Tariximizin qəhrəmanlıq səhifəsi

 

Hər il 20 Yanvar - Ümumxalq Hüzn Günü ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yad olunur, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı ümumxalq ziyarətgahına çevrilir.

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmişdir.

Ali Məclisin Sədri Şəhidlər xiyabanındakı "Ana abidəsi"nin önünə əklil qoyaraq ehtiramını bildirmişdir.

Sonra Naxçıvan Qarnizonunun hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənmişdir.

Ali Məclisin Sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını ziyarət etmiş, 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə tər güllər qoymuş, xatirəsinə ehtiramını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və mərkəzi təşkilatların, bankların, səhmdar cəmiyyətlərin, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və onun yerli təşkilatlarının, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri və ictimaiyyətin nümayəndələri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.

Saat 12:00-da Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 21 yanvar.- S.  3.