Prezident İlham Əliyev Goranboyda
525 məcburi köçkün ailəsi üçün
salınmış məhəllənin
açılışında iştirak etmişdir
Azərbyacan Prezidenti İlham Əliyev
yanvarın 21-də Goranboyda 525 məcburi köçkün
ailəsi üçün inşa edilmiş beşmərtəbəli
9 yaşayış binasından ibarət məhəllənin
açılışında iştirak etmişdir.
Dövlətimizin
başçısı əvvəlcə Xocalı
soyqırımı qurbanlarının xatirə abidəsini
ziyarət edərək önünə gül dəstəsi
qoydu.
Sonra
Baş nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
Prezident İlham Əliyevə Naftalan şəhərində məcburi
köçkünlərin müvəqqəti məskunlaşdıqları
sanatoriyalardakı ağır
şərait və Goranboyda məcburi köçkün ailələri
üçün hündürmərtəbəli
yaşayış binalarından ibarət məhəllənin
baş planı və texniki-iqtisadi göstəriciləri barədə
məlumat verdi.
Qeyd edildi ki,
buradakı mənzillər bir, iki, üç və dörd
otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədi
ilə salınan bu məhəllədə bütün
lazımi tədbirlər görülmüşdür. Mənzillərin
elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə
həyata keçirilmişdir.
Bildirildi
ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək
2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış
qaçqın və 1942 məcburi köçkün ailəsi
üçün 6 qəsəbə və 690 mənzilli beşmərtəbəli 12 binadan
ibarət bir məhəllə salınmışdır.
Prezident İlham
Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim
Sadıqovun mənzilində oldu. Mənzildə yaradılan
şəraitlə yaxından tanış olan dövlətimizin
başçısı məcburi köşkün ailəsi ilə
söhbət etdi.
Prezident İlham
ƏLİYEV: Necəsiniz, nə var nə yox?
Qədim Sadıqov: Çox sağ
olun.
Prezident İlham ƏLİYEV:
Razısınız?
Qədim Sadıqovun həyat
yoldaşı: Çox razıyıq. Sağ olun, minnətdarıq.
Prezident İlham ƏLİYEV: Siz Naftalanda
yaşayırdınız?
Qədim Sadıqov: Bəli, "Goran"
sanatoriyasında.
Qədim Sadıqovun həyat
yoldaşı: Çox pis vəziyyətdə
yaşamışıq.
Prezident İlham ƏLİYEV: Şəkilləri
gördüm.
Qədim Sadıqovun həyat
yoldaşı: Bizi bu cür gözəl evlə təmin
etdiyinizə görə Sizə minnətdarıq.
Prezident İlham ƏLİYEV: Naftalanda
neçə il yaşamısınız?
Qədim Sadıqov: 20 ildir Naftalan şəhərində
yaşayırdıq. Çox pis vəziyyətdə
yaşayırdıq.
Prezident İlham ƏLİYEV: O vaxt orada
bütün sanatoriyalar pis vəziyyətdə idi. Şərait çox pis idi.
İndi gözəl mənziliniz
vardır. Bütün şərait
yaradılmışdır. Burada rahat
yaşamaq olar.
Qədim Sadıqov: Çox sağ
olun, Sizin sayənizdə.
Əli HƏSƏNOV: Bu ailə çox
böyük faciələr yaşayıb. Xanımın
atası, anası Xocalıdan çıxanda həlak olublar.
Bir nəsildən 28 nəfər şəhid
olub. Ümumiyyətlə, orada elə bir
ailə yoxdur ki, itkisi olmasın.
Prezident İlham ƏLİYEV: Burada gözəl
şərait yaradılıb.
Qədim Sadıqov: Hörmətli cənab
Prezident! Bizə yaratdığınız bu
gözəl şəraitə görə Sizə ailəmiz
adından minnətdarlığımızı bildiririk.
Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Burada rahat yaşayın. Burada
yaşamaq üçün hər cür şərait,
uşaqlar üçün musiqi məktəbi vardır.
Ancaq torpaqlarımız işğaldan azad olandan
sonra əvvəlki yerdə daha da gözəl evlər tikəcəyik.
Əlbəttə, bir halda ki, burada belə
gözəl evlər tikirik, Xocalını, Şuşanı
mütləq yenidən quracağıq.
Sonra Azərbaycan Prezidenti məhəllədə
inşa olunmuş Xocalı şəhər 1 nömrəli
musiqi məktəbində yaradılmış şəraitlə
tanış oldu.
Məktəbin foyesində ümummilli lider
Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalıdan olan məcburi
köçkünlərlə görüşlərini əks
etdirən fotostendlər yaradılmışdır. Burada ayrıca "Xocalı faciəsi - xalqın qan
yaddaşı" adlı fotoguşə də vardır.
Foyedə həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin
inkişafına göstərdikləri diqqət və
qayğını, eləcə də Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təhsillə bağlı həyata keçirdiyi
irimiqyaslı layihələri əks etdirən guşələr
yaradılmışdır.
Məlumat verildi ki, musiqi məktəbində
tar, qarmon, nağara və fortopiano sinifləri
yaradılmışdır. Burada
uşaqların musiqini dərindən mənimsəmələri
üçün hər cür şərait vardır.
Prezident İlham Əliyev məktəbin
zalında Xocalı rayonundan olan məcburi köçkünlərin
ifasında musiqi nömrələrini dinlədi, onlarla xatirə
şəkli çəkdirdi.
Daha sonra dövlətimizin
başçısı yeni məhəllənin sakinləri və
rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasim
iştirakçılarını salamlayaraq dedi:
- Sizi təbrik edirəm. Burada
doğrudan da, gözəl şəhərcik
yaradılmışdır. Düz bir il
bundan əvvəl burada birinci evlər istifadəyə
verilmişdir. O vaxt da gəlmişdim, bu layihələrlə
də tanış olmuşdum. O vaxt tikinti
gedirdi və mənə məruzə edildi ki, burada gözəl
beşmərtəbəli evlərdən ibarət bir şəhərcik
tikiləcəkdir. Bu gün evlər
hazırdır və siz artıq bu evlərə köçməyə
başlayırsınız. Şərait də
yaxşıdır, yəni, artıq bu bir standartdır. Bu standart həmişə gözlənilir -
yaraşıqlı, işıqlı, gözəl evlər.
Sizin əvvəlki yaşayış yeriniz o qədər
də uyğun deyildi. Orada göstərilən
fotoşəkillərdən görünür. Naftalan şəhərində, köhnə
sanatoriyalarda məskunlaşmışdınız. Orada vəziyyət çox ağır idi. Burada isə vəziyyət müqayisəedilməz dərəcədə
fərqlidir. Bütün şərait var,
gözəl, yaraşıqlı musiqi məktəbi, orta məktəb,
uşaq bağçası. Burada
bütün infrastruktur yaradılıbdır. Yəni, yaşamaq üçün bütün
şərait vardır.
Goranboy rayonunda artıq belə layihələrin
sayı artmaqdadır. Mən yaxşı
xatırlayıram, 2002-ci ildə ulu öndər
Aşağı Ağcakənd kəndində yeni
salınmış qəsəbənin
açılışında iştirak etmişdir. Mən də iştirak edirdim, Əli müəllim də.
Yadımdadır, biz dayanmışdıq, ulu
öndər ürək sözlərini deyirdi. Bu, birinci belə addım idi. Birinci və
çox önəmli! Çünki
Aşağı Ağcakənd yaşayış məntəqəsi
qədim Azərbaycan torpağıdır, həmişə də
Azərbaycan torpağı olmuşdur. Tarixən
də Azərbaycan torpağıdır və orada Ermənistandan
köçən qaçqınları və Xocalı
köçkünlərini yerləşdirmək doğrudan
da, böyük bir hadisə idi.
O vaxtdan bu günə qədər biz bu sahədə
ulu öndərin yolu ilə gedirik. Onun tövsiyələrini
yerinə yetiririk, onun vəsiyyətinə sadiqik. Artıq beşinci ildir ki, bir dənə də olsun
çadır şəhərciyi yoxdur. Biz
2007-ci ildə sonuncunu ləğv etdik. Gözəl
binalar tikilir, qəsəbələr salınır, 70-dən
yuxarı qəsəbə salınmışdır. On minlərlə köçkün gözəl
şəraitlə təmin edilmişdir. O cümlədən,
yenə də deyirəm, Goranboy rayonunda belə tədbirlərin
sayı çoxdur. Keçən il,
düz bir il bundan əvvəl, fevral ayında burada idim. 2009-cu ildə Veyisli kəndində buna oxşar tədbirdə
iştirak etmişəm. Bu gün də sizinlə birlikdəyəm.
Bir ay bundan əvvəl - dekabr
ayında biz Ağcabədi rayonunda gözəl şəhərciyin
açılışında iştirak etmişik. Yəni,
bu proses sürətlə gedir. Bu proses çox geniş
vüsət alır. Bir neçə gün
bundan əvvəl Nazirlər Kabinetinin toplantısında mən
qarşıya vəzifə qoydum ki, bu gün bu məqsədlər
üçün nəzərdə tutduğumuz məbləğin
üstünə əlavə vəsait ayırmalıyıq,
110 milyon manat nəzərdə tutulmuşdur. Mən Nazirlər Kabinetinə tapşırıq
verdim ki, bu məbləği 2-3 dəfə artıraq və
artıq məsələ müzakirə edildi. Bu il tikintilərə 300 milyon manat sərf ediləcəkdir.
Yəni, bu vəsaitlə 14 minə qədər
köçkün gözəl evlərə, qəsəbələrə
köçürüləcəkdir.
Bu, doğrudan da, böyük təşəbbüslərdir. Düzdür, böyük vəsait tələb edir.
Ancaq indi Azərbaycan güclü dövlətdir.
Biz güclü iqtisadiyyat yaratmışıq.
Maliyyə vəziyyətimiz də
yaxşılaşır. Ölkə
qarşısında duran ən vacib məsələ
hansıdır?! Mən bunu dəfələrlə
demişəm, bir daha demək istəyirəm, ən vacib məsələ
köçkünləri normal evlərlə, mənzillərlə
təmin etməkdir.
Hər bir sahə prioritetdir. Əgər iqtisadiyyat inkişaf etməsə, maddi
imkanlarımız da olmayacaq. Ancaq maddi
imkanları hansı istiqamətə yönəltmək əlbəttə
ki, dövlətin siyasətindən asılıdır. Bizim siyasətimiz isə çox
açıqdır, aydındır, birmənalıdır.
Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Azərbaycan vətəndaşı
bizim bütün işlərimizin təkanverici amilidir. Hər şey insanlar üçündür. Hər şey ən ağır vəziyyətdə
yaşayanlar üçündür. Bizdə
ən ağır vəziyyətdə köçkünlər
yaşayır. Nazirlər Kabinetinin
toplantısında çıxışında Əli müəllim
qeyd etdi ki, köçkünlərin arasında yoxsulluq 74
faizdən 18 faizə düşmüşdür. Çox yaxşı göstəricidir, ancaq yenə
də çoxdur. Çünki ölkə
üzrə bu göstərici 8 faizdən
aşağıdır. Biz həm evlərin tikintisi, həm
köçkünlərin məşğulluğunun
artırılması istiqamətində daha da böyük
addımlar atmalıyıq, atacağıq və əminəm ki, yoxsulluq daha da
aşağı düşəcəkdir.
Əlbəttə, siz yaxşı
bilirsiniz ki, köçkünlər bütün kommunal ödənişlərdən
azaddırlar. Bu, bizim dövlət siyasətimizdir.
Bu siyasət davam etdirilməlidir. Torpaqlarımız işğalçılardan azad
olandan sonra gözəl evləri həmin torpaqlarda tikəcəyik.
Ondan sonra orada iş yerləri də, infrastruktur da
yaradılacaqdır. Əlbəttə ki, o vaxt
bu güzəştlərə ehtiyac qalmayacaqdır. Amma nə qədər ki, siz müvəqqəti
yaşayış yerlərində yaşayırsınız,
bu güzəştlər olmalıdır.
Mən bu gün buraya gəlməmişdən
əvvəl təmas xəttində olmuşam, əsgərlərlə,
zabitlərlə görüşmüşəm. Təmas
xətti düz Dağlıq Qarabağın, keçmiş
muxtar vilayətin
hüdudlarında yerləşir. Çox
şadam ki, hərbçilərdə ruh yüksəkliyi
yaxşı səviyyədədir, döyüş qabiliyyəti,
yeni texnika, silahlar, sursatlar, təminat yüksək səviyyədədir.
Qarşı tərəfə baxarkən bir daha əmin
oldum, bir daha fikirləşdim ki, biz mütləq o torpaqlara
qayıdacağıq.
Başqa cür ola da
bilməz. Bu inam getdikcə artır. Mən buna ürəkdən inanıram və istəyirəm
ki, hər bir vətəndaş buna inansın. Biz qayıdacağıq və qayıtmaq
üçün nə lazımdır onu edirik. Həm danışıqlar aparırıq, həm
iqtisadiyyatımızı gücləndiririk, siyasi təşəbbüslərlə
çıxış edirik, hərbi gücümüzü
artırırıq.
Bütün bu amillər Azərbaycanın
üstünlüyünü göstərir. Vaxt gələcək bu üstünlük
reallığa çevriləcək, həyatda öz əksini
tapacaqdır. Çünki Dağlıq
Qarabağ daxil olmaqla hazırda işğalda olan bütün ərazilər
dədə-baba torpaqlarımızdır. Bizim
vətəndaşlar bu torpaqlara qayıtmalıdırlar,
qayıdacaqlar. Əsrlər boyu o torpaqlarda
biz yaşamışıq, biz də yaşayacağıq.
Sadəcə olaraq mən istəyirəm ki, bunu
tezliklə edək. Biz bütün səyləri
buna yönəldirik. Əfsuslar olsun ki, bu,
hələ mümkün deyildir. Ancaq məndə
zərrə qədər şübhə yoxdur ki, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Ancaq hələ ki, bu mümkün deyildir.
Sizin üçün belə gözəl evlər
tikilir. Bir daha demək istəyirəm ki, -
mən demək olar hər dəfə köçkünlərlə
görüşəndə bunu qeyd edirəm, - bu, müvəqqəti
yaşayış yeridir. Yaxşı
yerdir, ancaq müvəqqətidir. Bundan da
gözəl evlər tikiləcəkdir. O cümlədən,
Xocalıda, Kəlbəcərdə, Laçında və
bütün başqa torpaqlarda.
Biz 2012-ci ili bu gözəl
tədbirlə başlayırıq. Bu gün, eyni zamanda, Gəncədə
ölkəmizin inkişafı üçün çox vacib olan böyük
alüminium zavodunun və digər obyektlərin
açılışını qeyd etdik. Mən çox
şadam ki, biz 2012-ci ili məhz bu gözəl
tədbirlərdən başlayırıq. Nəzərə
alsaq ki, bu il bu məqsədlər
üçün, yəni, köçkünlərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün rekord məbləğ
ayrılacaq, belə görüşlər, belə tədbirlər
çox olacaqdır.
* * *
Məhəllə sakini Məmməd
BAXIŞOV yaradılan gözəl şəraitə,
bütövlükdə qaçqın və məcburi
köçkünlərə göstərdiyi sonsuz diqqət və
qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq
edərək dedi:
- Hörmətli Prezident! İcazə verin,
məcburi
köçkünlər üçün bu gözəl
şəraiti yaratdığınıza görə Sizə
minnətdarlığımızı bildirək. Allah
ömrünüzü uzun etsin! Ulu öndərimizin
davamçısısınız, həmişə Sizinlə
olmuşuq, Sizi dəstəkləmişik. Belə
də olmalıdır. Ötən il
dekabrın 24-ü bizim üçün ən yadda qalan
gün oldu. Həmin gün Siz xalqın
arasında oldunuz və dediniz ki, mən yenə də ailəmlə
bir yerdəyəm. Sizin
bu addımınız bizi sevindirdi, ruhlandırdı.
Allah Sizə uzun ömür versin! Allah nə
muradınız varsa versin! Çox sağ
olun, minnətdarıq.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-
2012.- 24 yanvar.- S. 3, 4.