ARDNŞ-in prezidenti təbii qazın alqı-satqısına dair əlavə sazişi şərh etmişdir

 

 Xəbər verdiyimiz kimi, yanvarın 23-də Soçidə prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır.

İmzalanmadan sonra sazişi şərh edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev demişdir: "ARDNŞ ilə  "Qazprom" arasında müqavilə bağlanmışdır. Bu, 2012-ci ilə olan qaz həcmləri barəsində idi. Bilirsiniz ki, biz artıq bir neçə ildir ki,  "Qazprom"la qaz mübadiləsi həyata keçiririk və hər il ARDNŞ-in  qaz həcmləri artır. Artan qaz həcmləri - müqavilələrdən əlavə qaz həcmləri də Rusiyanın "Qazprom" şirkətinə satılır. Bu gün 2012-ci ilə olan qaz həcmləri barədə əlavə saziş imzalandı. Bu il "Qazprom" bizdən keçən illə müqayisədə bir milyard kubmetr çox - yəni, 3 milyard kubmetrə qədər qaz almağa hazır olduğunu bildirdi. Biz də artan qaz həcmlərimizi bu sazişə əsasən "Qazprom"a, Rusiyaya çatdıracağıq.  Bu, ARDNŞ üçün çox gözəl bir sazişdir, imkan verir ki, artıq həcmlərimizi bizə münasib, sərfəli qiymətlərlə Rusiya bazarına çıxaraq".

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 24 yanvar.- S.  2.