Qanlı gecə
- şanlı tarix
20 Yanvarın - qanlı şənbə gecəsinin eyni zamanda şərəfli bir tarix olması danılmaz həqiqətdir. O dəhşətli günlərin tarixləşməsi isə isti-isti və sonralar qələmə alınan yazılar, onların toplanaraq kitab şəklində daha geniş oxucu auditoriyasına çıxarılmasından çox asılı idi. 20 Yanvar hadisələri haqqında əsl həqiqətlər, faciənin ağrı-acısı, miqyası yenə də qələm və söz əhlinin üzərinə düşürdü.
Uzun müddət "Azərbaycan Ordusu" qəzetində çalışan, döyüşlərin od-alovundan keçən igidlərin ömür yollarından söz açan "Müharibənin bir ili", "Səngərdə yazılmış sətirlər", "Qələbə naminə", "Ölməzlik zirvəsi", "Pulemyotçu Nurəddin" və "Erməni əsirliyindən dönənlər" adlı kitabların müəllifi, yazıçı-jurnalist Vahid Məhərrəmov da 20 Yanvar hadisələrinə biganə qalmamış, şahidi olduğu o müdhiş gecədən yaddaşına yazdıqlarını kitaba çevirərək "Qanlı gecə - qanlı tarix"i ilə növbəti dəfə oxucularının görüşünə gəlib.
İndiyə kimi çapdan çıxan kitablarında olduğu kimi, müəllif burada da vətənimizin azadlıq və müstəqilliyi uğrunda canından keçənlərin şərəfli ömür sahibi olduğunu dəfələrlə və xüsusi vurğu ilə qeyd edir. 20 Yanvar hadisələrinə həsr olunan yazılar 20 sərlövhə ilə verilib.
Kitabın 20 Yanvar faciəsinin növbəti, 22-ci ildönümü ərəfəsində nəşr edilməsi təsadüfi deyil. Həmişə 20 Yanvar Ümumxalq Hüzn Günü kimi qeyd edilir. Lakin eyni zamanda 20 Yanvar yaddaşlara mübarizlik, cəsurluq, qorxmazlıq kimi də yazılır.
Həmin faciəli günlərdə imperiya öz çirkin siyasətini dünya xalqlarından gizlətmək üçün xüsusən paytaxt Bakını informasiya blokadasına almış, ölkədə yeganə fəaliyyət göstərən Azərbaycan televiziyasının enerji blokunu partlatmış və bununla da zülmət gecənin və sonrakı günlərin qırğınları barədə məlumatın yayılmasının qarşısını almışdı.
Müəllifin adıçəkilən növbəti kitabında da qeyd edildiyi kimi, 20 Yanvar o qədər ağrılı, dəhşətlidir ki, illər keçsə də, onun yaralarından qan axır. Yaddaşımızı ağrıdan dəhşətlərin şahidi və şəhidlərin günahsız tökülən qanlarıdır. Fəxrimiz, qürur yerimiz isə o gündən başlayaraq birliyin, vahidliyin, azadlığın, müstəqilliyin şərəfini hiss etməyimiz, ağır günlərdə birləşməyimizdir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 20 yanvar.- S. 7.