20 Yanvar faciəsinin zirvəsi
22 ildir ki, Azərbaycan xalqı millət kimi 20 yanvar tarixli sabahını beləcə açır: sakit, hüznlü, üzgün, həm də məğrur. Bu tarixi xalqımız yaradıb, haqsızlığa üsyanla, qanını tökməklə. Heç kim başqa işlərinin dalınca tələsmir bu sabah. Bu sabah bir özgə sabahdır millətimiz üçün. Hamı gedəcəyi ünvanı bilir, kiməsə ünvan göstərməyə ehtiyac yoxdur, zirvədə dayanan şəhidlər xiyabanı insanları özünə çəkir. Hər qara daşdan bir işıq boylanır elə bil. Yol yoldaşımız isə qərənfillərdir bu sabah.
Böyük Hüseyn Cavid demişkən: "Azadlıq, öylə nazlı afət ki, qan tökülməyincə üzə gülməz o işvəkar". Biz isə o nazlı afətin üzünün gülməsi üçün çox qanlar tökmüşük. Amma yaralarımız yenə də açıqdır, qaysaqlanmır, nə edək? Çünki uğrunda övladları şəhid olan Vətən torpaqlarının bir hissəsi düşmən tapdağındadır.
Bu sabah yenə həmən sabahdır, 22 il öncəki kimi: sıxıntılı, qarlı, yağışlı, küləkli, duman-çiskinli. Gün axşama dönəndə bu məkan daha kövrək, daha kədərli, hüznlü, üşəntili görünür. Hələ müqəddəslərimizin ruhlarını sevindirə bilməmişik, torpaqlarımızı işğaldan azad etməmişik. Hər şeyə rəğmən biz 20 Yanvar tarixini faciə kimi yaşamırıq, xalqımızın özünüdərki, şərəf və ləyaqətimizin ucalığı, milli istiqlalımız uğrunda müqəddəs savaşımız kimi yaşayırıq. Bu, bizim millət haqqımızdır!
Amma hələ yoldayıq, onlara doğru gedirik. Hava soyuq olsa da, balaca oğlan atasının əlindən tutub insanların axınıyla gedir. Adını soruşduq, üşüyə-üşüyə Qədir - dedi. Atası söhbətimizə müdaxilə etdi: "Yanvarın 20-də yaralıları daşıyarkən atam Qədir Axundov da şəhid olmuşdu, Bu, mənim oğlumdur, atamın adını qoymuşuq, birinci sinifdə oxuyur, indi babasının ziyarətinə aparıram. Qədirdən soruşduq ki, səhər evdən çıxanda üşüyüb evə dönmək istəmədin? Balaca yol yoldaşımız həqiqəti deməkdən çəkinmədi: - Əlcəklərimi taxmamışdım deyə üşüyürdüm. Amma atam qar da yağsa gedəcəyik - deyəndə bu mənim ürəyimdən oldu. Qədirin atasıyla bir də həmsöhbət oluruq:
- Biz qardaş-bacılar Şəhidlər xiyabanında böyüdük, atamın "gözü qarşısında", ailə həyatı quranda da xeyir-dua almaq üçün hüzuruna gəlmişdik. İndi də nəvələrini gətiririk ki, görüb tanısınlar, onunla qürur duysunlar. Amma şəhidlərimizin qisasını almamışıq, atalar da deyib ki, qisas qiyamətə qalmaz, gərək biz də qisasımızı qiyamətə qoymayaq...
Növbəti söhbətdaşımız hərbçi olduğundan özünü polkovnik Bəşirov kimi təqdim etdi. Biz də etika göstərib adını soruşmadıq. Bu da hərbçilərin özünü təqdimetmə formasıdır. Ziyarətə gedirdi. Tanımaza-bilməzə bir-birimizə Vətən başsağlığı verdik, şəhidlərimizə Allahdan rəhmət dilədik, bununla da söhbətimizə körpü saldıq:
- Hər il Şəhidlər xiyabanına gələndə düşünürəm ki, hər daşdan bir igid boylanacaq, mənə sual verəcək, Bəşirov, torpaqlarımızı işğaldan azad etdinizmi? Mən nə cavab verəcəm? Təkcə özümə deyil, hər bir vətəndaşa arzulayıram ki, tezliklə elə gün gəlsin ki, şəhidlərimizi ziyarətə gedəndə şad xəbər aparaq, onların ruhunu sevindirək.
İnsanların üzündə həm hüzn, kədər, həm də düşməndən qisas, intiqam ifadəsi görünür. Elə bil əllərindəki qərənfil də top-tüfəngdir, yaxınlaşsan partlayacaq. Bizim doğrudan da, düşməndən alınmamış qisasımız qalıb. Əli günahsız Azərbaycan vətəndaşlarının qanına batmış Mixail Qorbaçov "Nobel" Sülh mükafatı aldı, bu azmış kimi oyuncaq siyasət adamı törətdiyi cinayət əməlinə dünyada hüquqi don geyindirdi. Güya Azərbaycanda yaranmaqda olan islam fundamentalizminin qarşısını alırmış. Azərbaycan xalqı var olduğu tarixdən indiyədək heç bir zaman islam fundamentalizmi adlı problemlə üzləşməyib. Dünyanın hər yerində ölkəmiz tolerantlıq nümunəsi kimi göstərilir. O anlamadı ki, bu ölkədə islam təhlükəsi yaranmışdırsa, bəs niyə ölənlərin arasında çoxlu rus, yəhudi, tatar, ukraynalı və ləzgilər var?..
Hər tərəf insandır, ona görə də yaxınlaşıb söhbətləşmək çətin deyildi, mövzu da aydındır: hadisələri yenidən xatırlamaq, millətimizin övladlarının qanını tökənləri lənətləmək, bir də Qarabağa getmək arzusu. Biznes Unversitetinin tələbəsi Ləman Misirli ziyarətə anasıyla gedirdi. Söhbətmizə onunla başlasaq da, anası hadisələrin şahidi olduğunu bildirdi:
- Mən institutun sonuncu kursunda oxuyurdum, neçə gün
idi dərsə də getmirdik.
Əslində, məktəbləri rəsmi şəkildə
bağlamamışdılar, amma tələbələr
instituta getmirdi.
Hamımız meydanlarda idik.
Hadisə baş verən gecəsi biz tələbə qızlar küçəyə
çıxmasaq da, səhər tezdən heç nədən, heç
kimdən qorxmadan qan
vermək üçün xəstəxanalara
qaçdıq. Yaralıları daşımaq üçün
köməyə gedirdik. Heç
kim evdə qalmamışdı. Hamı
Azadlıq meydanına toplaşmışdı. Qadınlar haray qoparır, göz
yaşları tökürdülər. Qan
vermək üçün axşama
qədər xəstəxananın qarşısında növbə
tutub gözlədik, həkimlər, tibb bacıları da
ağlayırdılar. Biz o
vaxta qədər belə hadisələri ancaq televeziyada görmüşdük, ən betərini özümüz yaşadıq.
Ləman da söhbətimizə qoşulur.
Deyir ki, mən olanlar haqqında oxumuş
və eşitmişəm:
- Hər dəfə Şəhidlər
xiyabanına gedəndə müqəddəslərimizə olan hörmətdən kövrəlirəm. Çox gözəl xiyaban
salınıb. Bəlkə də dünyada
birincidir, sanki
dünyanın ən gözəl parkıdır. Bunlar şəhidlərimizin əziz xatirəsinə
böyük hörmət əlamətidir.
Allah onlara rəhmət
eləsin, ruhları şad olsun. Daha Azərbaycan
oğlu-qızı şəhid olmasın, xalqımız belə
günlər yaşamasın, Qarabağın qələbə
sevincini yaşasın". Amin!
Növbəti həmsöhbətimiz
Rəbiyyə İsmayılova Asiya Universitetinin filologiya
fakültəsinin tələbəsidir. O dedi:
- Ötən əsrin sonlarında, yəni doxsanıncı illərin əvvəllərində xalqımızın milli azadlıq uğrunda apardığı mübarizə yenidən baş qaldırdı. Yetmiş yaşlı sovet imperiyası milli azadlıq uğrunda mübarizələri beşiyindəcə boğmaq üçün ayrı-ayrı müttəfiq respublikalarda cinayət əməlləri törətdi. Lakin Bakıda yaşananlar tamamilə fərqli oldu. Çünki daim azadlıq eşqi ilə qəlbi döyünən xalqımızın mübarizəsi daha kəskin və əzmkar formada idi. Qarabağı Azərbaycandan qoparmağa çalışan erməni daşnaklarının əlində oyuncağa çevrilmiş sovet imperiyasının rəhbərləri xalqımıza qarşı görünməmiş faciə törətdilər. Lakin həmin dəhşətli günlərdə imperiyanın qanlı caynaqlarından qurtaran xalqımız şəhidliyin müqəddəsliyini dünyaya bəyan etmiş oldu.
22 ildən sonra həmin qətliam
törədilən günlərə baxanda
təkcə qanlı göz
yaşlarımız axmır, qəlbimizdə qürur
və iftixar hissi də
baş qaldırır. Vətənimizin hər
guşəsində salınan xiyabanlar mərd,
mübariz, döyüşkən,
düşmənə layiqincə cavab verən
igidlərimizin əbədi məskəni kimi
daim anılır, ziyarət yerinə çevrilir.
Bakı şəhər sakini Səbinə
Zahir öz fikirlərini belə izah etdi:
- 20 Yanvar şəhidlərinin
uyuduğu xiyaban
uşaqdan-böyüyə hər birimiz üçün müqəddəs məkandır.
Ona görə də illər keçdikcə
bu xiyaban nəsillərimizin
ziyarətgahına çevriləcək. Bu
gün, o qanlı və
dəhşətli gecədən 22 il
keçdikdən sonra xalqımızın
Şəhidlər xiyabanını mütəşəkkil qaydada ziyarət etməsi də bunu təsdiqləyir. Xiyabana tələsən hər
kəsin baxışlarında qəm-kədərlə
yanaşı, bir mübarizlik,
əzmkarlıq ifadələri də hiss olunur. 20 Yanvar miqyasına
görə ağrılı-acılı faciədirsə,
mahiyyəti mübarizlikdir və tariximizin şanlı səhifəsidir. O
dəhşətli gün bir
daha təsdiqlədi ki,
xalqımızın milli azadlıq
duyğularını, qətiyyətini hər hansı
imperiyanın nə tankı, nə topu, nə
də digər ağır hərbi texnikası ilə
sındırmaq olmaz! Təbii ki, 20 Yanvar öz
dəhşətləri ilə yaddaşımıza
yazılıb. Çürüməkdə olan,
müvazinətini itirmiş sovet imperiyasının cəlladları o müdhiş gecədə
daşnaklarla birləşərək
Bakını qan çanağına
döndərmişdi. Keçmiş SSRİ-nin ilk və həm
də sonuncu prezidenti
M. Qorbaçov nəinki milli
azadlıq mübarizlərinin qətlinə, əslində,
insanlığa qarşı fərman vermişdi.
Lakin o dəhşətli
gecədən qan içində
çıxan xalqımızın mərd, qorxmaz,
mübariz övladları öz
şəhidlikləri ilə imperiya xislətli,
erməni qiyafəli ölümə qələbə
çaldılar.
Kəlbəcər rayonundan məcburi
köçkün Elşən Nəcəfli də söhbətə
qoşulur:
- 20
Yanvar yaddaşıma uşaq təxəyyülü ilə
yazılsa da, sanki o dəhşətləri özüm
yaşamışam. Əslində, belə idi.
1990-cı
il yanvar ayının 19-dan 22-dək anam Aybəniz xanımla
birlikdə Bakı şəhərində, xalam Əntiqə
müəlliməgildə idik. O gecə Rəzulzadə qəsəbəsindən
şəhərə daxil olan tankların vəhşi səslərinin,
küçə boyu sıralanmış doqquzmərtəbəli
yaşayış binalarını necə atəşə
tutduqlarının şahidiyəm. Evlərin eyvanına
çıxmaq belə qorxulu idi. O zaman 6 yaşında idim. 22
ildən sonra həmin gecənin ağrılarını
yaşadıqca qəhərlənmirəm. Doğrudan da,
xalqımızın və dövlətimizin
azadlığı, müstəqilliyi uğrunda can vermək
şərəfdir. Ona görə də 20 Yanvar yalnız matəm
günü deyil, həmçinin xalqımızın milli
mübarizəsinin qələbəsidir. Qürur və iftixar
günü olan 20 Yanvar xalqımızın qəhrəmanlıq
mücəssəməsi, azadlıq uğrunda mübarizəsinin
zirvəsi kimi daim anılacaq və yaşanacaqdır.
Bakının füsunkar görkəmi, dünyanın inkişaf etmiş dövlətlərinin paytaxtlarından birinə çevrilməsi, respublikamızın ayrı-ayrı bölgələrinin hərtərəfli, daha doğrusu, bütün istiqamətlərdə inkişafı da məhz azadlıq və müstəqillik uğrunda apardığımız mübarizənin nəticəsidir. Biz məğlubedilməz xalq kimi haqqımızı tələb etməyi bacarmış və buna nail olmuşuq. Bundan sonra isə onun daimiliyi və əbədiliyi uğrunda ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə mübarizəmizi davam etdirəcəyik.
- Şəhidlər xiyabanı müqəddəs
məkandır, oranı ziyarət etmək hər birimizin borcudur. Xalqımızın azadlıqsevər oğul və qızlarının uyuduğu torpağa qədəm
basmaqla biz dünya xalqlarına milli
müstəqilliyi göz bəbəyi kimi qorumağa, vətənimizin
şəhidinə çevrilməyə hazır olduğumuzu göstəririk.
Bu sözləri isə Bakı
şəhər sakini Nadir Abbaszadə dedi və əlavə
etdi:
- Bu, bizim şərəfli tariximizdir. Biz təkcə şəhidlərimizi anmaqla öz borcumuzu yerinə yetirmir, eyni zamanda onların uğrunda qurban getdiyi torpağımızı düşmən əsarətindən xilas etməyə hazır olduğumuzu da bildiririk. Milli mücadiləmizin zirvəsi olan 20 Yanvar eyni zamanda sovet imperiyasının süqutunu, məhvini tarixləşdirən bir gündür. Doğrudan da, hər zülmət gecənin bir işıqlı səhəri olur. 1990-cı il yanvarın 19-u gecəsi nə qədər müdhiş, qorxunc, vahiməli və uzun idisə, 20 yanvar qan qoxulu səhərlə açılsa da, parlaq, şəfəqli, əzəmətli və qürurlu gün idi. Həmin gün milli birliyimizin əsası qoyuldu. Biz bu birliyi, mütəşəkkilliyi daim qorumaq üçün də Şəhidlər xiyabanını ziyarətə gəlirik.
Xiyabanın hər il
abadlaşması isə şəhidlərimizin müqəddəs
ruhuna dövlətimizin və onun başçısının
qayğısıdır. Şəhidliyin zirvəsi olan xiyabana insan
axınının ardı-arası kəsilmir. Bu,
bir daha onu göstərir ki, illər
keçsə də, canı, qanı ilə müstəqillik,
azadlıq tarixi yazmış Vətən
övladları heç zaman
unudulmayacaq.
"Azərinşaat" MMC-nin əməkdaşı
Fəxrəddin Novruzovun fikirləri də maraqlı idi:
- Şəhidlər xiyabanını ziyarət etmək üçün atam Həmid, anam Minayə ilə ulu Gəncə torpağından gəlmişik. Qanlı Yanvarın dəhşətləri sinəmizə sağalmaz yaralar vursa da, bu gün bu müqəddəs məkana qəhərlə deyil, qürur və iftixar hissi ilə gəlmişik. Müqəddəslərimizin ruhları qarşısında borcumuzu torpaqlarımızı düşməndən azad etməklə yerinə yetirmiş olarıq. Bu borc təkcə onlar kimi, Vətən, torpaq uğrunda şəhid olmaqdan ibarət deyil. Artıq dövlətimizin müstəqilliyinin bərpasından 20 il ötüb. Bu illər ərzində dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrətinin artması bir daha göstərir ki, biz milli azadlıq uğrunda mübarizələrdən mətin keçməklə yanaşı, onu göz bəbəyi kimi saxlamağı da bacaran xalqıq. Hər birimiz öz əməli fəaliyyətimizlə müstəqilliyimizin daimiliyi və əbədiliyinə töhfəmizi verə bilərik. Bəli, Qarabağ və ona bitişik digər işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizədə də, lazım gələrsə şəhid olmağı bacaracağıq. Bizim xalq buna qadirdir. Sülhpərvər xalq olmağımızla yanaşı, düşmənə nifrətimiz də qədərincədir.
Rəsmiyyə
RZALI,
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 21 yanvar.- S. 3.