Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi xarici ölkələrdə ehtiramla yad edilmişdir

 

Təbriz

 

20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunda anma mərasimi keçirilmişdir. Mərasimdə Türkiyənin Təbrizdəki Baş konsulluğunun kollektivi, şəhər ictimaiyyətinin təmsilçiləri, yerli mətbuat nümayəndələri iştirak etmişlər. Əvvəlcə 20 Yanvar hadisələri zamanı lentə alınmış videokadrlardan hazırlanmış sənədli film nümayiş etdirilmiş, iştirakçılara hadisənin təfərrüatları barədə əyani vəsaitlər paylanılmışdır.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra mərasimi giriş sözü ilə açan baş konsul Əli Əlizadə 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və ağır mənəvi, psixolojisosial nəticələri barədə ətraflı məlumat vermişdir. Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən Ə.Əlizadə bildirmişdir ki, faciənin törədilməsindən əsas məqsəd Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olmuşdur. O vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etmişregionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Uzun illər bu hadisəyə siyasi qiymət verilməmiş, bəzi maraqlı qüvvələr bu qanlı cinayətin unudulmasına çalışmışlar. Lakin ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır.

Azərbaycan xalqına, 20 Yanvar faciəsinin günahsız qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verən Türkiyənin Təbrizdəki baş konsulu Yunus Belet bildirmişdir ki, Vətən və torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsini fəth edib öz xalqının qəlbində əbədi yaşayırlar. 20 Yanvar Azərbaycan xalqı üçün qanlı faciə olmaqla bərabər, müstəqillik uğrunda mübarizə tarixinin şərəfli salnaməsidir.

Mərasim keçirilən salonda 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotostend qurulmuş, Azərbaycana qarşı erməni təcavüzünün tarixi ilə bağlı kitablar sərgilənmişdir.

Sonda ehsan süfrəsi açılmışdır.

 

Səudiyyə Ərəbistanı

 

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. Səfirlikdən bildirmişlər ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan müşavir R.Vəliyev qanlı Yanvar faciəsi, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş həmvətənlərimizin fədakarlığı barədə iştirakçılara məlumat vermişdir. R.Vəliyev dinc əhaliyə qadağan olmuş silahlardan atəş açıldığını, faciə zamanı həlak olanyaralananlar arasında azyaşlı uşaqların və qadınların da olduğunu bildirmişdir. Qanlı hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu aksiyanı qəti pislədiyini, günahkarların dərhal cəzalandırılmasını tələb etdiyini qeyd etmişdir.

R.Vəliyev Prezident İlham Əliyevin ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəslədiyini vurğulamışdır. Müşavir 20 Yanvar faciəsində həlak olanların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını daha da artırmaq məqsədilə müvafiq təqaüdlərin ayrılmasından danışmışdır.

Digər çıxış edənlər də bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan qanlı Yanvar faciəsinin qəhrəmanlıq və şəhidlik zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunduğunu bildirmişlər. 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü kimi daxil olduğu qeyd edilmişdir. Natiqlər faciə qurbanlarının xatirəsinin daim əziz tutulacağını vurğulamışlar.

Tədbirin iştirakçıları səfirlikdə 20 Yanvar faciəni əks etdirən materiallardan ibarət guşə ilə də tanış olmuşlar.

 

Qars

 

Azərbaycanın Qarsdakı Baş konsulluğunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə Qars valisinin müavini Karahan Daştan, bələdiyyə sədri Nevzat Bozkuş, diplomatlar, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov xalqımızın müstəqillik uğrunda mübarizəsi, bu yolda verdiyi qurbanlar, qanlı Yanvar faciəsinin səbəblərindən ətraflı bəhs etmişdir. Diplomat vurğulamışdır ki, torpaqlarımızın ermənilər tərəfindən təcavüzünə qarşı etiraz edən dinc insanlara qarşı o zamanlar Sovet İttifaqına başçılıq edən Mixail Qorbaçovun göstərişi ilə 60 minlik ordu yeridilmiş, Bakıda 137 dinc insan amansızcasına qətlə yetirilmiş, 700 nəfər yaralanmışdır. Xalqımız üçün bu ağır günlərdə ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu vandalizmə qarşı qəti etirazını bildirmişdir.      

Sonra mərasim iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə tamaşa etmişlər.

 

Mərakeş

 

Yanvarın 19-da Azərbaycanın  Mərakeşdəki səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır. Səfirlikdən bildirmişlər ki, mərasimdə Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmiləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Sabir Ağabəyov mərasimdə çıxış edərək xalqımızın azadlıq mübarizəsi tarixi, müstəqillik yolundakı çətinliklərindən danışmış, keçmiş sovet ordusu tərəfindən dinc sakinlərə qarşı törədilmiş bu qanlı qırğın barədə məlumat vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayan diplomat 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd etmişdir.

Tədbirdə 20 Yanvar faciəsi qurbanlarının dəfn mərasimində şəxsən iştirak etmiş Mərakeş vətəndaşı, hazırda Krallığın Məhəmmədiyyə şəhərindəki II Həsən Universitetinin doktoru Məhəmməd Malamani də çıxış etmiş, faciə ilə bağlı xatirələrini bölüşmüşdür. O, həmin vaxt Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil aldığını və azərbaycanlı tələbə dostları ilə birlikdə çətinliklə də olsa, Bakı şəhərinə gəldiyini qeyd etmişdir. Mərakeşli alim 20 Yanvar şəhidlərinin dəfn mərasimindən çəkdiyi fotoşəkilləri iştirakçılara nümayiş etdirmişdir. M.Malamani həmin şəkillərin bəzilərinin

"Çernıy ənvarğ Baku-1990" kitabında yer aldığını da diqqətə çatdırmışdır.

20 Yanvar faciəsini əks etdirən fotoşəkillər və bu qanlı hadisələrə aid videomateriallar iştirakçıların böyük marağına səbəb olmuşdur.

20 Yanvar faciəsinə dair səfirlik tərəfindən hazırlanmış materiallar Mərakeş Krallığının Xarici İşlər Nazirliyinə, bu ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilmişdir.

 

Küveyt

 

Yanvarın 19-da Azərbaycanın Küveytdəki səfirliyində 1990-cı il qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir.

Azərbaycanın Küveytdəki səfirliyindən bildirmişlər ki, tədbirə Küveytdə yaşayan həmvətənlərimiz, "Vətənsevər" Dostluq Cəmiyyətinin nümayəndələri, həmçinin ölkənin tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar.

Tədbirdə 22 il bundan əvvəl keçmiş SSRİ ordusunun Azərbaycana daxil olaraq mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığı, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdikləri bildirilmiş, həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunmasına baxmayaraq, bu təcavüzün Azərbaycan xalqının azadlıq hərəkatını və iradəsini qıra bilmədiyi xüsusi vurğulanmışdır. Ulu öndər Heydər Əliyevin bu qanlı hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqının qəzəb və etirazını açıq şəkildə bütün dünyaya bəyan etməsi xüsusilə qeyd edilmiş, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin də məhz ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə verildiyi bildirilmişdir.

Tədbir iştirakçıları səfirlikdə nümayiş etdirilən 20 Yanvar fotosərgisi ilə tanış olmuş, qanlı faciə barədə çəkilən sənədli filmə baxmışlar.

Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə ərəb dilində dərc edilmiş "20.01.1990 - Azərbaycanda qanlı yanvar faciəsi" adlı jurnal və ərəb dilində 20 Yanvar faciəsinə həsr olunan sənədli filmin DVD-si tədbir iştirakçılarına təqdim olunmuşdur.

Eyni zamanda, 1990-cı il qanlı Yanvar faciəsi Küveyt KİV-lərində geniş şəkildə işıqlandırılmış, hadisə ilə bağlı müfəssəl məqalə çoxsaylı oxucu kütləsinə malik "Əl-Vasat" qəzetində dərc edilmişdir.

 

Gürcüstan

 

Yanvarın 19-da Gürcüstanda 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbirlər davam etdirilmişdir. Həmin gün Bolnisi rayonu Faxralı kəndinin sakini, 20 Yanvar şəhidi İlqar Əhmədovun məzarı ziyarət olunmuşdur.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və səfirliyin əməkdaşları məzarın üstünə əklil qoyduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra İ.Əhmədovun ailəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılmışdır.

Marneulidə azərbaycanlıların mədəniyyət mərkəzində Yanvar faciəsi ilə bağlı tədbiri mərkəzin rəhbəri Fazil Həsənov açmış və ötən əsrin sonlarında imperiyanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər barədə danışmışdır. İştirakçılara şəhid Ülvi Bünyadzadənin Azərbaycan və gürcü dillərində işıq üzü görmüş "Ömür yolu" kitabı paylanmışdır. 20 Yanvar şəhidi 20 yaşlı Ülvinin andı, sabaha baxışı barədə söhbət açılmış, bunların müasir gənclik üçün nümunə olduğu vurğulanmışdır.

F.Həsənov həm Azərbaycanda, həm də Gürcüstanda ciddi müqavimətlə rastlaşan milli-azadlıq hərəkatının ağır itkilər versə də, qalib gəldiyini qeyd etmişdir.

Tarix müəllimi Nərgiz Nəbiyeva, şair Osman Əhmədoğlu və başqaları 20 Yanvar faciəsinin xalqımızın şüurunda dönüş yaratdığını, tariximizin dəyərli səhifəsi olduğunu vurğulamışlar.

Sonra mərasim azərbaycanlıların yığcam məskunlaşdığı daha bir bölgədə - Kaxetinin Qaraçöp mahalında davam etdirilmişdir. Mərasim Qaraçöpdəki məşhur memar Zahid Hüseynovun 20 Yanvar Bakı və 9 Aprel Tbilisi şəhidlərinin abidəsinin ziyarəti ilə başlamışdır. Səfir Azər Hüseyn abidə önünə gül dəstəsi qoymuşdur. Sonra səfir yerli əhali ilə söhbət etmiş, onların problemləriylə maraqlanmışdır. Səmimi söhbət bu bölgədən olan şəhid Ələsgər Qayıbovun  ailəsində davam etdirilmişdir. Hər yerdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna Qurani-Kərimdən dualar oxunmuşdur.

 

Çin

 

Yanvarın 19-da Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Türkiyənin, ABŞ-ın, Qazaxıstanın, Ukraynanın, Gürcüstanın, Belarusun, Tacikistanın, Macarıstanın Pekindəki səfirliklərinin təmsilçilərinin, bu ölkədə yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov mərasimdə çıxış edərək demişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Düz 22 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 22 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

Diplomat demişdir ki, bədnam M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Sonrakı illərdə 20 Yanvar faciəsini törədənlər, bu qanlı cinayətin baş verməsində günahkar olanlar cəzalandırılmamış, hadisəyə hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır.

Mərasimdə çıxış edən Gürcüstanın ÇXR-dəki səfiri Mamuka Qamkrelidze, Qazaxıstanın bu ölkədəki səfirliyinin müşavir-elçisi Bağdad Seyidbattalov və digərləri vurğulamışlar ki, keçmiş sovet hərb maşınının Azərbaycanda, eləcə də Tbilisidə, Almatıda və digər şəhərlərdə törətdiyi qanlı cinayətlər mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Bu hadisələr müstəqillik uğrunda mübarizəyə qalxmış xalqların iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi.

Sonda qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunmuşdur.

 

Pakistan

 

Pakistanın Preston Universitetində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş "20 Yanvar - Azərbaycan tarixinin dönüş nöqtəsi" adlı seminar keçirilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, tədbirdə bu ölkənin Preston, Müasir Dillər, Milli Müdafiə, Qaide Azam, ZAB  universitetlərinin, Diplomatik Akademiyasının professor-müəllim heyəti, ehtiyatda olan yüksək rütbəli zabitlər, Pakistanda akkreditə olunmuş diplomatlar, ölkənin tanınmış ictimai-siyasi xadimləri və KİV nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov tədbir iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciə barədə geniş məlumat vermiş, keçmiş Sovet İttifaqında cərəyan edən hadisələrdən danışmışdır. Diplomat o dövrdə erməni millətçilərinin yaranmış vəziyyətdən sui-istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirmək kimi məkrli istəklərini həyata keçirtmək üçün keçmiş sovet rəhbərliyindən dəstək aldıqlarını bildirmişdir. Azərbaycan xalqının isə buna etiraz əlaməti olaraq ayağa qalxdığını, dinc mitinqlərə başladığını diqqətə çatdırmışdır.

Səfir həmin gün xalqımızın böyük faciə ilə üzləşsə də Vətənə olan sədaqətini, müstəqillik uğrunda mübarizəsini bütün dünyaya sübut etdiyini vurğulamışdır. O, hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyevin təzyiq və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu faciəni törədənləri qətiyyətlə pislədiyini, günahkarların dərhal cəzalandırılmasını tələb etdiyini bildirmişdir.

Tədbirdə çıxış edən Preston Universitetinin rektoru Abdul Basit "Human Rights Watch" təşkilatının qeydlərini sitat gətirərək keçmiş sovet rəhbərliyinin bu qırğınını törətməklə bütün SSRİ-dəki milli azadlıq hərəkatlarına dərs vermək niyyətində olduğunu bildirmişdir. O,  silahsız insanlara atəş açılmasının keçmiş SSRİ-nin və Azərbaycan SSR-in  konstitusiyaları və insan hüquqları haqqında beynəlxalq paktın  müddəaları ilə ziddiyyət təşkil etdiyini vurğulamışdır. Pakistanlı rektor Azərbaycan xalqının mübarizliyinin digər xalqların da müstəqillik əldə etməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir.

Müasir Dillər Universitetinin professoru, səfir Amir A.Şadanikeçmiş sovet rəhbərliyinin 20 Yanvar faciəsini törətməklə xalqımızın azadlıq arzusunu boğmağa çalışdığını, amma buna nail ola bilmədiyini vurğulamışdır. A.A.Şadani Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 300 minə yaxın azərbaycanlının bu ölkədən zorla sürgün edildiyini bildirmişdir. Səfir Şadani bu aksiyanı dövlət terrorizmi adlandırmış və məhz bu faciənin geriyə dönüşü olmayan proseslərin başlanğıcı kimi qiymətləndirmişdir. O bu dəhşətli hadisənin təkcə Azərbaycanda deyil, bütün keçmiş sovet xalqları arasında mərkəzi hakimiyyətə olan etibarın tamamilə itirilməsinə və dövlətin süqutuna təkan verən əsas amil olduğunu vurğulamışdır.

Pakistan Milli Müdafiə Universitetinin professoru Seyful Rahman Malik həmin gecə AzTV-nin enerji blokunun partladılması nəticəsində insanların informasiyadan təcrid olunduqlarını, fövqəladə vəziyyətin ordunun atəş açmasından 7 saat sonra elan edildiyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır. O, əməliyyatın əsl məqsədinin müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək olduğunu bildirmişdir. S.R.Malik 20 Yanvar faciəsini törədən keçmiş sovet rəhbərliyinin ölkəmizin müstəqilliyinə mane ola bilmədiyini, bu gün çiçəklənən və sürətlə inkişaf edən Azərbaycanın bir çox dünya ölkələrinə nümunə olduğunu vurğulamışdır.

Milli Müasir Dillər Universitetinin professoru Zülfüqar Qureyşibu faciəli, amma şərəfli gecənin Azərbaycanın müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu bildirmişdir. O, komendant saatına baxmayaraq, şəhidlərin dəfn mərasiminə bir milyondan çox insanın qatıldığını, bu qanunsuz aksiyaya etiraz əlaməti olaraq bütün xalqımızın 40 gün ərzində keçmiş SSRİ rəhbərliyinə itaətsizlik göstərdiyini vurğulamışdır. Professor Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsi faktını xalqımızın apardığı mübarizənin məntiqi yekunu kimi qiymətləndirmişdir.

Tədbirdə  çıxış edən Pakistanın Asiya Sivilizasiyaları Cəmiyyətinin həmsədri, professor Firdavs Alamvitse-prezidenti Mute-ur-Rehman Mirzə konkret faktlarla keçmiş sovet ordusunun Bakıda törətdikləri vəhşiliklərdən danışmış, xalqımızın qəhrəmanlıq şücaətindən söz açmışlar.

Seminarda nümayiş etdirilən 20 Yanvar faciəsinə dair qısametrajlı film tədbir iştirakçılarında dərin təəssürat oyatmışdır.

Pakistanın nüfuzlu "Pakistan Observer" qəzetinin 18 yanvar nömrəsində səfir D.Şikarovun 20 Yanvar faciəsi ilə bağlı məqaləsi də dərc olunmuşdur. Məqalədə xalqımıza qarşı törədilmiş bu faciənin mahiyyəti ətraflı izah olunmuş, hadisənin tariximizin faciəli, eyni zamanda, şərəfli səhifəsi olduğu oxucuların diqqətinə çatdırılmışdır.

20 Yanvar faciəsi ilə əlaqədar Pakistanın Preston Universitetində keçirilən seminar Pakistan Dövlət Televiziyasında (PTV), "TV-TÜRK", "Nawai Vakt" televiziya kanallarında nümayiş etdirilmişdir.

Tədbir "The News", "Daily Metro Watch" qəzetləri, həmçinin "Pakedu", "Pakmed" informasiya agentlikləri tərəfindən də işıqlandırılmışdır.

 

Berlin

 

Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAƏM) 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş "Qalaya dönən vətən" adlı anma mərasimi keçirilmişdir.

Ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin qonağı Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor və rəssam, "Qala" filminin yaradıcısı Şamil Nəcəfzadə olmuşdur.

AAƏM-in icraçı direktoru Samira Patzer-İsmailova vurğulamışdır ki, 20 Yanvar hadisələri həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndirilir. O qanlı gecədə düşmən gülləsinə tuş gələn Vətən övladları öz ölümsüzlükləri ilə şəhidlik zirvəsinə ucalmışlar.

Azərbaycan səfirliyinin əməkdaşı Fikrət Axundov 20 Yanvar gününün Azərbaycan xalqının xatirəsində "Qara Yanvar" kimi qaldığını qeyd etmişdir. O, 1990-cı il yanvarın 20-də qətlə yetirilən insanların xatirəsi qarşısında hər bir azərbaycanlının baş əydiyini bildirmişdir.

"Qala" filminin rejissoru Ş.Nəcəfzadə ekran əsərinin məzmunu haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, o, əsasən "reallığın incəsənətdə təsviri və əksinə" ideyasından çıxış edərək bu filmi çəkməyə qərar vermişdir. Bir çox beynəlxalq kinofestivallarda nümayiş etdirilən "Qala" filmi bizim yaşadığımız tarixlə bağlıdır, amma eyni zamanda, bu, hansısa konkret bir dövrə aid deyil. Rejissor bildirmişdir ki, filmin bədii forması rəvayət, hekayə janrına yaxın olduğuna görə burada birbaşa konkret məkan, zaman, faktlar verilmir.

İngilis dilində subtitrlərlə müşayiət olunan "Qala" filminin nümayişindən sonra ekran əsəri ətrafında fikir mübadiləsi aparılmış, rejissor Ş.Nəcəfzadə qonaqların suallarını cavablandırmışdır.

Bundan əlavə, Ş.Nəcəfzadə Azərbaycanda kino mədəniyyəti və ənənəsi, hazırda mövcud olan kino məktəbi haqqında məlumat vermişdir. Kino sənayesinin Azərbaycanda inkişafından danışan rejissor bu sahədə dövlətin və Heydər Əliyev adına Mədəniyyət Fondunun dəstəyini xüsusi vurğulamışdır.

İştirakçılara AAƏM tərəfindən hazırlanmış 20 Yanvar faciəsinə dair  xüsusi məlumatlandırıcı vərəqələr paylanmışdır.

Tədbirdə AAƏM-in digər əməkdaşları, alman ictimaiyyətinin və incəsənət nümayəndələri, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin üzvləri, tələbə və doktorantlar iştirak etmişlər.

 

Serbiya

 

 Yanvarın 20-də Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Səfirlikdən bildirmişlər ki, tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, KİV və müsəlman icmasının nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuş, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Çıxış edənlər faciə zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlatmış, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əminlik ifadə etmişlər.

Tədbirdə 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi, öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılmışdır. Natiqlər konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışmışlar. Qeyd edilmişdir ki, faciə zamanı 130-dan artıq insan qətlə yetirilmiş və 700-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulanmış, faciəyə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymətin verildiyi bildirilmişdir.

Sonra mərasim iştirakçıları "Azadlığa aparan yol" sənədli filminə baxmışlar.

Səfirlik tərəfindən hazırlanmış 20 Yanvar faciəsinin səbəb və nəticələrini özündə əks etdirən mətbuat üçün məlumat xarici ölkələrin Belqraddakı səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatlarına göndərilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 21 yanvar.- S.  6.