Gəncədə «Qala» kompleksi yaradılır

 

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə inşa olunan "Qala" kompleksinin  tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlət başçısı Gəncənin Bakıdan girişinin eskiz layihəsi ilə tanış oldu. Məlumat verildi ki, inşasına ötən ilin aprelində başlanılan "Qala"  kompleksi şəhərin girişində, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində tikilir. Yolun sağı və solu genişləndirilərək 22 metrə çatdırılmışdır. Qala divarının hər birinin uzunluğu 47, hündürlüyü 15 metr, qala qülləsinin hündürlüyü isə 22 metrdir. Yol boyu hər iki tərəfdə istinad divarları tikilir. Qalanın Gəncə qapılarının  eni 5, hündürlüyü 7 metrdir. Yuxarı hissədə 6 metr diametrində Gəncənin gerbigerbin hər tərəfində tuncdan hazırlanmış şir heykəlləri qoyulacaqdır.

Qeyd edildi ki, qalanın  qarşısında "Xəmsə" bulağı inşa ediləcəkdir. Bundan başqa, "Qala" və Nizami Gəncəvinin məqbərə kompleksləri arasındakı 4,6 kilometrlik yol yenidən qurulur. Yol boyu Nizaminin "Xəmsə"sinə daxil olan əsərlərin adları həkk edilmiş 5 nəhəng kitab-abidə memarlıq elementi, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması və fəvvarələrin tikilməsi nəzərdə tutulur. Yol boyu park zolağı salınacaq, 3 fəvvarə inşa ediləcəkdir.

Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

***

 

Prezident İlham Əliyev yanvarın 21-də Gəncəyə səfərini başa çatdıraraq Goranboy rayonuna gəlmişdir.

 

(Bu barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 22 yanvar.- S.  4.