Xalq qəhrəmanı Sultan bəy
Azərbaycan Texniki Universiteti "Tarix" kafedrasının müdiri, tarix elmləri doktoru, "Tərəqqi" medallı, 210-dan çox elmi-publisistik məqalənin və üç iri həcmli monoqrafiyanın müəllifi Şikar Qasımovun "Xalq qəhrəmanı Sultan bəy" adlı yeni kitabı "Elm" nəşriyyatı tərəfindən çapdan çıxmışdır. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, rəyçiləri isə tarix elmləri doktoru, professor Fəzail İbrahimli, tarix elmləri doktoru, professor Anar İsgəndərov və tarix elmləri doktoru Vəkil Həsənovdur. Bu kitabda Azərbaycanın bir parçası olan Zəngəzur qəzasının Laçın bölgəsinin tarixi keçmişi, mənfur ermənilərə qarşı apardığı mübarizəyə görə el içərisində Xalq qəhrəmanı səviyyəsinə yüksəlmiş Sultan bəy və torpaqlarımızın azadlığı, Azərbaycanın müstəqilliyi yolunda göstərdiyi fəaliyyəti ilə heç də ondan geri qalmayan qardaşı Xosrov bəy Sultanovun qəhrəmanlıqları araşdırılıb.
Azərbaycan xalqının başına ermənilər tərəfindən gətirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və soyqırımı siyasəti barəsində yalnız ötən əsrin səksəninci illərinin sonundan və doxsanıncı illərinin əvvəllərindən başlayaraq açıqlamalar verilməyə başlanmışdır. Yəqin ki, belə bir uzun fasilə zamanı tariximizin bu səhifəsindən məlumat olmamasında hamının, xüsusilə humanitar fikrin də öz günahı vardır. Biz son illər ictimai elmlərdən ürək yanğısı ilə danışırıq. Bu təsadüfi deyil: unutqanlığın ictimai elmlərə vurduğu zərbə daha dərin və çoxşaxəli olmuşdur.
Etiraf etmək olar ki, bu yaxın illərə qədər erməni quldurlarının xalqımıza qarşı törətdikləri faciələr barədə daha çox fakt, sənəd, həqiqət bilməyə cəhd etdiyimiz halda, ən yaxın tariximiz olan XX əsrin əvvəlləri və Xalq Cümhuriyyəti illərində olmuş erməni vəhşilikləri barədə özümüzə və dünyaya çatdıra biləcəyimiz səviyyədə təbliğat maşını yaratmamışıq. Məmləkətimizin bütövlüyünün qorunmasında, erməni qırğınlarının qarşısının alınmasında misilsiz xidmətlər göstərərək xalq qəhrəmanı səviyyəsinə yüksəlmiş igid oğullarımız barəsində qədərincə yazıb, onları xalqa tanıtmamışıq. Ona görə də Azərbaycanın siyasi müstəqillikdən məhrum olduğu tarixi dövrlərinin obyektiv şəkildə araşdırılmasına bu gün xüsusilə böyük ehtiyac var. Çünki, dövlət müstəqilliyi olmayan xalqın mədəni dəyərləri əsasən daha çox talanır, tarixi saxtalaşdırmalara məruz qalır, qəhrəmanları isə üzə çıxarılmır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tariximizin bütün dövrlərinin obyektiv şəkildə öyrənilməsinə başlanılmışdır. Şükürlər olsun ki, müstəqillik illərində bir daha yəqin edilmişdir ki, ictimai elmlər qarşısında yaddaşları təmizləməkdən daha vacib məqsəd dayanmır. 70 illik yasaqdan və təhrikdən sonra indi aşkarlıq işığında aparılan tədqiqatlar və araşdırmalar nəticəsində aydın olmuşdur ki, tarixə və soykökə bağlılıq, yaxın milli tariximizin öyrənilməmiş səhifələrinin araşdırılması indi daha mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan tarix elmləri doktoru Şikar Qasımovun "Xalq qəhrəmanı Sultan bəy" mövzusuna müraciət etməsini və dəyərli bir kitab yazmasını olduqca təqdirəlayiq hal kimi qiymətləndirmək olar.
Ulu öndər Heydər Əliyevin elm adamlarına, xüsusilə tarixçilərə tövsiyə olaraq ünvanladığı "Tariximizi qaralamamalıyıq. Biz tariximizin qara tərəfini də, ağ tərəfini də göstərməliyik, faciəni də, nailiyyəti də, uğurları da göstərməliyik" sözlərini əsas götürən müəllif olduqca zəruri və aktual bir mövzu üzərində işləmişdir.
Kitabın ilk səhifəsində Xalq Cümhuriyyəti dövrünə qədər Azərbaycanın ərazisinin bütöv şəkildə verilmiş xəritəsi, ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin Laçına dair söylədikləri fikirlər əsərin dəyərini xüsusilə artırır. Görülən işlər içərisində diqqəti cəlb edənlərdən ən əsası, nəticə hissəsinin üç dildə - Azərbaycan, rus və ingilis dillərində verilməsidir. Kitabın I fəsli xalq qəhrəmanı Sultan bəyin doğulub boya-başa çatdığı kəndi, hər dərəsi uğrunda qəhrəmanlıqlar göstərdiyi Laçın bölgəsi və onun tarixi haqqında söz açmaqla başlayır. Göstərilir ki, Zəngəzur və o cümlədən onun Laçın bölgəsi qədim insan yaşayış məskənlərindən biri olmuşdur. Burada məskən salmış türk soylarının və albanların izləri son illərə kimi erməni vəhşiliklərinə qədər, qayaüstü təsvirlərdə, qəbirlərdə, kənd adlarında və qədim tarixi abidələrdə qalmaqda idi. Laçın ərazisində əvvəllər ermənilərin yaşamaması bir daha sübut edir ki, bu ərazilərdə onların əcdadları olmamışdır. Ancaq ermənilər Alban məbədlərindəki yazıları özününküləşdirmiş və həyasızcasına bu ərazilərin də guya onlara məxsus olduğunu iddia etmişlər.
Bu gün Zəngəzur qəzasının Laçın bölgəsində özünü qoruyub saxlayan, bu günümüzü qədimlərə bağlayan yaşayış məskənləri, yeraltı, yerüstü sərvətlər, qədim tarixi abidələr bir daha sübut edir ki, bu yerlər Azərbaycanın ən qədim yaşayış məskəni olmuşdur.
Kitabı oxuduqdan sonra bu qənaətə gəldim ki, əsərin ən böyük uğuru ondadır ki, Ş.Qasımov XX əsrin əvvəllərindən başlamış-1905-1907, 1914-1915, 1918-1920-ci və sonrakı illərdəki erməni vəhşiliklərini ardıcıllıqla, həm də vətən sevgisi ilə təsvir etmişdir. Müəllif ermənilərin Zəngəzur bölgəsində törətdikləri qətliamları və talanları konkret faktlar əsasında şərh etmiş, ermənilərin məkrli niyyətlərini açıqlaya bilmişdir.
Kitabın üstün cəhətlərindən biri də odur ki, Sultan bəyin doğulub boya-başa çatdığı yurdun dünəni və bu günü, onun çoxsaylı tarixi abidələri təhlil edilərək, şərhi verilir. Kitabda xalq qəhrəmanı, Laçının igid oğlu Sultan bəyin səcərəsi verilir. İlk dəfə olaraq Paşa bəyin ailə siyahısı, Sultan bəyin mal və mülkünün siyahısı verilmişdir. Kitabın dəyərini artıran səbəblərdən biri də arxiv sənədlərinin surətləri, Sultan bəyin ailəsinin fotoşəkilləri və başqa nadir sənədlərin surətlərinin verilməsidir. Göstərilir ki, hələ XX əsrin əvvəllərində Zəngəzur qəzasının Hacısamlı nahiyyəsində yaşayan Paşa bəy öz oğlanları ilə birlikdə erməni hücumlarının qarşısının alınmasında xüsusilə fərqlənmiş, ermənilərin Laçına daxil olmasına imkan verməmişdir. Əsərdə ilk dəfə olaraq ümumiləşmiş şəkildə Sultan bəyin xarakterik cizgiləri verilmiş, onun erməni hücumunun qarşısının alınmasında göstərdiyi mübarizə tarixi ardıcıllıqla işıqlandırılmışdır.
Kitabın II fəsli Sultan bəyin erməni təcavüzünə qarşı mübarizəsinə həsr olun-muşdur. Bir vacib cəhəti qeyd etmək yerinə düşər ki, müəllif XX əsrin əvvəllərində olmuş erməni vəhşiliklərini, 1905-ci il Şuşa faciəsini, xüsusilə daşnak Andranik haqqında bilgiləri, onun Zəngəzurda törətdiyi vəhşilikləri ətraflı açıb göstərə bilmişdir. Andranikin quldur dəstəsinə qarşı Laçın igidlərinin Sultan bəyin rəhbərliyi altında göstərdikləri fədakarlıqlar xüsusilə maraq doğurur.
Sultan bəyin xidmətlərini təkcə 1918-1919-cu il Zəngəzur hadisələri ilə məhdudlaşdırmaq olmaz. Buna qədər də o, müxtəlif illərdə Azərbaycanın ayrı-ayrı şəhər və kəndlərinin əhalisinin müdafiəsində əvəzsiz xidmətlər göstərmişdir.
Kitabda Azərbaycan xalqının ən çətin günlərində qardaş türk xalqının və qəhrəman türk ordusunun göstərdiyi maddi, mənəvi və hərbi köməyin böyük əhəmiyyəti olduğu da öz yerini tapmışdır. Türk sərkərdələri, general-leytenant Xəlil paşanın, Nuru paşanın, Kazım Qarabəkir paşanın və başqalarının, minlərlə Azərbaycan və türk oğullarının qanı bahasına Bakını, Naxçıvanı, Gəncəni, Zəngəzuru, Qarabağı, bütövlükdə Azərbaycanı və Türkiyəni erməni işğalçılarından, kütləvi qətllərdən, talanlardan qoruduqları, əbədi fəxr edəcəyimiz bir tarix yazdıqları qürurla işıqlandırılmışdır.
Əsərin dəyərini artıran digər cəhətlərdən biri də ondan ibarətdir ki, Ş.Qasımov Sultan bəyin qardaşı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Zəngəzur və Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun fəaliyyətini III fəsildə ayrıca olaraq obyektiv şəkildə təhlil etmiş, onun misilsiz xidmətlərini göstərmişdir.
Kitabda ilk dəfə olaraq Gəncə hərbi məktəbində Xosrov bəyin səyi ilə Zəngəzur (Laçın) şöbəsinin açılması, 1919-cu ildə 32 nəfərin burada müdavim olması və onların müxtəlif hərbi hissələrə göndərilmələri, münaqişə ilə bağlı Tiflis razılıq müqaviləsini, Şuşa qırğınını, Tex döyüşü və nəticələrini konkret faktlarla və arxiv materiallarına istinadən açıqlanmasını müəllifin uğuru hesab etmək olar.
Kitabda özünə yer tutan əsas müddəalardan biri də uğrunda mübarizə apardığı torpağın Sultan bəyi qoruya bilməməsidir. Əsərin IV fəslində bu məsələyə geniş yer verilmiş, Sultan bəyin son taleyi, qohumlarının və silahdaşlarının faciəsi araşdırılmışdır.
Kitabın V fəsli Sultan bəy yurduna Heydər Əliyev qayğısı adlanır. Fikrimizcə, bu fəsil maraqlı olmaqla yanaşı, onu müasirləşdirmişdir. Oxucu ulu öndərin hələ ötən əsrin 70-ci illərində Laçına olan qayğısını bir daha nəzərdən keçirir və olunanlarla fəxr edir. Bu fəsil həm də Laçının işğaldan sonrakı günlərinin necə olacağı, camaatın Laçına qayıtmaq əzminin yüksək olması və ölkə Prezidenti İlham Əliyevin laçınlılara qayğısı ilə qurtarır.
Ş.Qasımovun "Xalq qəhrəmanı Sultan bəy" kitabını oxuduqdan sonra bu qənaətə gəlmək olar ki, Sultan bəy kimi igidləri olmuş vətən torpağı düşmən tapdağında qalmamalıdır. İnanırıq ki, bu kitab gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmalarına bir nümunə və torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hər an hazır olmağa bir çağırış olacaqdır.
Tamilla MUSAYEVA,
tarix elmləri doktoru,
professor,
Dövlət mükafatı laureatı,
əməkdar elm xadimi
Azərbaycan.- 2012.- 20 yanvar.- S. 7.