İsveç
parlamentinin deputatlarına Azərbaycan həqiqətlərinə
dair ətraflı məlumat verilmişdir
İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri Emil Mirzoyevin və Elyar Məhərrəmovun rəhbərliyi ilə Rikstaqda qanlı Yanvar və Xocalı soyqırımına dair görüş keçirmişlər.
Görüşdə İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri dünya birliyinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc Azərbaycan əhalisinə qarşı törətdikləri hadisələrə qarşı biganə qalmamasının və onların bu hadisələri soyqırımı kimi tanımasının vacibliyini vurğulamışlar. Bundan əlavə, İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri isveçli deputatlara Azərbaycanın tarixindən, onun müasir müstəqil dövlət olmasından və azadlıq uğrunda verdiyi qurbanlara bariz nümunə olaraq 1990-cı il 20 Yanvar hadisələrindən danışmışlar.
İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri, həmçinin cari ilin martında Rikstaqda müzakirə olunacaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamənin əhəmiyyətini də vurğulamışlar. Konqres hesab edir ki, İsveç parlamenti beynəlxalq münaqişələrdə öz neytrallığı, obyektivliyi ilə hər zaman fərqləndiyinə görə, bu məsələnin həlli ilə bağlı danışıqlar prosesində daha fəal iştirak etməli, BMT-nin və Avropa Parlamentinin qətnamələrini yerinə yetirməsi üçün Ermənistana daha çox təsir göstərməlidir.
Rikstaqın nümayəndəsi münaqişəyə dair ətraflı məlumat verdiklərinə görə İsveç Azərbaycanlıları Konqresinin nümayəndələrinə təşəkkür etmiş və bildirmişdir ki, bu kimi informasiyanın çatdırılması siyasətçilərin regionda baş verən qarşıdurmalardan xəbərdar olmalarında mühüm rol oynayır.
AzərTAc
Azərbaycan.- 2012.- 22 yanvar.- S. 7.