn prinsiplərinin əsas elementlərinə təsir edən, dövlətlərin milli birlik və ərazi bütövlüyünə zərbə vuran, insan haqları normalarına hörmətsizliyə gətirib çıxaran əsas təhdid və çağırışlarla məşğul olmaq üçün daha çox səy göstərmək tələb edilir", - deyə səfir vurğulamışdır.
A.Mehdiyev qeyd etmişdir ki, silahlı münaqişə tərəflərinin beynəlxalq humanitar hüquq və insan haqlarına uyğun olaraq üzərlərinə götürdükləri öhdəliklərə ciddi şəkildə əməl etməsini təmin etmək əsas prioritetdir. Qanunun aliliyini təşviq etmək səylərində əhalinin ən həssas hissəsinin, qadınların, uşaqların və məcburi köçkünlərin vəziyyəti nəzərə alınmalıdır. Qayıtma hüququnun təmin olunması etnik təmizləmədən qəti şəkildə imtinanı və öz yurd-yuvalarından didərgin düşmüş insanlar üçün mühüm ədalətli tədbirləri nəzərdə tutur. Mülkiyyətlərinin qanunsuz ələ keçirilməsinə görə qayıdanlara təzminat mexanizmləri ümidverici nəticələr vermişdir.
Cəzasızlığa qarşı mübarizə məsələsinə toxunan A.Mehdiyev vurğulamışdır ki, ədalət davamlı sülhün əsas struktur elementidir, onun mexanizmləri möhkəmləndirilməlidir. Sülh danışıqları və ya vasitəçilik cəhdləri əfv vəd etməməli, ən ağır cinayətlərə görə cəzasızlığın hər hansı formasını dəstəkləməməlidir. Cəzasızlığa son qoymaq və bu cür cinayətlərə görə məsuliyyət daşıyan şəxslərlə bağlı ətraflı araşdırma aparmaq üçün dövlətlər öhdəliklərini yerinə yetirməlidir.
Müzakirələrin sonunda BMT Təhlükəsizlik
Şurası beynəlxalq hüquqa sadiqliyini bəyan etmiş,
humanitar hüququn və insan haqları normalarının ciddi
şəkildə pozulmasına görə məsuliyyət
daşıyanların cəzadan azad olunmasına qarşı
olduğunu bir daha vurğulamışdır.
Bildirilmişdir ki, BMT münaqişə vəziyyətində və münaqişədən sonrakı dövrdə olan ölkələrə qanunun aliliyinin təmin olunmasına, ədliyyə müəssisələrində inamın yaradılmasına, gender bərabərliyinin təşviq olunmasına yardım edir. Təşkilat qanunun aliliyinə olan təhdidlərə, o cümlədən mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, münaqişələrin əsas səbəbləri, iqtisadi və sosial ədalət məsələlərinə daha çox diqqət ayırır.
BMT-nin Baş katibi Pan Gi Mun qeyd etmişdir ki,
BMT sülh və təhlükəsizlikdən tutmuş ticarətə
qədər hər sahədə qanuna hörmət erası
açmalıdır.
Azərbaycan.- 2012.-21 yanvar.- S. 2.