Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev Goranboy rayonunda təmas xəttindəki «N»
saylı hərbi hissədə olmuşdur
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki "N" saylı hərbi hissədə olmuşdur.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına cəbhənin təmas xəttindəki mövcud vəziyyət barədə məlumat verdi. Bildirildi ki, cəbhə xəttində vəziyyət tam nəzarət altındadır. İndi təmas xəttində yerləşən hərbi birləşmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Yeni silah və sursatlarla təchizat nəticəsində Azərbaycan ordusu düşmənlə mübarizədə daha ciddi nəticələrə nail olur. Silahlı qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu bu nəticənin əldə olunmasında mühüm rol oynayır. Bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanının təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərləri və əsgərlərimizlə keçirdiyi görüşlər isə onlara Vətəni qorumağa, işğal altındakı torpaqlarımızı azad etmək üçün hər zaman savaşa qalxmağa ruhlandırır. Güclü ordu potensialımız bizi əsas məqsədimizə - işğal edilmiş torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. İndi Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanın hərbi xərcləri artıq 3 milyard 500 milyon dollara yaxındır. Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin artması dövlətin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Bunu şərtləndirən digər amillər isə obyektiv əsaslara söykənir. Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır.
Prezident İlham Əliyev xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif etdi.
Dövlətimizin başçısı hərbçilərlə
xatirə şəkli çəkdirdi.
Sonra
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏLİYEV çay
süfrəsi arxasında hərbçilərlə
görüşərək dedi:
- Bu
gün xidmətdə fərqlənən
döyüşçülərə təltiflər də
verildi. Siz bu təltiflərə layiqsiniz. Xidmətdə biliklərinizi,
peşəkarlığınızı, Vətənə sədaqətinizi
göstərmisiniz və bu ağır, çətin şəraitdə
düşmənlə üzbəüz, ön cəbhədə,
təmas xəttində xidmət göstərirsiniz.
Bütün
hərbi hissələrdə xidmət edən əsgərlər,
zabitlər böyük qiymətə layiqdirlər. Amma
xüsusilə, ön cəbhədə, düşmənlə
üz-üzə olan mövqelərdə xidmət göstərənlərə
xüsusi diqqət göstərilməlidir və onların fəaliyyəti
xüsusilə qiymətləndirilməlidir.
Ordu quruculuğu prosesi uğurla gedir. Keçən il, ondan əvvəlki illərdə silahlar,
texnikalar alınıb. Bu gün göstərilən
silahların bir hissəsi yeni alınmış silahlardır.
Həm özümüz istehsal edirik, həm də
ki, dünyanın aparıcı istehsalçılarından
lazımi texnikanı alırıq və alacağıq. Bu gün döyüş potensialına görə
ordumuz bölgənin ən qüdrətli ordusudur.
Hərbçilərin maddi təminatı da
yaxşılaşır. Bir neçə gün bundan əvvəl Nazirlər
Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi
bir daha bildirdim. Qeyd etdim ki, həm maaşlar artır və
artacaqdır, eyni zamanda, 20 il ərzində
qüsursuz xidmət göstərmiş zabitlər, gizirlər
dövlət tərəfindən mənzillərlə təmin
ediləcəklər. Bu proses başlanmışdır,
çox böyük vəsait tələb edən təşəbbüsdür.
Ancaq biz bunu etməliyik, çünki zabitlərimiz,
Vətənə sədaqətlə, peşəkarlıqla
xidmət edənlər dövlət tərəfindən daha
da böyük dəstəyi görməlidirlər.
Bu, bizim gözəl dağlarımızdır. Bu
dağların bir hissəsi düşmən tərəfindən
işğal edilib. Buradan, bizim
döyüş mövqelərimizdən sonra keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati
hüdudları başlayır. Dağlıq
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Sovet dövründə Dağlıq Qarabağın
müəyyən ölçüdə muxtariyyəti
olmuşdur, muxtar vilayət idi, ancaq yenə də Azərbaycan
Respublikasının tərkibində. Bu
gün də dünya birliyi Dağlıq Qarabağı Azərbaycan
torpağı kimi qəbul edir, tanıyır və bu, belə
də olmalıdır. Çünki
Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan
torpağıdır. "Qarabağ"
sözü Azərbaycan sözüdür. Mən şübhə etmirəm ki, biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Həm hazırda Dağlıq Qarabağın
inzibati hüdudlarından kənarda işğal edilmiş
torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir
və ediləcəkdir. Eyni zamanda,
Dağlıq Qarabağda Azərbaycan bayrağı
dalğalanmalıdır və dalğalanacaqdır. Mən buna şübhə etmirəm. Bizim artan siyasi gücümüz, hərbi
potensialımız o müqəddəs günü
yaxınlaşdırır.
Bu gün Azərbaycan böyük dərəcədə
inkişaf edir.
Əvvəlki dövrlərlə müqayisədə,
sözün əsl mənasında, çox böyük
inkişaf yolu keçmişdir. Müharibənin ilk illərində
xarici dəstəyin hesabına ermənilər və onlara
kömək edən xarici havadarlar torpağımızın zəbt
edilməsinə nail olmuşlar. Düzdür,
müharibə dövrünün son mərhələsində
Azərbaycan ordusu bir neçə kəndi düşməndən
boşaldaraq əhalisinin oraya qayıtmasına şərait
yaratmışdır. Ancaq müharibənin
ilk illərində bizdə nizami ordu yox idi. Ermənilər xüsusilə xaricdən alınan dəstəyə
görə, muzdluların, xarici dövlətlərin dəstəyi
hesabına torpaqlarımızı zəbt etmişlər.
Bu gün isə Azərbaycan ordusu Ermənistan
ordusundan bir neçə dəfə üstündür. İqtisadi göstəricilər haqqında
danışmaq bəlkə də yersizdir. Bizim
iqtisadi potensialımız Ermənistanınkından bəlkə
10 dəfə artıqdır. Bu gün
ordumuz, bir daha demək istəyirəm ki, həm peşəkarlıq,
həm döyüş qabiliyyəti, həm də maddi-texniki
təchizat baxımından bölgənin ən qüdrətli
ordusudur. Biz yenə də ordumuzu gücləndiririk.
Bu il hərbi məsələlərin həlli
üçün böyük vəsait nəzərdə
tutulur. Texnikalar, silahlar, döyüş təyyarələri,
helikopterlər, müasir cihazlar alınır. Biz texnoloji inkişafa üstünlük veririk.
Müasir dövrdə döyüş meydanında nəticəni
həm rəşadət, Vətənə bağlılıq,
sədaqət, həm də texnologiyalar müəyyən edir. Yeni
texnologiyalar müasir dövrdə döyüş
meydanında həlledici rol oynayır. Biz
müasir texnologiyaları tətbiq edirik. Bu
gün burada da mənə göstərildi. Biz düşmənin mövqelərini çox
yaxşı görürük, onların hərəkətlərini
də görürük. Bunu onlar da bilirlər.
Biz çalışırıq ki, ərazi
bütövlüyümüzü qan tökülmədən
bərpa edək. Bu məqsədlə
danışıqlar aparılır. Hələ
ki, bu danışıqların heç bir nəticəsi
olmamışdır. Ancaq bununla bərabər,
ərazi bütövlüyümüzü istənilən
yolla, o cümlədən hərbi yolla həll etmək bizim
suveren hüququmuzdur. Bu hüququ bizə
Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsi verir. Hər bir dövlət
özünü müdafiə etmək üçün
bütün imkanlardan istifadə edə bilər və etməlidir.
Ona görə biz hərbi
gücümüzün artırılmasına əlavə vəsait
ayıracağıq. Hərbi potensialın
gücləndirilməsi üçün əlavə tədbirlər
görəcəyik. Əlbəttə ki,
görülən bütün bu tədbirlərlə
yanaşı, döyüş hazırlığı, ruh yüksəkliyi
döyüş meydanında öz sözünü deməlidir
və deyəcəkdir.
Çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər,
Vətənə bağlıdırlar. Hər bir Azərbaycan
vətəndaşı Qarabağ ağrısı ilə
yaşayır. Bu, bizim böyük
yaramızdır və bu yara sağalmayana qədər Azərbaycan
xalqı rahat yaşaya bilməz. Mən bir
daha demək istəyirəm ki, bugünkü reallıq,
bölgədə gedən proseslər və Ermənistan ilə
Azərbaycan arasındakı qüvvələr nisbəti bizim
nikbinliyimizi artırır. Sizin bu
ağır dağlıq şəraitində, şaxtada,
soyuqda uğurlu xidmət aparmağınız nikbinliyimizi daha
da artırır.
İndi biz bütün hərbi şəhərciklərimizi
tikəcəyik, bərpa edəcəyik. Xüsusi
proqram qəbul edilib. Xidmət şəraiti
çox yaxşı olmalıdır. 2012-ci
ildə dövlət büdcəsində bu məqsədlə
böyük vəsait nəzərdə tutulub. İndi böyük hərbi bazalar tikilir. Hərbi Dəniz Donanması üçün Xəzər
hövzəsində böyük hərbi baza tikilir. Eyni zamanda, bütün hərbi hissələrdə,
bütün bölgələrdə yeni, müasir şəhərciklər,
bazalar tikilməlidir, əsgərlərin, zabitlərin şəraiti
yaxşı olmalıdır. Burada, dağlıq
ərazilərdə xidmət aparmaq üçün, əlbəttə
ki, çətinliklər vardır. O tərəf
düşməndir - bir kilometr o tərəfə düşməndir.
Siz onları görürsünüz, onlar da sizi
görür. Amma bizi düşməndən
fərqləndirən odur ki, biz öz
torpağımızdayıq. Onlar bizim
torpaqlarımızı zəbt ediblər. Bizim
başqa dövlətin torpağına iddiamız yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan dövləti
tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Mənim tövsiyələrimlə əlaqədar
alimlərimiz bu tarixə dair gözəl kitablar, elmi əsərlər
yaratmışlar. Xüsusilə, İrəvan
xanlığı bizim qədim tarixi
torpağımızdır. İrəvan
xanlığı, Zəngəzur, Qarabağ bizim ərazimizdir.
Buradan, siz xidmət apardığınız yerdən,
döyüş mövqelərindən Gülüstan kəndi
görünür. Həmin o
Gülüstan kəndidir ki, orada müqavilə
imzalanmışdır. Bu müqavilədən
və Türkmənçay müqaviləsindən sonra ermənilər
kütləvi şəkildə indiki İran ərazisindən
buraya köçürülmüşlər. Ermənilər özləri 1978-ci ildə
Dağlıq Qarabağda ermənilərin İrandan
Dağlıq Qarabağa köçürülməsinin 150
illik tarixini əks etdirən abidə ucaltmışlar.
Yaxşı, əgər onlar iddia edirlərsə ki,
Dağlıq Qarabağ onların tarixi torpağıdır,
necə ola bilər ki, ermənilərin
Dağlıq Qarabağa köçürülmələrinin
150 illiyini 1978-ci ildə onlar öz təşəbbüsləri
ilə qeyd ediblər. Yəni, o vaxt özləri
də etiraf etmişlər ki, 1828-ci ildə onlar bizim
torpağımıza gəlmişlər. Ondan
sonra azərbaycanlıları yavaş-yavaş
sıxışdırmağa başladılar. XX əsrdə bolşevik inqilabından sonra
Dağlıq Qarabağa Azərbaycanın tərkibində
muxtariyyət verilmişdir. O da bir cinayət idi. O
vaxtkı bolşevik hökumətinin azərbaycanlılara
qarşı böyük cinayəti idi. O muxtariyyətin
heç bir əsası yox idi. Çünki o
vaxt bu bölgənin əhalisinin mütləq əksəriyyəti
azərbaycanlılar idi. Muxtar vilayəti
yaratmaqla onlar, bu vəziyyəti şərtləndirdilər.
Ondan sonra, Sovet İttifaqının
dağılması ərəfəsində o vaxt Dağlıq
Qarabağda separatçı meyillərə rəvac verildi.
Xüsusi İdarəetmə Komitəsi
yaradıldı. Keçmiş Azərbaycan
rəhbərliyinin böyük cinayətidir ki, onlar bununla
razılaşdılar. Xüsusi İdarəetmə
Komitəsi faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan
ayırırdı. Moskvadan bir nümayəndə
gətirilmişdi. Təbii ki, o da ermənilərin
mövqeyini müdafiə edirdi. Ondan
sonrakı tarixi siz yaxşı bilirsiniz. Ancaq
biz ədaləti bərpa edəcəyik və edirik.
Bugünkü müstəqil Azərbaycan dövləti
dünyada böyük hörmətlə, rəğbətlə
qarşılanır. Tərəfdaşlarımızın
sayı artır, beynəlxalq mövqelərimiz güclənir.
Dünya ictimaiyyəti bizə inanır. Keçən ilin sonunda biz BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişik. 155
ölkə bizi dəstəklədi. Ermənistan
isə qorxaqcasına o mübarizədən çıxdı.
Çünki bilirdi ki, onları bəlkə də
heç 10-20 ölkə dəstəkləməz. Bu, onu göstərir ki, bizim siyasi çəkimiz nədən
ibarətdir.
Biz ordu quruculuğuna daim diqqət göstəririk, vəsait
ayırırıq. Keçirilən hərbi paradlar bizim
gücümüzü göstərir. Ərazi
bütövlüyümüzü bərpa etmək
üçün bütün imkanlar vardır. Bunu biz də bilirik, düşmən də, bu məsələ
ilə məşğul olan vasitəçilər də bilirlər.
Sülhü əldə etmək üçün bir şərt
vardır: Ermənistanın işğalçı qüvvələri
torpaqlarımızdan öz xoşu ilə rədd
olmalıdır. Hələ ki, gec deyildir.
Mən sizə xidmətdə uğurlar arzulayıram. Arzu edirəm
ki, siz bütün döyüş vəzifələrini həmişə
olduğu kimi, şərəflə yerinə yetirəsiniz və
ölkəmizin ərazi bütövlüyünün bərpası
üçün səylərinizi göstərəsiniz.
AzərTAc
Azərbaycan.- 2012.- 24 yanvar.- S. 2,
3.