Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə və Goranboy rayonuna səfəri

 

Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncə şəhərinə gəlmişdir.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Sonra Azərbaycan Prezidentinə Gəncə şəhərinin baş meydanında görülən işlər barədə məlumat verildi.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, son illər regionların inkişafı istiqamətində görülən işlər Gəncədə şəhər infrastrukturunun yenilənməsi, sosial və istehsal təyinatlı yeni müəssisələrin işə düşməsi ilə müşayiət olunmuşdur. Gəncənin inkişaf proqramı işlənib hazırlanmışdır və bu proqram hazırda uğurla icra edilir.

Prezident İlham Əliyevin dəfələrlə Gəncəyə etdiyi səfərlər şəhərin həyatında mühüm dəyişikliklərin əldə olunması ilə yadda qalmışdır. Dövlət başçısı Gəncənin müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri də unutmamağı tövsiyə etmişdir. Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun qəbul olunmuşdur. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncənin memarlıq ansamblına şəhərin qədimliyini nəzərə çarpdıran monumentalizm ünsürlərinin əlavə edilməsi qərara alınmışdır. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi-memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-22 yanvar.- S.  1.