Yanvar faciəsi qurbanlarının xatirəsi yad edildi

 

Azərbaycan Dillər Universitetində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdən əvvəl universitetin tələbə-müəllim heyəti Şəhidlər xiyabanını ziyarət edərək faciə qurbanlarının məzarlarının önünə tər qərənfillər düzmüşlər. Tədbir universitetin tələbəsi olmuş şəhid Ülvi Bünyadzadənin adını daşıyan muzey-lektoriyanın qarşısında olmuşdu. Təhsil ocağının rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 1990-cı il 20 Yanvar hadisələrinin səbəbləri, mahiyyəti, günahkarları haqqında danışmış və bildirmişdi ki, həmin gün sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdi. Qanlı Yanvar günündə insanlar özlərinin cəsurluğu, fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazmışlar. Təhsillə, qabiliyyətlərini dünyaya göstərməklə Azərbaycan xalqının yüksək səviyyəli, sivil dəyərlərə malik xalq olduğunu sübut etməyin vacibliyini nəzərə çatdıran S.Seyidov bu gün respublikamızın dünyanın ən aparıcı ölkələrinin siyahısında olduğunu vurğuladı. Universitetin rektoru Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticələri barədə məlumat verdi.

Təhsil ocağının Beynəlxalq münasibətlər kafedrasının müəllimi Namiq Əsədov, İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva Yanvar hadisələri barədə həyəcansız danışmağın qeyri-mümkün olduğunu söylədilər. Onlar həmin faciəli günlərdə respublikanın informasiya blokadasının qarşısını almaq üçün universitetin tələbə və müəllimlərinin gördüyü işlərdən bəhs etdilər. Ülvi Bünyadzadə haqqında xatirələrini danışan professor M.Qazıyeva onun yanvarın 19-da imtahandan çıxıb azadlıq uğrunda meydanlara axışan xalqa qoşulduğunu dedi. Bildirdi ki, məhz Ülvi Bünyadzadə kimi igid və cəsur gənclərimiz bugünkü gəncliyə örnəkdir, nümunədir.

1 saylı ingilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev Yanvar hadisələrini düşünülmüş, ətraflı şəkildə planlaşdırılmış hadisə kimi xarakterizə etdi. O, qırğından sonra böyük istintaq qrupunun yaradıldığını, neçə cildlik materialların Moskvaya göndərildiyini, lakin hələ də geri qayıtmadığını xatırlatdı. ADU tələbələrinin bu hadisələrin əsl mahiyyətini dünya ictimaiyyətinə dəqiq çatdırmaq üçün əllərində böyük dil imkanlarının olduğunu deyən dekan qeyd etdi ki, müasir texnologiyalar vasitəsilə bunu etmək mümkündür və vacibdir.

Prorektor Ələddin Əliyev, Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu,  tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev 1990-cı ilin 20 yanvarında şahidi olduqları hadisələrdən danışaraq göstərdilər ki, bu cür faciələr çox ola bilər, lakin əsas məsələ belə hadisələrdən nəticə çıxarmaqdır.

Tədbirin sonunda iştirakçılar Ülvi Bünyadzadə adına muzey-lektoriyanı gəzdilər. Sonra universitetdə qanlı Yanvar hadisələrinə həsr olunmuş "20 Yanvar milli tariximizdə fədakarlıq və qəhrəmanlıq zirvəsidir" adlı konfrans keçirildi. Konfrans iştirakçıları Kreml tərəfindən dəstəklənən ermənilərin məkrli siyasətini ifşa edərək 20 Yanvar hadisələrini Azərbaycanın vətənpərvərlik və qəhrəmanlıq salnaməsinin parlaq səhifələri adlandırdılar.

 

 

Azərbaycan.- 2012.- 22 yanvar.- S.  7.