Ağdamda anma mərasimi keçirilmişdir

 

Yanvarın 20-də Ağdam rayonunun girişində yeni inşa olunmuş Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilmişdir.

Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüşlər.

Sonra Quzanlı qəsəbəsindəki mədəniyyət evində Ağdam Dram Teatrının ifasında "O kənd bizim kəndimizdir" tamaşası göstərilmişdir.

Həmin gün Quzanlı qəsəbəsində rayon icra hakimiyyəti tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ehsan süfrəsi açılmışdır. Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli və başqaları çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda və Azərbaycanın digər rayonlarında törətdikləri qanlı cinayətdən danışmışlar. Qeyd edilmişdir ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmış, Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-21 yanvar.- S.  3.