Qızıl fırçalı rəssam

 

Milli rəssamlıq sənətimizin çox görkəmli nümayəndəsi olan Bəhruz Kəngərli qeyri-adi bir istedada malik idi. Haqq dünyasına qovuşmasından 90 il ötsə də, əsərlərinə tamaşa etdikcə heyrətlənməyə bilmirsən. Elə müasir və aktualdır ki, sanki bu rəsmlər XX əsrin yox, XXI yüzilliyin bu günlərində çəkilib. Uşaq vaxtı ağır xəstəlik keçirən Bəhruz Kəngərli bu ağrı-acılara sinə gərmək üçün fırçadan möhkəm yapışaraq çox erkən rəssamlığa meyil göstərib.  1910-1915-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki boyakarlıq və heykəltəraşlıq məktəbində oxuyaraq rənglərlə işləməyin sirlərini öyrənib. Təbii ki, onun rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin, "Molla Nəsrəddin" jurnalının böyük rolu olub. Yaradıcılığının ilk dövründə karikaturasatirik rəsmlər, eləcə də məişət səhnələrini çəkən Bəhruz Kəngərli öz rəsmləri ilə müasirlərinin diqqətini çəkirdi. 1914-cü ildə "İqbal" qəzeti Bəhruz Kəngərli haqqında yazırdı: "Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır".

Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli təsviri-incəsənət tariximizdə adı qızıl hərflərlə həkk edilməyə layiq çox nadir istedad sahiblərindən biri olub. O, 1892-ci ilin yanvarında Naxçıvanda Şirəli bəyin ailəsində dünyaya göz açıb. İlk təhsilini doğma şəhərdə, sonra isə Tiflisdə xüsusi rəssamlıq məktəbində oxuyub. Bəhruz Kəngərli rus boyakarlıq məktəbinin ənənələrindən bəhrələnsə də, əsərlərini tamamilə milli ruhdaüslubda yaratmışdır. Beləliklə də, mədəniyyətimizdə milli rəssamlığın inkişafında özünəməxsus rol oynamışdır. İncəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Bu gün onun əsərlərinə bir daha nəzər salanda, açığı, heyrətlənməyə bilmirsən. Bu məftunluğa səbəb olan məqamlar isə bir neçə cəhətdən əhəmiyyətlidir. Faktdır ki, hər bir əsər öz müəllifinin duyğularının, düşüncəsinin həyata, zamana, mühitə münasibətinin əks-sədasıdır. Və bu əsərləri yaradan insanların köksündə döyünən ürək həssasdırsa, onda onların ədəbi məhsulunun bədii dəyəri də əvəzsizdir. Bu mənada Bəhruz Kəngərlinin portret və mənzərə janrında işlədiyi əsərlər təsdiqləyir ki, o, həssas, dərin düşüncəli, uzaqgörən bir sənətkar olub. O, rənglərin ahəngindən, cizgilərin formalarından, müxtəlif təsvir vasitələrindən məharətlə istifadə edərək son dərəcədə bənzərsiz və qeyri-adi əsərləri bizə yadigar qoyub.

Əslində, həyatda çox qısa - cəmi 30 il ömür sürmüş Bəhruz Kəngərli dərin təfəkkürlü və qızıl fırçalı rəssam kimi ədəbi ömrünün əbədiliyinə qətiyyətlə imza atmışdır. Fərəhlidir ki, sənətsevərlər onu heç bir zaman unutmamışlar. Zamanın, quruluşun repressiyaları da belə, Bəhruz Kəngərlinin əbədi taleyinin parlayan ulduzunu söndürə bilməmişdir.

2002-ci ilin yayında Naxçıvanda ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bəhruz Kəngərli muzeyinin təntənəli açılışı oldu. Heydər Əliyev həmin mərasimdə unudulmaz sənətkarımızın yaradıcılığını yüksək dəyərləndirərək söylədi: "Hesab edirəm ki, Azərbaycanda bizim sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar. Həm Bəhruz Kəngərlini Azərbaycan xalqının görkəmli və yüksək mədəniyyətə malik olan nümayəndəsi, həm də böyük rəssam kimi təbliğ etsinlər!".

Bu müdrik fikirlərin işığında bir daha illərin dizini qatlaya-qatlaya zamanın güzgüsündə öz aydın ziyası ilə könülləri riqqətə gətirən Bəhruz Kəngərli xəzinəsinin boyalardan qalxan sənət dünyasına üz tutduq. O əbədiyaşar dühadan bizə əmanət və yadigar qalan "Atabəy məqbərəsi", "İmamzadə", "Nuhun qəbri", "Ata-bala gümbəzi", "İlanlı dağ", "Qızlar bulağı", "Qoca kişi", "Toy, "Elçilik" kimi əsərləri ifadəliliyi, bədii-estetik dəyəri ilə diqqət çəkir. Bəhruz Kəngərli bütün varlığı ilə doğma torpağına bağlı, onun gözəlliklərindən zövq alanbunu öz yaradıcılığında əks etdirən vətəndaş qeyrətli bir şəxsiyyət olub.

Təbiət mövzusunda yaratdığı əsərlərdə yurdumuzun zəngin florası və füsunkarlığı, təbiiliyi, min bir gözəlliyi ilə əks olunub. "Şəlalə", "Günəş batarkən", "Dağlıq mənzərə", "Ağrı dağı", "Ay işığında" adlı əsərləri təbiətin poeziyasını fırçanın qüdrəti ilə göz yaddaşımıza köçübdür. Uzun müddət bu mənzərələrin təsirindən ayrıla bilmirsən. Qəribədir ki, Bəhruz Kəngərli sanki az yaşayacağını duyurmuş. Bu səbəbdən də müxtəlif mövzularda öz fırçasını sınasa da, - bütün yaradıcılığı vətənə, torpağa, xalqa - taleyimizə bağlı olub. O, bir tərəfdən ilin fəsillərini kətana köçürürdü, digər tərəfdən mədəniyyət abidələrimizin rəsmlərini çəkirdi. Dövrünün qabaqcıl ziyalılarının portretləri üzərində işləyir, karikaturasatirik rəsmlər, memarlıq, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və rəngkarlıq əsərləri yaradırdı.

Onun yaradıcılığında bir sıra əsərlər də var ki, bütövlükdə xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını əks etdirir. Məlumdur ki, bədnam qonşularımız 1918-1920-ci illərdə bizə qarşı soyqırımı siyasəti yeridərək millətimizin başına min bir zülm gətirdilər. Soydaşlarımız doğma ocaqlarından didərgin düşərək müsibətə tuş oldular. Bəhruz Kəngərli də öz yaradıcılığında bu mövzu ilə bağlı silsilə əsərlər yaradıb. "Qaçqınlar" mövzusunda öz fırçası ilə daşnakların törətdikləri qırğınları, deportasiyaları realist sənətkar kimi çox dəqiq əks etdirərək millətimizin üzləşdiyi dərdləri gələcək nəsillərə çatdıra bilmişdir. Bu silsiləyə daxil olan kişi, qadın, oğlan, qız portretləri həyatiliyi, canlılığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Yurdsuz alilə", "Ayaqyalın qaçqın oğlan" və s. əsərlər təkcə portret kimi sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.

Bu rəssamın əsərlərinə diqqət yetirdikdə duyursan ki, Bəhruz Kəngərli hərtərəfli rəssam olub. Onun müraciət etmədiyi mövzu yoxdur. Maraqlısı da budur ki, rəssamın fırçasından doğulan bütün əsərlər qiymətlidir. Bəhruz Kəngərli  həm də milli teatr rəssamlığının banilərindən sayılır. 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulan "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) əsərlərinin bədii tərtibatını və geyim eskizlərini də məhz Bəhruz Kəngərli vermişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz Kəngərli müntəzəm işləyərək boyakarlıq və qrafik əsərləri yaradıb. O həm də rəssamlıq sənətini gənclərə öyrətmək və sevdirmək üçün xüsusi dərnək açaraq fərdi sərgilərini də təşkil edirdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəyyən təzyiq və əzablara düçar olan Bəhruz Kəngərli Naxçıvanın mədəni həyatında fəal çalışdı. Lakin qəfil əcəl çox amansız oldu. O, 1921-ci ildə "Qızıl əsgər" əsərini çəksə də, bu işionun ömrünə zəmanət vermədi. 1922-ci ildə dünyasını vaxtsız dəyişərək xatirələrə köçdü.

Tədqiqatçıların fikrincə, Bəhruz Kəngərlinin 2 minə yaxın portret, mənzərə və rəsm əsərləri əldən-ələ düşərək itmişdir. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində Bəhruz Kəngərlinin 500-ə yaxın əsəri qorunur. Naxçıvandakı muzeydə də 50-dən çox orijinal əsəri nümayiş etdirilir. Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda da əsərləri saxlanılır.

Əlbəttə, Bəhruz Kəngərli barəsində az da olsa yazılıb. Onun mənsub olduğu Kəngərli tayfası haqqında tədqiqatçılar müəyyən kitablar da çap etdiriblər. Yəqin ki, indən belə də bu orijinal fırça sahibinin rənglər dünyası müntəzəm araşdırılacaq. Bəhruz Kəngərlinin yaradıcılığı haqqında ən dəyərli və dürüst fikirləri vaxtı ilə unudulmaz Heydər Əliyev söylədi: "Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun yaratdığı obrazlara görə - mən insan obrazlarını deyirəm. Xüsusən, o ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa öz əsərlərində əks etdiribdir". Bu elə bir qiymətdir ki, bizim hər birimizə bələdçilik edir. Yəni, Bəhruz Kəngərlinin kim olduğu, Azərbaycan mədəniyyəti tarixində hansı mövqedə dayandığı tamamilə aydınlaşır. Bir daha qürur duymağa dəyər ki, Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar. Bir qərinəlik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır. Onun rənglər dünyası özünün sirli-sehrli pərdəsini saxlamaqdadır. Bu unudulmaz rəssamdan yadigar qalan zəngin bədii irs bizə bu haqqı verir ki, bunu ürəkdən etiraf edək. Həqiqətən də, millət üçün yaşayıb yaradanlar heç zaman unudulmurlar.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 22 yanvar.- S.  6.