Azərbaycan Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak etmişdir

 

 Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 420 şagirdin təhsil alacağı rus dili təmayüllü məktəbin binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.

Qeyd edildi ki, məktəbin 1935-ci ildə tikilmiş əvvəlki binası son dövrlərdə tamamilə yararsız və qəzalı vəziyyətdə idi. Təhsil ocağının yeni binasının tikintisinə ötən ilin əvvəllərində başlanmış, bunun üçün 0,5 hektar torpaq sahəsi ayrılmışdır. İkimərtəbəli bina qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunmuşdur.

Prezident İlham Əliyev məktəblə yaxından tanış oldu. Foyedə   ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri  diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. Məktəbin sinif otaqlarında, laboratoriyalarında  və müxtəlif təyinatlı digər  otaqlarda yüksək səviyyəli təhsil almaq üçün hər cür şərait yaradılmışdır.

Dövlət başçısı  siniflərdə dərs prosesi üçün yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, məktəbin akt zalı müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. Şagirdlər nəzəri biliklərini laboratoriyalarda təcrübələrlə daha da möhkəmləndirəcəklər.

Prezident İlham Əliyev məktəbin müasir tələblərə cavab verən idman zalında Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında qızıl medal qazanmış Elmar Muxtarov, idmanın müxtəlif növləri üzrə Goranboydan olan dünya, Avropa və Azərbaycan çempionları və digər gənc idmançılarla görüşdü. Qeyd olundu ki, son illərdə respublikamızın bölgələrində, o cümlədən Goranboy rayonunda da bədən tərbiyəsi və idman hərtərəfli inkişaf edir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün silsilə və kompleks tədbirlər reallaşdırılır. Xüsusi vurğulandı ki, Prezident İlham Əliyevin 2012-ci ili ölkəmizdə "İdman ili" elan etməsi də bu sahənin daha da inkişafına təkan verəcəkdir.

Azərbaycan Prezidenti gənc idmançılarla xatirə şəkli çəkdirdi.

İnformatika otağında yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, bütün kompyuterlər internetə qoşulmuşdur.

Məktəbin direktoru dövlət başçısına minnətdarlıq edərək dedi:

- Goranboy camaatı adından Sizə dərin minnətdarlığımı bildirirəm. Mehriban xanıma minnətdarlığımı bildirirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun. Bizdə əfsuslar olsun ki, hələ də qəzalı vəziyyətdə məktəblər vardır.

Direktor: Şəhər 3 nömrəli məktəb yeganə rus dili təmayüllü məktəbdir. Çox bərbad vəziyyətdə idi. İndi uşaqlar böyük sevinc içindədirlər.

Prezident İlham ƏLİYEV: Rus məktəbi kimi fəaliyyət göstərir. Amma burada ruslar azdır.

Direktor: Azdır. Amma xarici dövlətə gedib orada oxuyub qayıdırlar.

Prezident İlham ƏLİYEV: Bəli. Əlbəttə, oxumaq lazımdır. Rus dilini də bilmək lazımdır.

Direktor: 61 müəllimimiz vardır. Onların adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Məlumat verildi ki, məktəbin inzibati otaqları rahatlığı ilə diqqəti cəlb edir. Məktəbin kitabxanasında 5 mindən artıq ədəbiyyat toplanmışdır. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən guşə də yaradılmışdır. Məktəbdə şagirdlərin asudə vaxtlarının təşkili üçün də hər cür şərait vardır.

Dövlət başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-24 yanvar.- S.  5.