Fransanın
gündəlik «Acturca» qəzeti AzərTAc-a
istinadla məqalə dərc etmişdir
Azərbaycanın sürətli inkişafı dünyada diqqətlə izləndiyi kimi, ölkəmizin mətbuatı da diqqət mərkəzindədir. Son illər beynəlxalq əlaqələrini genişləndirən AzərTAc-a istinadla müxtəlif ölkələrin mətbuatında yazılar dərc edilir. Belə yazılardan biri də Parisdə gündəlik nəşr olunan "Acturca" qəzetinin 2012-ci il 17 yanvar tarixli nömrəsində Fransanın Sorbon Universitetinin siyasi elmlər doktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanovun AzərTAc tərəfindən yayılmış "Fransa yenidən başqa formatda dəyərlər yaradır?!" sərlövhəli məqaləsidir.
Azərbaycanlı alim Sorbon Universitetindəki professor həmkarlarına ünvanladığı yazıda dekabrın 22-də Fransa Milli Assambleyası tərəfindən qondarma "erməni soyqrımı"nı tanımayanların cəzalandırılması barədə qərarına qəti etirazını bildirir.
AzərTAc-ın saytında verilmiş yazının əvvəlində Jan-Jak Russo, Robespyer, Volter, Aleksis dü Tokvil, Monteskyö, Didro və digər məşhur filosofların vətəni, Fransa inqilabının bəşəriyyətə bəxş etdiyi dəyərlərin, demokratiyanın, söz və fikir azadlığının, hüquqi dövlətin beşiyi sayılan bir ölkədə çirkin niyyətlərini həyata keçirmək üçün ermənilərin ələ aldıqları deputatların sayəsində Milli Assambleyada heç bir hüquqi əsası olmayan, yalnız yaddaşlara arxalanaraq qondarma "erməni soyqırımı"nın inkarına görə cəza verilməsi barədə qanunun qəbul edilməsi haqlı olaraq müəllifin təəccüb və təəssüf hissinə səbəb olmuşdur.
T.Qurbanov vaxtilə Sorbon Universitetində təhsil alarkən ona demokratiyadan, söz azadlığından, hüququn aliliyindən mühazirələr oxuyan müəllimlərinə haqlı suallarla müraciət edir: Mən hansı hüquqi dövlətdən bəhs edim ki, qəbul olunan qanun məni öyrətdiyiniz Qərb məntiqinə sığmır. Mən Fransada necə söz azadlığından bəhs edim ki, orada elm adamları, siyasətçilər, diplomatlar, sıravi vətəndaşlar öz mövqelərini bildirdiyinə görə 45 min avro cərimə və ya 1 il həbs cəzası təhlükəsi ilə qarşı-qarşıya qalır.
Məqalədə həmçinin bir qrup erməninin əlində oyuncağa çevrilən Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri kimi, münaqişənin nizamlanmasında tərəfsiz mövqe tutmasına, haqlı olaraq şübhə ilə yanaşıldığı diqqətə çatdırılmışdır.
Məqalə fransız oxucuları tərəfindən maraqla qarşılanmışdır.
Fransa radiosu yanvarın 22-də T.Qurbanovun AzərTAc tərəfindən yayılan məqaləsini səsləndirəcəkdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2012.- 21 yanvar.- S. 2.