Prezident İlham Əliyev
«DET AL» Alüminium MMC-nin Gəncə alüminium zavodu
kompleksinin açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etmişdir.
Dövlət başçısı kompleksin maketinə baxdı.
Məlumat verildi ki, "DET AL" alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu, quru qaztəmizləmə, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anod və katod karbon bloku anbarları, inzibati bina və laboratoriya binası tikilmişdir. Bu obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilmiş, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınmış, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılmışdır.
Qeyd edildi ki, 2008-ci ildə dövlət başçısının iştirakı ilə təməli qoyulan kompleksdə məhsul istehsalı 3 zavodda sistemli şəkildə həyata keçirilir. Birinci mərhələdə yeni zavodda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 240 kiloamperlik 84 elektroliz təknəsi quraşdırılmışdır. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir. Zavodda bişmiş anodlu təknələr qurulmuşdur. Burada müasir quru qaztəmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir.
Gəncə "DET AL" alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcəkdir. İşçilərin orta aylıq əməkhaqqı 450 manat olacaqdır. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilmişdir. Yerli gənc mühəndislər üçün texnologiyanı daha dərindən öyrənmək məqsədi ilə təlimlər təşkil olunmuşdur. Elektroliz proseslərindən çıxan maye metal fasiləsiz metaltökmə və isti yayma zavoduna daşınır. Burada hər birinin uzunluğu 60 metr olan və yüksək avtomatlaşdırma səviyyəsinə malik iki tökmə avadanlığı quraşdırılmışdır. Bu konveyerlərin məhsuldarlığı saatda 20 tona qədərdir və istehsal edilən külçələr "DET.AL AZE" loqotipinə malik olmaqla 22,5 kiloqramdır.
Prezident İlham Əliyev kompleksin elektroliz zavodunda istehsalatda istifadə olunan avadanlığa baxdı. Bildirildi ki, burada beynəlxalq standartlara cavab verən məhsullar hazırlanır. Zavodda istehsala başlanması və davamlılığın təmini üçün tələb olunan keyfiyyətdə xammalın tədarükü vacib məsələlərdən biridir. Bu məqsədlə Hollandiya, İndoneziya, Çin, Rusiya, Monqolustan, Latviya, Venesuela, Tacikistan kimi ölkələrdən 15 adda xammal gətirilmişdir.
Prezident İlham Əliyev "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksi ilə bağlı stendlərə və videoçarxa baxdı.
Sonra dövlət başçısı zavodun mərkəzi idarəetmə ofisində oldu. Məlumat verildi ki, burada bütün istehsal prosesi kompyuterlər vasitəsilə avtomatlaşdırılmış şəkildə aparılır. Hər 3 müəssisədə xammalın qəbulundan məhsul istehsalınadək bütün proses dəqiq şəkildə icra olunur. Mövcud idarəetmə sistemi baş verə biləcək bütün nasazlıqların qarşısını almağa qadirdir.
Sonra Prezident İlham Əliyev kompleksin isti metaltökmə və fasiləsiz yayma zavoduna gəldi. Dövlət başçısı zavodu işə saldı, istehsal prosesini izlədi.
Qeyd olundu ki, birinci mərhələdə 100 min ton ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılmışdır. İkinci mərhələdə 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpusları, gil-torpaq qəbulu anbarının tikintisi nəzərdə tutulmuşdur. Alüminium sənayesinin inkişafı məqsədi ilə ölkəmizdə alüminium yarımfabrikat məhsullarının istehsalını nəzərdə tutan metalyayma layihəsi üçün dövlət tərəfindən 2010-cu ildə güzəştli kredit ayrılmışdır. Layihə çərçivəsində isti və soyuq metalyayma zavodlarının tikintisi, eləcə də boyama xəttinin qurulması nəzərdə tutulur. Layihənin illik məhsuldarlığı müxtəlif ölçüdə 35 min ton adi alüminium rulon və vərəqlərin istehsalı, 15 min ton məhsulun isə boyanmasından ibarətdir. Burada tikinti sektoru üçün nəzərdə tutulan və sifarişçinin istəyindən asılı olaraq 0,2-0,6 mm qalınlığında müxtəlif rənglərdə alüminium rulonların istehsalı planlaşdırılır. İsti yayma zavodunun tikintisi artıq tamamlanmış və gələn aydan avadanlığın quraşdırılmasına başlanacaqdır. Soyuq yayma zavodunun isə tikintisinə başlanmış və bu ilin aprelinədək tamamlanaraq avadanlığın quraşdırılmasına başlanılacaqdır. Ümumiyyətlə, layihənin 2013-cü ilin aprelinədək həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində 300 yeni iş yerinin açılması planlaşdırılır.
Dövlət başçısına məlumat verildi ki, yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsi çərçivəsində də bir sıra işlər görülmüşdür. Belə ki, poladəritmə kompleksinin inşa ediləcəyi sahədə torpaq və qazma işləri həyata keçirilmiş, ərazi təmizlənmiş və tikinti prosesinin başlanması üçün hazır vəziyyətə gətirilmişdir.
Əraziyə baxan Prezident
İlham Əliyevə məlumat verildi ki, poladtökmə
zavodunun layihələndirmə işləri həyata
keçirilmiş, dəmir filizini zənginləşdirmə,
pelet və ardıcıl reduksiya zavodlarından ibarət olan
"DET AL" inteqrallaşdırılmış polad layihəsinin
inkişaf etdirilməsi istiqamətində layihələndirmə
işləri yerinə yetirilmişdir. Burada pelet zavodunun
tikintisi işləri davam etdiriləcək, martda istehsal
gücü 850 min ton olan yeni "DRI" zavodunun tikintisinə
başlanacaqdır. 2013-cü ildə yeni pelet zavodunun tikintisi
başa çatdırılacaq, "DRI" zavodunun tikintisi
davam etdiriləcəkdir. Bundan başqa, martda istehsal
gücü 750 min ton olan yeni polad zavodunun tikintisinə
başlanacaqdır. 2014-cü
ildə yeni "DRI" zavodunun tikintisi başa
çatdırılacaq, polad zavodunun tikintisi davam etdiriləcəkdir.
2016-cı ildə isə Gəncədə yeni
polad zavodunun tikintisi başa çatdırılacaqdır.
İstehsal olunan məhsullara beynəlxalq
sertifikatlar alınacaqdır. 2012-2016-cı
illərdə həyata keçirilən layihəyə 630
milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min
800 nəfərə çatdırılacaqdır.
***
Prezident İlham Əliyev Gəncə ictimaiyyətinin
nümayəndələri və müəssisənin kollektivi
ilə görüşdü.
Prezident İlham ƏLİYEV mərasim
iştirakçılarını təbrik edərək dedi:
- Əziz dostlar, bu gün nəinki Gəncənin,
ölkəmizin həyatında çox əlamətdar bir
gündür.
Çünki bu gün biz ölkə
iqtisadiyyatı üçün çox böyük əhəmiyyət
kəsb edən Gəncə alüminium zavodunun
açılışını qeyd edirik. Bu, doğrudan da, böyük hadisədir. Bu, bir daha onu göstərir ki, ölkəmiz
uğurla və sürətlə inkişaf edir. Ölkəmizdə bütün proqramlar icra edilir.
Bu zavodun təməli 2008-ci ildə qoyulmuşdur. Mən o
günü yaxşı xatırlayıram. Biz burada təməl daşını qoyduq və
ondan sonra bildiyiniz kimi, dünyada maliyyə və iqtisadi
böhran başlanmışdır. Bu
böhran alüminium sənayesinə də mənfi təsirini
göstərmişdir, qiymətlər aşağı
düşmüş və bütövlükdə maliyyə
bazarında böhran yaranmışdır.
Beləliklə, zavodun tikintisi bir qədər uzandı. Ancaq buna baxmayaraq,
Azərbaycan dövləti bu zavodun tikintisi üçün dəstəyini
əsirgəmədi. Zavodun fəaliyyəti
üçün çox mühüm əhəmiyyət kəsb
edən böyük yarımstansiya tikilmişdir, müxtəlif
dövrlərdə kreditlər verilmişdir, özəl sektor
Azərbaycanın iqtisadiyyatına və gələcəyinə
çox böyük inamla yanaşmışdır. Bütün bu amillər nəticəsində biz bu
gün bu gözəl zavodun açılışını
qeyd edirik.
Zavodun özəlliyi ondan ibarətdir ki, bu, qeyri-neft
sektoruna qoyulan böyük sərmayədir və burada istehsal
olunan məhsullar ixrac ediləcək, eyni zamanda, bizim artan tələbatımızı
da təmin edəcəkdir. Biz bu gün zavodun
birinci fazasının açılışını qeyd
edirik. Burada 50 min ton yüksək keyfiyyətli
alüminium istehsal olunacaqdır. 2013-cü
ildə ikinci fazanın işə düşməsi nəticəsində
zavodun istehsal gücü 100 min tona çatacaqdır və
ondan sonrakı dövrdə əlavə vəsaitin qoyuluşu
hesabına biz bu həcmi 200 min tona artıracağıq.
Bu, doğrudan da, ölkə iqtisadiyyatı
üçün böyük layihədir. Həm gəlirli layihədir,
həm yeni iş yerlərinin açılması
üçün bizə şərait yaradır. Mənə verilən məlumata görə, burada
600-dən artıq insan işləyir. Vaxtilə
böhrana görə dayanmış gil-torpaq zavodu da bu
yaxınlarda işə başlamışdır. Orada da 1200 insan işləyir. Bütövlükdə
son aylar ərzində 2000-ə yaxın insan işlə təmin
edilibdir. Bu zavodun tikintisi Azərbaycanda
aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Bu yaxınlarda Nazirlər Kabinetinin
toplantısında mən bir daha bu məsələ ilə
bağlı fikirlərimi bildirdim. Azərbaycanda
güclü sənayeləşmə prosesi gedir. Yeni sənaye müəssisələri
yaradılır, özəl sektorun inkişafı
üçün dövlət dəstəyini əsirgəmir,
kiçik və orta sahibkarlıq inkişaf edir. Kiçik və orta sahibkarlığın
inkişafı ilə paralel olaraq böyük sənaye müəssisələrinin
yaradılmasına da böyük ehtiyac vardır. Gəncə alüminium zavodu bu sıradan olan
zavoddur.
Bu, böyük sənaye mərkəzidir. Biz Azərbaycanda
müasir səviyyədə alüminium sənayesinin
yaradılması üçün bu gün birinci
addımı atırıq. Əminəm ki, gələcəkdə biz
dediyim rəqəmlərə çatacağıq. Biz zavodun
istehsal gücünü indikindən 4 dəfə artıracağıq
və təbii ki, burada yeni imkanlar yaradılacaq, yeni iş yerləri
açılacaq və Azərbaycanın qeyri-neft potensialı daha da
güclənəcəkdir. Bu sahə də bizim
üçün prioritet sahədir. Biz
qeyri-neft iqtisadiyyatımızın inkişafı
üçün uzun illərdir ki,
çalışırıq, təşəbbüslərimizi
irəli sürürük və gözəl nəticələri
də görürük. Çünki
2011-ci ilin yeklunlarına görə, Azərbaycanda qeyri-neft
sektoru təxminən 10 faiz artmışdır. Neftlə, qazla zəngin olan ölkə
üçün bu, həddindən artıq vacibdir. Çünki biz gələcəyimizi şaxələndirilmiş
iqtisadiyyatda görürük. Biz gələcəyimizi
dayanıqlı iqtisadiyyatda görürük. Təbii resurslarımız bizim üçün sadəcə
olaraq, bir vasitədir ki, ölkəmizi hərtərəfli
şəkildə inkişaf etdirək və güclü
qeyri-neft iqtisadiyyatı yaradaq. Bu istiqamətdə
atılan addımlar çox sevindiricidir. Bu
zavodun fəaliyyətə başlaması bir daha demək istəyirəm
ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına da
böyük təkan verəcəkdir.
Bu zavodun tikintisi, eyni zamanda, özündə regional
inkişaf proqramını da ehtiva edir. Bu proqrama da
böyük diqqət göstərilir. Bizim bütün
bölgələr inkişafdadır, quruculuq, abadlıq
işləri gedir, yeni iş yerləri açılır. Beləliklə, regional inkişaf üçün bu
zavodun böyük əhəmiyyəti vardır. Burada poladəritmə kompleksinin tikintisi də
uğurla gedir və bu zavodun təməl daşı qoyulan
zaman, eyni zamanda, böyük metallurgiya kompleksinin təməl
daşı qoyulmuşdur. O sahədə də işlər
gedir. Metallurgiya sənayesinin yaradılması
istiqamətində çox ciddi işlər gedir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanda yeni bir
istehsal sahəsi - metallurgiya sahəsi öz fəaliyyətinə
başlayacaqdır. Bir tərəfdən
biz ölkəmizin daxili tələbatını ödəyəcəyik
və güclü ixrac potensialı da yaradılacaqdır.
Bu, elə sahələrdir ki, bu sahələr
üçün bazarları axtarmağa ehtiyac yoxdur. Çünki
bu məhsullar - alüminium, metallurgiya istehsalı daim tələb
olunan məhsullardır. Yenə də deyirəm,
bizim artan sənaye potensialımız və həyata
keçirilən proqramlar, eyni zamanda, dünyada bu məhsullara
olan tələbat daim bu zavodlara dəstək olacaqdır.
Bir daha demək istəyirəm ki, bu sahədə
görülən işlər Azərbaycanın ümumi
inkişaf strategiyasını əhatə edir. Bu strategiya müasirlik, yenilik strategiyasıdır.
Biz istəyirik ki, bütün sahələrdə
ən qabaqcıl təcrübəni tətbiq edək. Burada istehsal olunan alüminium dünya səviyyəli
məhsullardandır. Eyni zamanda, belə
zavodların tikintisi kadr hazırlığı
üçün də böyük əhəmiyyətə
malikdir. Burada işləyən peşəkar kadrlar, əlbəttə
ki, yaxşı maaş almalıdırlar. Mənə verilən məlumata görə, bu məsələ
də öz həllini tapır.
Bir sözlə, belə zavodların tikintisi və yeni sənaye
sahələrinin yaradılması prosesi çox sevindiricidir. Xüsusilə
dünyada hələ də davam edən və yeni mərhələsi
gözlənilən maliyyə və iqtisadi böhran
zamanında Azərbaycanda belə böyük sənaye müəssisələrinin
yaradılması bizim düzgün yolda
olmağımızı göstərir. Biz
inkişafdayıq. Azərbaycanda
iqtisadiyyat, sənaye potensialımız artır. Sosial proqramlar icra edilir, maaşlar, pensiyalar artır.
Keçən ilin yekunları ilə
bağlı keçirilən Nazirlər Kabinetinin
toplantısında bütün bu rəqəmlər səslənmişdir.
2011-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait
qoyulmuşdur, ondan əvvəlki ildə 17,6
milyard. Böyük məbləğdir və bu
vəsait hesabına ölkəmizin hər bir bölgəsi
inkişaf edir, böyük proqramlar icra edilir. O cümlədən
bu bölgənin və Gəncənin inkişafı ilə
bağlı konkret proqramlar, infrastruktur proqramları icra edilir,
işsizliyin aradan qaldırılması üçün
konkret addımlar atılır. 2012-ci ildə
sosial infrastrukturun yaradılması ilə bağlı daha da
böyük vəsait ayrılacaqdır. Məktəb
tikintisi davam etdirilir.
Gəncənin içməli su ilə təmin edilməsi
üçün konkret layihələr icra edilir, kanalizasiya
sistemi yenidən qurulur. Şəhərdə çox
böyük abadlıq işləri aparılır.
Bilirsiniz ki, mən Gəncədə tez-tez oluram və bu
gün səhər tezdən şəhərlə bir daha tanış olmuşam və görürəm
ki, doğrudan da, çox böyük və çox dəyərli
işlər görülür. Şəhər
gözəlləşir, abadlaşır, binalar təmir edilir,
yeni parklar salınır, yeni ictimai yerlər yaradılır.
Biz bu gün səhər Gəncə Dövlət
Filarmoniyasının təməl daşını qoyduq.
Bilirəm ki, bu da gəncəlilərin uzun illərdir
arzuladıqları bir hadisədir. Əminəm ki,
yaxın iki il ərzində gözəl,
memarlıq cəhətdən çox gözəl və
möhtəşəm Gəncə Filarmoniyası da öz
işinə başlayacaqdır.
Bir sözlə, Gəncədə olduğu kimi, hər
bir bölgədə bütün sahələr üzrə
konkret işlər görülür. İş yerləri,
qeyri-neft sektoru, özəl sahibkarlığın
inkişafı, yeni nəhəng sənaye müəssisələrinin
yaradılması, məktəblər, tibb ocaqları, mədəniyyət
ocaqları, abadlıq işləri - bax, ölkəmiz bu
cür inkişaf edir. Mən çox
şadam ki, əvvəlki illərdə qəbul etdiyimz
proqramlar icra edilir, əvvəlki dövrlərdə böhrana
baxmayaraq, başladığımız layihələr bu
gün reallığa çevrilir. Biz Gəncə
alüminum zavodunun timsalında Azərbaycanın sənaye
potensialının inkişafını görürük.
Mən sizi bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik etmək istəyirəm. Yenə də
demək istəyirəm ki, istehsal gücü 50 min ton olan bu
zavodun fəaliyyətə başlaması birinci
addımdır, amma çox böyük addımdır. Bu zavodun tikintisinə çox böyük vəsait
qoyulmuşdur, həm özəl qurumlar tərəfindən, həm
də dövlət infrastruktur layihələrini təqdim etməklə
dəstəyini göstərmişdir. Demək
istəyirəm ki, bu, sadəcə olaraq birinci addımdır.
Əgər hər şey bizim planlarımız əsasında
getsə, bu zavodun istehsal həcmi ən azı 4 dəfə
artacaq, burada yeni metallurgiya kompleksi tikiləcək və beləliklə,
ölkə iqtisadiyyatı üçün əvəzolunmaz
töhfə veriləcəkdir.
Bu gözəl hadisə münasibətilə sizin
hamınızı bir daha ürəkdən təbrik edirəm,
bütün gəncəlilərə cansağlığı
və xoşbəxtlik arzulayıram. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 22 yanvar.- S. 2, 3.