Moskvada Azərbaycan və Rusiya XİN rəhbərləri saziş imzalamışlar

 

 AzərTAc RF XİN-in İnformasiya və Mətbuat Departamentinə istinadla xəbər verir ki, Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov arasında işgüzar görüş olmuşdur.

Söhbət zamanı ikitərəfli maraq doğuran bir sıra aktual məsələlər, habelə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemi ilə əlaqədar Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məsələsi müzakirə edilmişdir.

S.Lavrov və E.Məmmədyarov Rusiya Federasiyasının Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında Azərbaycan Respublikasında Rusiya Federasiyasının və Rusiya Federasiyasında Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün daşınmaz əmlakın qarşılıqlı təqdim edilməsi haqqında saziş imzalamışlar.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2012.- 21 yanvar.- S. 2.