«Los Angeles Times»:
Fransa Senatı qondarma «erməni soyqırımı»nı inkar
edənlərin cinayət məsuliyyətinə cəlb
olunmasını nəzərdə tutan qanun layihəsini rədd
etməlidir
Fransa Senatı söz azadlığı, tarixi araşdırma aparmaq sərbəstliyi və Fransanın 1789-cu ildə qəbul etdiyi insan və vətəndaş hüquqları Bəyannaməsinin 11-ci maddəsi naminə qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu rədd etməlidir.
AzərTAc xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Los Angeles Times" qəzetində Fransa Milli Assambleyasında çıxarılmış qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə dair məqalədə deyilir.
Məqalənin müəllifi Timoti Garton Eş məlum təşəbbüsün fundamental insan haqları ilə daban-dabana ziddiyyət təşkil etdiyini vurğulamışdır. "Sual sadədir - Fransa və ya digər ölkə qanunvericiliyinə görə həmin dəhşətli hadisələrə beynəlxalq hüquqda istifadə edilən "soyqırımı" termininin şamil edilib-edilməməsinə dair mübahisə etmək cinayət sayılmalıdırmı? Və ya Fransa parlamenti dünya tarixinə dair tribunal rolunu oynamaq və digər xalqların keçmişinə dair hökm vermək hüququna malikdirmi? Cavab birmənalıdır: yox və bir daha yox", - deyə yazıda qeyd olunur.
Mövcud təşəbbüsün Fransada yaxın zamanlarda baş tutacaq seçkilərlə birbaşa bağlı olduğu qənaətinə gələn müəllif ötən zamanlarda baş verənlərdən indi siyasi məqsədlər üçün istifadə edildiyini yazır.
Yazıda vurğulanır ki, sərbəst
tarixi debatların mövzusu olmalı bir hadisə siyasi manipulyasiya
mövzusuna çevrilmişdir.
Azərbaycan.- 2012.- 21 yanvar.- S. 2.