Avropa Şurası Parlament
Assambleyasının yeni sədri seçilmişdir
Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA) qış
sessiyası ənənəvi olaraq büro və siyasi qruplarda
keçirilən yığıncaqlardan qurumun yeni sədrinin
seçkisi ilə öz işinə
başlamışdır.
Avropalı
deputatlar yekdilliklə Fransanın AŞ PA yanındakı daimi
nümayəndəsinin rəhbəri Jan-Klod Minonun namizədliyini dəstəkləmişlər.
Yeni
sədr ondan əvvəl bu vəzifəni aparmış həmkarlarının
Avropa Şurasının (AŞ) prinsiplərinə sadiq
qalaraq, onun imicinin yüksəlməsinə öz töhfələrini
verdiklərini yüksək qiymətləndirmiş,
AŞ-ın əsas prioritetləri olan demokratiya, insan
haqları və qanunun aliliyinin inkişafında mühüm və
əhəmiyyətli addımlar atıldığını
diqqətə çəkmiş və qurumun əldə etdiyi
dəyərlərin daha da zənginləşməsinə
bütün qüvvə və bacarığı ilə səy
göstərəcəyini bildirmişdir.
Avropa
məkanındakı dondurulmuş münaqişələrə,
o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə toxunan Jan-Klod Mino
onların dialoq yolu ilə həllini dəstəklədiyini bəyan
etmişdir.
Sonra
AŞ PA sədrinin yeni müavinlərinin seçkisi
keçirilmişdir. AŞ nizamnaməsinə uyğun olaraq sədrin
19 müavini seçilmişdir.
Sessiyanın
gündəliyinin müzakirəsi zamanı Rusiyada
keçirilmiş dumaya seçkilər və
qarşıdakı prezident seçkiləri ilə
bağlı məsələnin təxirə salınmadan təcili
müzakirə edilməsi ətrafında fikir
ayrılığı yarandığından həmin məsələ
səsə qoyulmuşdur. 94 deputat lehinə və 94 nəfər
isə əleyhinə səs verdiyindən məsələnin
təcili müzakirəyə çıxarılması
gündəlikdən çıxarılmışdır.
Deputatlar
Macarıstanda demokratiyanın vəziyyəti ilə
bağlı məsələni təcili deyil, yaz
sessiyasında müzakirə edilməsini qərara
almışlar.
AŞ
PA-nın keçmiş sədri sessiyada iki illik fəaliyyəti
ilə bağlı çıxışında
tolerantsızlığa və diskriminasiyaya qarşı
mübarizə apardığını, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi üzrə alt
komitənin fəaliyyətinin bərpasına nail olduğunu
xatırlatmış, dinlərarası və mədəniyyətlərarası
dialoqun fəaliyyətinin əsas tərkib hissəsi təşkil
etdiyini, ayrı-ayrı ölkələrə səfərləri
zamanı həmin ölkələrdə demokratiyanın
inkişafına çağırışlar etdiyini
bildirmişdir.
Mərakeşdə
keçirilmiş seçki ilə bağlı məruzəçi
hələ 12 il bundan əvvəl bu ölkədə
islahatlara start verildiyini, əhalisinin 45 faizinin savadsız
olduğu Mərakeşdə islahatların həyata
keçirilməsinin müəyyən çətinliklərlə
qarşılaşdığını, buna baxmayaraq digər ərəb
ölkələri ilə müqayisədə bu ölkədə
vəziyyətin sabit olduğunu demişdir.
Rusiya
Dumasına keçirilmiş seçkiləri müşahidə
edən AŞ-ın deputat qrupunun rəhbəri hollandiyalı
deputat seçkilər zamanı bəzi məntəqələrdə
pozuntulara yol verilməsinin seçicilərin haqlı
narazılığına səbəb olduğunu, onun nəticələri
ilə razılaşmayan vətəndaşların
nümayiş keçirdiklərini, xalqın haqlı tələbini
nəzərə alan dövlət rəhbərlərinin
seçki sistemində müəyyən dəyişikliklər
etdiyini müsbət hal kimi qeyd etmişdir.
Bununla
qış sessiyasının iş gününün birinci
yarısı başa çatmışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.- 2012.- 24 yanvar.- S. 5.