Azərbaycan Prezidenti İlham Əliyevin
və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü
Yanvarın 23-də Soçidə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev "Grand Polyana" mehmanxanasının "Qəbullar evi"nə gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevi "Qəbullar evi"ndə Rusiya Prezidenti Dmitri Medvedev qarşıladı.
Dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdirdilər.
Sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya
Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü oldu.
Rusiya Prezidenti Dmitri MEDVEDEV Azərbaycan dövlətinin başçısını salamlayaraq dedi:
- Hörmətli İlham Heydər oğlu, Sizi ürəkdən salamlayıram.
Şadam ki, Soçidə bizim qış görüşləri ənənəsi davam edir. Bu, həm də Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etməsi barədə fikir mübadiləsi aparmaq, gələcək haqqında söhbət etmək və keçən il baş verənləri qiymətləndirmək üçün yaxşı imkandır. Ona görə ki, bizim müəyyən nəticələrimiz vardır. Hesab edirəm ki, bunlar yaxşı nəticələrdir. Həm iqtisadi, həm də humanitar baxımdan bir neçə çox vacib, ciddi tədbirlər keçirilmişdir. Əlbəttə, regionumuzda vəziyyətin necə inkişaf etməsini də nəzərdən keçirməliyik. Biz Qafqazla çox sıx bağlı olan dövlətlərik. Buna görə də, biz Qafqaz regionunda, eləcə də dünyanın bizə yaxın olan bəzi başqa regionlarında baş verən hadisələrə laqeyd deyilik.
Əlbəttə, bizim üçtərəfli, Ermənistan prezidentinin iştirakı ilə görüşümüz də çox vacibdir. Son illərdə bu cür görüşlərin sayı yetərincə çox olmuşdur. Biz bəzi məsələlərdə irəliləmişik, bəzi məsələlərdə isə, yəqin ki, hələ də ciddi çətinliklər qalır. Lakin mən hesab edirəm ki, bu, faydalı dialoqdur. Ümid edirəm ki, bu cür əlaqələr gələcəkdə də davam edəcəkdir.
Sizi bu
qarlı havada Soçidə bir daha ürəkdən
salamlayıram. Ümid edirəm ki, Siz burada
ünsiyyət saxlamaqla bərabər, həm
də bir qədər dincələ biləcəksiniz.
Prezident İlham ƏLİYEV dəvət üçün minnətdarlığını bildirərək dedi:
- Məni Soçiyə səfərə dəvət etməyinizə görə çox sağ olun, Dmitri Anatolyeviç!
Bu, həqiqətən də çox yaxşı ənənədir. Bu, görüşməyə, ünsiyyət saxlamağa imkan verir, hərçənd bizim görüşlərimiz yetərincə intensiv xarakter daşıyır, elə keçən ay da Moskvada görüşmüşdük. Dövlətlərimiz arasında münasibətlərin xarakteri və ruhu, onların dinamizmi, daimi məsləhətləşmələr və bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq potensialının artması da bunu əks etdirir.
Mən razıyam ki, keçən il bizim ikitərəfli işlərimiz də çox uğurlu olmuşdur: qarşılıqlı siyasi əlaqələr möhkəmlənmiş, yeni təşəbbüslər irəli sürülmüşdür, əmtəə dövriyyəsinin artımı on faizlərlə ölçülür, onun strukturu yaxşılaşır. İkitərəfli münasibətlərin bütün spektri üzrə çox müsbət dinamika görürük. Bu, bizi çox sevindirir. Biz Rusiya ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır. 2011-ci ildə bu tərəfdaşlıq daha böyük əməli işlərlə möhkəmlənməyə başlamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarının axtarışı üzrə səylərinizi davam etdirdiyinizə görə də Sizə təşəkkür etmək istəyirəm. Çoxlu görüşlər keçirilmişdir. Sizin qeyd etdiyiniz kimi, ümidverici məqamlar da, bədbinlik hissini gücləndirən məqamlar da olmuşdur. Lakin proses davam edir və Sizin bu səyləri davam etdirməyiniz də əlavə nikbinlik hissi aşılayır. Regionda sülhün bərqərar olması üçün Azərbaycan bu münaqişənin tezliklə tənzimlənməsində maraqlıdır.
Bu fürsətdən istifadə edərək şəxsən Sizə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi məsələsində Rusiya tərəfindən göstərilmiş dəstəyə görə bir daha təşəkkür etmək istərdim.
Dmitri
MEDVEDEV: Sizi bir daha təbrik edirəm.
İlham
ƏLİYEV: Çox sağ olun. Bu dəstək çox
effektiv, səmərəli,
səmimi olmuşdur və biz - həm Azərbaycan rəhbərliyi,
həm də ölkəmizin ictimaiyyəti
bu münasibətə
görə çox minnətdarıq. Sizi
əmin etmək istəyirəm ki, biz qarşıdakı iki ildə Təhlükəsizlik
Şurasında Sizinlə
sıx qarşılıqlı
əlaqədə işləyəcək
və bizi dəstəkləmiş bütün
ölkələrin, - onların
sayı 155-dir, - ümidlərini
doğrultmağa çalışacağıq.
Bu imkana görə bir daha təşəkkürümü
bildirir və ümid edirəm ki, 2012-ci il
də bizim münasibətlərdə çox
uğurlu olacaqdır.
Dmitri
MEDVEDEV: Biz də buna çox ümid edirik.
AzərTAc
Azərbaycan.- 2012.- 24 yanvar.- S. 1.