Prezident İlham Əliyev
Gəncənin Cavad xan küçəsində aparılan
abadlıq-quruculuq işləri ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncəyə səfəri çərçivəsində Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.
Dövlət başçısı küçənin əvvəlki görüntülərini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, uzunluğu 435 metr olan küçədə yerləşən binaların və digər tikililərin fasadlarında tarixi və müasir memarlıq elementləri vəhdət təşkil edir. Küçədə bərpa edilən binalar əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalardır.
Prezident İlham Əliyev Cavad xan küçəsində Gəncənin mədəniyyət işçiləri ilə görüşdü.
Xalq artisti Şahnaz HAŞIMOVA: Cənab Prezident, xoş gəlmisiniz. Allah Sizə, Mehriban xanıma, ailənizə cansağlığı versin. Gözümüzün kökü saralmışdı ki, filarmoniyamız nə vaxt tikiləcəkdir.
Prezident İlham ƏLİYEV: Artıq başlayıb.
Şahnaz HAŞIMOVA: Ömrünüz uzun olsun. Hamının adından Sizə "sağ olun" deyirəm. Sizin sayənizdə şəhərimiz dəqiqəbədəqiqə inkişaf edir.
Prezident İlham ƏLİYEV: Bəli. Bilirsiniz ki, mən Gəncədə dəfələrlə olmuşam. Gəncəni tanımaq mümkün deyildir. Qısa müddət ərzində Elmar çox yaxşı işlər görüb.
Şahnaz HAŞIMOVA: Sizin sayənizdə. Allah
Sizi qorusun! Ömrünüz uzun olsun!
Tarzən
Fikrət VERDİYEV:
"Göygöl" ansamblı 43 il bundan əvvəl
yaradılıb - ulu öndərin yadigarıdır. O vaxt mənim
22 yaşım var idi. Gəncə filarmoniyası "Göygöl"
ansamblının bazasında yaradılıb. Bu da ulu öndərin
yadigarıdır. Siz isə Gəncənin yeni dövlət filarmoniyasının
təməlini qoyursunuz. Mən bu filarmoniyanın bədii rəhbəriyəm.
Cənab Prezident, yadınızdadırsa, Neft Şirkətində
neftçilər ansamblı yaratmışdıq. Sonra Gəncəyə
qayıtdım, bu şəhərin inkişafını
gördüm və qərara gəldim ki, qalan qüvvəmi Gəncənin
mədəni həyatının inkişafına sərf edim.
Prezident İlham ƏLİYEV: Mən
bilirəm ki, gəncəlilər bu günü gözləyirdilər.
Mən Elmara deyirəm ki, belə getsə, Gəncə
Bakını keçəcəkdir.
Fikrət VERDİYEV: İncəsənət
adamlarına çox böyük ilham vermisiniz. Sizin qayğınız bizi
daha yaxşı çalışmağa, konsert
salonlarında, eləcə də Gəncə
filarmoniyasının səhnəsində daha həvəslə
çıxışlara ruhlandırmışdır.
Prezident İlham ƏLİYEV: Bəli,
Gəncə böyük incəsənət mərkəzinə
çevrilməlidir. Burada beynəlxalq tədbirlər,
festivallar keçiriləcəkdir. Bu, Gəncənin mədəni
həyatı üçün çox böyük əhəmiyyət
kəsb edir. Bu vaxta qədər, yenə də deyirəm,
burada çox iş görülüb. Bu gün böyük
zavod açılır, hərtərəfli inkişaf gedir.
Fikrət VERDİYEV: Hamısı Sizin sayənizdədir.
Prezident İlham ƏLİYEV: Sağ
olun.
***
Cavad xan
küçəsi ilə tanışlığı davam etdirən
Prezident İlham Əliyevə məlumat verildi ki, Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanovlar nəslinin
yaşadığı ev də burada yerləşir. Bundan
başqa, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə
"Azərbaycan" qəzetinin ilk nömrəsinin dərc
olunduğu tarixi mətbəənin binası əvvəlki
görkəminə qaytarılmışdır. AXC-nin
qurucularından olan Xasməmmədov qardaşlarının
yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən
və alman mühəndisi Zingerin yaşadığı ev də
Cavad xan küçəsinin tarixi tikililərindəndir. Qeyd
edildi ki, küçədəki bütün tarixi binaların
üzərinə lövhələr vurulmuşdur.
Dövlət
başçısı Gəncə sakinləri ilə
görüşdü.
SAKİNLƏR: Xoş gəlmisiniz. Cənab
Prezident, Gəncəni gəncəlilərə
qaytardığınız üçün çox minnətdarıq.
Şəhərimizdə əsl mənada inkişaf gedir.
Prezident İlham ƏLİYEV: Çox
şadam ki, Gəncə gözəlləşir.
SAKİN: Özü də keyfiyyətli
inkişafdır. Cənab Prezident, biz gəncəlilər
adından Sizə minnətdarlığımızı
bildiririk.
Prezident İlham ƏLİYEV: Çox
sağ olun. Mən də çox şadam ki, Gəncədə
işlər yaxşı gedir. Gözəl işlər gedir.
SAKİN: Bizim Gəncəmiz gündən-günə
gözəlləşir, abadlaşır.
Gördüyünüz bu küçə çox bərbad
halda idi.
Prezident İlham ƏLİYEV:
Yadımdadır, mən burada olmuşam.
SAKİN: İndi görürsünüz,
doğrudan da, bu küçə əsl kurort şəhərinin
küçəsinə çevrilibdir. Ona görə də
Sizə minnətdarlığımızı bildiririk. Siz
çox gözəl işlər görürsünüz, biz
Sizin daxili və xarici siyasətinizi səmimi qəlbdən bəyənirik,
onu alqışlayırıq və müdafiə edirik. Biz ulu
öndərimizin də, Sizin də yürütdüyünüz
siyasəti dəstəkləmişik. Çox sağ olun, biz
gəncəlilər Sizə minnətdarıq.
***
Aparılan
abadlıq-quruculuq işlərindən sonra sanki muzeyə
çevrilmiş Cavad xan küçəsində kərpic
imitasiyasına xüsusi yer verilmiş, dəmir haşiyələr
və məhəccərlər Gəncə
memarlığına uyğun hazırlanmışdır.
Binaların dam örtükləri də yenidən qurulmuş,
qapılar və darvazalar milli şəbəkə
formasında hazırlanmışdır. Küçəyə
kanalizasiya xətləri çəkilmiş, qaz və su
boruları yerin altına salınmışdır.
Küçə boyu 9 min kvadratmetr sahədə qranit plitələr
döşənmiş, müxtəlif yerlərdə 7 fəvvarə
quraşdırılmışdır. Gələcəkdə
burada xalça, misdöymə, dulusçuluq və digər tətbiqi
sənət nümunələri ilə məşğul olan sənətkarlar
üçün xüsusi emalatxanaların tikilməsi də nəzərdə
tutulur. Küçə boyu milli adət-ənənələri
təsvir edən heykəllər qoyulmuşdur.
Dövlət
başçısı burada Gəncə ziyalıları ilə
də görüşərək dedi:
- Gəncə
gözəlləşir.
ZİYALI: Sizin sərəncamlarınızdan
sonra bizim maddi-mədəni mühitlə bağlı 800-dən
artıq abidəmiz aşkarlanıb. Bu küçəmiz,
buradakı 50-dən artıq bina təmir olunub. Məqsədimiz
Gəncənin maddi-mədəni irsinə aid ensiklopediya
hazırlamaqdır. Çünki bədnam
qonşularımız tarixi abidələrimizi öz
adlarına çıxırlar. Gəncə ziyalıları
Sizə ümid bəsləyir və Sizin arxanızdadır.
Üçtərəfli görüşdə də Sizə
uğurlar diləyirik.
Prezident İlham ƏLİYEV: Sağ
olun.
ZİYALI: Cənab Prezident, icazə verin, bir
neçə kəlmə də mən deyim. Gəncə
respublikamızın ikinci böyük şəhəridir. Bu
şəhərin siması onun statusuna uyğun gəlmirdi.
Çox sağ olun ki, Siz bunu hamıdan qabaq duydunuz. Gəncənin
ən böyük problemlərindən olan su, kanalizasiya,
enerji, qaz sisteminin yenidən qurulmasına dair sərəncam
verdiniz. İndi Gəncəmiz gözəlləşir.
Çox sağ olun ki, Gəncəni gəncəlilərə
yenidən bəxş etdiniz. Çox gözəl şəhərdir,
burada yaşamaq və işləmək çox xoşdur.
Prezident İlham ƏLİYEV:
Düzdür, Gəncə çox qədim, gözəl tarixi
şəhərdir. İndi şəhər qədim
simasını saxlamaqla, yeni müasir yanaşma ilə daha da
gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl
küçələr salınır. Yəni, Gəncə
dünya səviyyəli şəhərə çevrilir.
ZİYALI: Cənab Prezident, Şərqdə
siyasi, Qərbdə iqtisadi böhranın tüğyan etdiyi
bir dövrdə öz iqtisadi inkişaf modeli ilə uğur
qazanan Azərbaycanın bu yüksəlişinə görə
Sizə minnətdarıq və xoşbəxt gələcəyimizi
Sizinlə görürük. Bir daha Sizə "Xoş gəlmisiniz"
deyirik.
Prezident İlham ƏLİYEV: Çox
sağ olun.
ZİYALI: Allah Heydər Əliyevə qəni-qəni rəhmət etsin! O, milli-mənəvi dəyərlərimizin inkişafı üçün çox böyük işlər görmüşdür. Novruz bayramı gələndə camaat ev-eşiyini səliqə-sahmana salır, küçələri təmizləyirdi. İndi Gəncə o qədər gözəlləşib ki, daha nə küçə süpürməyə, ev-eşik təmizləməyə ehtiyac yoxdur. Allah Sizə cansağlığı versin, ziyalılar adından Sizə öz minnətdarlığımızı bildiririk.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
ZİYALI: Bir söz də demək istəyirəm. Uzun illərdir mən bu şəhərdə yaşayıram, bura mənim vətənimdir. Gəncə getdikcə inkişaf edir. Yüz il yaşayın, mərdsiniz, möhkəmsiniz, səbirlisiniz, ailənizə, özünüzə cansağlığı, uzun ömür arzu edirəm. Elmə verdiyiniz qiymətə görə də alimlər adından Sizə təşəkkür edirəm. Akademiyada bizim şöbəmizi yaratdınız, bu da böyük işdir. Neçə illərdir biz ona nail ola bilmirdik. İndi biz Sizin rəhbərliyiniz altında kənd təsərrüfatını inkişaf etdirməliyik. Biz hələ kənd təsərrüfatına borcluyuq. Biz fermerlərə, kənd təsərrüfatında çalışanlara fəal kömək etməliyik. Biz buna hazırıq. Sağ olun, xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Çox sağ olun, mən sizi görülən bütün bu işlər münasibətilə təbrik edirəm. Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilmişdir. Bu diqqət bu gün də vardır. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkışaf gedir.
Mən həmişə deyirəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Belə getsə, Gəncə də ən gözəl şəhər olacaqdır və olmalıdır. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2012.- 22 yanvar.- S. 1.