Gəncədəki
«Xəmsə» abidə kompleksində Nizami Gəncəvinin heykəli
açılmışdır
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində "Xəmsə" abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmişdir.
Dövlət başçısı dahi şairin heykəlinin üzərindən örtüyü götürdü, önünə gül dəstəsi qoydu.
Məlumat verildi ki, Nizami Gəncəvinin əsərlərinin motivlərinə həsr olunmuş kompleksin inşasında qədim Azərbaycan memarlığına istinad edilmişdir. "Xəmsə" abidə kompleksi 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılmışdır. Kompleksdə Nizami Gəncəvinin "Leyli və Məcnun", "Sirlər xəzinəsi", "Yeddi gözəl", "Xosrov və Şirin", "İskəndərnamə" poemalarının hər birinə aid abidə qoyulmuşdur. Bununla da Nizami yaradıcılığını əks etdirən son dərəcə nadir bir sənət abidəsi ərsəyə gəlmişdir.
Keçmişə bağlılıq, əcdadlarımızdan gələn mədəni dəyərlərin qorunub saxlanılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biridir. Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan olan "Xəmsə" abidə kompleksi də dövlət başçısının Nizami yaradıcılığına verdiyi önəmi bir daha təsdiqləyir.
AzərTAc
Azərbaycan.- 2012.- 22 yanvar.- S. 4.