«20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir» mövzusunda rəsm müsabiqəsinə yekun vurulmuşdur

 

Yanvarın 19-dan Abşeron Rəsm Qalereyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilmiş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

AzərTAc xəbər verir ki, Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş müsabiqədə ümumilikdə 70-dən çox rəsm əsəri nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Abşeron Rəsm Qalereyasının müdiri Eldəniz İbrahimov və başqaları 20 Yanvar faciəsinin dəhşətlərindən və xalqımızın azadlıq mücadiləsindən danışmışlar.

Bildirilmişdir ki, tədbirin əsas məqsədi 20 Yanvar faciəsinin növbəti ildönümünü yad etməklə yanaşı, böyüməkdə olan nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, onlar arasında Azərbaycan tarixinin təbliği və istedadlı gənclərin rəsm sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün münbit şəraitin yaradılmasından ibarətdir.

Müsabiqədə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuş və fərqlənmiş məktəblilərə diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 21 yanvar.- S.  8.