«Alaska Dispatch» xəbər portalında ABŞ-ın Azərbaycanda hələ də yeni səfir təyin etməməsi ilə bağlı məqalə dərc olunmuşdur

 

 ABŞ-ın nüfuzlu "Alaska Dispatch" xəbər portalında Azərbaycan-Amerika Şurasının fəallarından olan Jamila Şivin Birləşmiş Ştatların ölkəmizdə hələ də yeni səfir təyin etməməsi ilə bağlı fikirlərinin yer aldığı məqalə dərc olunmuşdur.

Məqalədə qeyd olunur ki, 2010-cu ilin sonlarında ABŞ Prezidenti Barak Obama Mətyu Brayzəni Azərbaycanda səfir təyin etmişdir. Lakin etnik maraqları üstün tutan senatorlar Robert Menendez və Barbara Bokser tərəfindən yaradılan maneələr nəticəsində Senat bu məsələyə etinasız münasibət göstərmiş və səfir cari ilin yanvarında öz səlahiyyətlərini başa vurmuşdur.

Müəllifin fikirlərinə görə, ermənipərəst qüvvələr ABŞ-ın Azərbaycanda yeni səfir təyin etməsi məsələsinin uzadılmasına nail olmağa çalışırlar. Əsas məqsəd iki ölkə arasında münasibətlərə zərbə vurmaqdır.

Məqalədə, eyni zamanda, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilmiş, ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində məsələnin həlli istiqamətində fəaliyyətindən bəhs olunmuşdur.   

J.Şiv vurğulamışdır ki, Azərbaycan terrorla mübarizədə ABŞ-ın sadiq müttəfiqidir və zəngin neft-qaz ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanda gedən sürətli inkişaf proseslərinin əksinə olaraq, Ermənistan iqtisadiyyatı gündən-günə zəifləyir. Ermənistan mühüm regional layihələrdən kənarda qalmışdır. Məhz bu səbəbdən maraqlı qüvvələr ildən-ilə daha da genişlənən ABŞ-Azərbaycan əlaqələrinə kölgə salmaq məqsədilə bütün güclərini səfərbər etmişlər.

 

 

Azərbaycan.- 2012.- 22 yanvar.- S.  7.