Beynəlxalq sülh, əməkdaşlıq, şəffaflıq və çoxşaxəlilik prinsiplərinə sadiq qalan Azərbaycan 2011-ci ildə sülhə, təhlükəsizliyə və sabitliyə qarşı təhdid və risklərlə mübarizədə beynəlxalq səylərə fəal şəkildə cəlb olunmuşdur

 

Beynəlxalq sülh, əməkdaşlıq, şəffaflıq və çoxşaxəlilik prinsiplərinə sadiq qalan Azərbaycan 2011-ci ildə sülhə, təhlükəsizliyə və sabitliyə qarşı təhdid və risklərlə mübarizədə beynəlxalq səylərə fəal şəkildə cəlb olunmuşdur. Dövlətimiz  məqsədyönlü və davamlı olaraq ən müxtəlif sahələrdə beynəlxalq əlaqələrin dəstəklənməsi və genişlənməsi siyasəti aparmış, qlobal və regional qarşılıqlı fəaliyyət proseslərində effektiv iştirak etmiş, dünya arenasında özünü əhəmiyyətli və çox faydalı oyunçu kimi göstərmişdir.

AzərTAc xəbər verir ki, bu fikirlər yanvarın 23-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 2011-ci il üçün yekun hesabatında  qeyd edilmişdir.

Buraxılışda ötən 2011-ci ilin beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətinin və əməkdaşlığın artması fonunda mürəkkəb və ziddiyyətli olduğu, dünyanın sabitliyi və inkişafına ciddi təhlükə yaradan böhranlı vəziyyətlərin və qarşıdurmaların yaranması ilə yadda qaldığı bildirilmişdir.

Qeyd edilmişdir ki, xüsusən, Şimali Afrika və Yaxın Şərq regionunda bəzi vaxtlarda vətəndaş müharibəsinə belə səbəb olan sosial narazılıq dalğaları, nüvə silahının yayılması problemi ətrafında gərginlik, davam edən regional münaqişələr, maliyyə böhranı tendensiyaları müasir dünyanın kövrəkliyini və qarşılıqlı asılılığını tam olaraq əks etdirmişdir. Digər tərəfdən, bütün bu tendensiyalar həlli yalnız geniş beynəlxalq formatda, qlobal və regional səviyyələrdə mümkün olan vəzifələri şərtləndirmişdir.

Hesabatda ölkənin beynəlxalq fəaliyyəti və xarici siyasətinin Azərbaycan diplomatiyasının əsas səylərini və resurslarını cəmləşdirərək, hər şeydən əvvəl milli prioritetlərə, o cümlədən ərazi bütövlüyünün bərpasına, dövlətçiliyin möhkəmlənməsi maraqlarına, müdafiə qabiliyyətinə, sosial həmrəylik və demokratiyaya və davamlı inkişafa yönəldildiyi vurğulanmışdır.

Qeyd edilmişdir ki, 2011-ci il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə danışıqlar davam etdirilmişdir. İl ərzində davam etmiş danışıqlarda ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi və digər mövqelərdən çıxış etmişdir.

Azərbaycan işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşdırma, məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulmasına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirmişdir. Azərbaycan tərəfinin təşəbbüsü ilə 2010-cu ilin 6-13 oktyabr tarixlərində işğal olunmuş ərazilərə ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında təşkil edilmiş beynəlxalq dəyərləndirmə missiyasının hesabatı cari ilin mart ayında açıqlanmışdır. Hesabatda Azərbaycan tərəfinin narahatlığının əsaslı olduğu, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma faktlarının aşkarlandığı, yaşayış məntəqələrinin talan edildiyi öz əksini tapmışdır. Dəyərləndirmə missiyası bölgədəki status-kvonun qəbuledilməz olduğunu bir daha təsdiq etmişdir.

Azərbaycan regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində, dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsinə ümidvardır. Həmçinin Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri - ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında problemin birdəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar ediləcəyinə ümid bəsləyir.

Hesabatda bildirilmişdir ki, 2011-ci ildə Azərbaycan Respublikası mötəbər qlobal və regional təşkilatların işində də fəal və səmərəli əməkdaşlığını davam etdirmişdir. Ölkəmizin 2011-ci il  oktyabrın 24-də keçirilən 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə 155 dövlətin dəstəyini qazanaraq qalib gəldiyi də diqqətə çatdırılmışdır. Bu qələbənin Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük qələbələrdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz göstəricisi olaraq qəbul edildiyi deyilmiş, Prezident İlham Əliyevin bu münasibətlə verdiyi bəyanatındakı, "Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir" fikri xüsusi vurğulanmışdır. SSRİ-nin dağılmasından bu yana Azərbaycan bu mötəbər quruma qeyri-daimi üzv olan II, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda isə ilk postsovet ölkəsidir.

Hesabatda Azərbaycanın 2011-ci il  mayın 26-da İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilməsi də xatırlanmışdır. Bildirilmişdir ki, ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyünün Təşkilata üzv dövlətlərlə səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini və Azərbaycanın Hərəkatın beynəlxalq münasibətlər sistemindəki konstruktiv rolunun artırılmasında öz səylərini əsirgəməyəcəyinə əminlik  ifadə edən hərəkatın 118 üzvü birtərəfli qaydada  Azərbaycana dəstək nümayiş etdirmişlər.

Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikası Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan etmişdir. Təşkilata tam hüquqlu üzvlük 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizəd olan ölkəmizin Asiya, Afrika və Latın Amerikası ölkələrindən dəstək alması işində əhəmiyyətli addım olmuş və Azərbaycan seçkilərdə hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

İl ərzində Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların seçki strukturlarında daha yaxşı təmsilçiliyinin təminatı üzrə iş aparılması diqqət mərkəzində olmuşdur. Azərbaycan ötən ildə UNESCO-nun 36-cı sessiyası zamanı təşkilatın bir neçə vəzifə və alt-qurumlarına üzv seçilməyə nail olmuşdur. Sessiya çərçivəsində ölkəmiz yekdilliklə Baş Konfransın vitse-prezidentlərindən biri seçilmişdir. Eyni zamanda, təşkilatın nəzdində fəaliyyət göstərən Fiziki təhsil və idman üzrə hökumətlərarası komitəyə, eləcə də Qeyri-qanuni mənimsənilən mədəni mülkiyyətin restitusiyası və mənsub ölkəyə qaytarılmasının təşviq edilməsi üzrə hökumətlərarası komitəyə, habelə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il konvensiyasının ikinci protokolunun iştirakçı dövlətlərinin 4-cü iclasının müvafiq komitəsinə dörd il müddətinə üzv seçilməyə müvəffəq olmuşdur. 2011-ci il noyabrın 22-dən 29-dək İndoneziyanın Bali adasında keçirilmiş Qeyri-maddi irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin VI sessiyası zamanı ölkəmiz Komitənin vitse-prezidenti seçilmişdir. Bununla yanaşı, BMT-nin İnsan hüquqları şurasının məsləhətçi komitəsinin prezidenti vəzifəsinə Azərbaycan nümayəndəsi seçilmişdir.

2011-ci ildə ölkəmiz  digər mötəbər beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə də ənənəvi yüksək əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm vermişdir. İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması  üzrə Azərbaycanın tutduğu ədalətli mövqeyi bir daha bütün üzv ölkələr tərəfindən dəstəklənmiş və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi", həmçinin "Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması" haqqında qətnamələr yekdilliklə qəbul edilmişdir.

Azərbaycanın xarici siyasət kursunda Avropa və Avratlantik strukturlar ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı prioritet sahələrdən birini təşkil etdiyindən, ölkəmiz bu istiqamətdə də uğurlu fəaliyyətini davam etdirmişdir.

2011-ci ildə Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri xüsusilə intensiv qarşılıqlı yüksək səviyyəli səfərlərin baş tutması ilə əlamətdar olmuş, həmçinin tərəflər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində sənədlərin imzalanması ilə müşahidə olunmuşdur.

Azərbaycan Respublikasına səfəri çərçivəsində 2011-ci il yanvarın 13-də "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu tərəfindən Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında Hərtərəfli İnstitusional Quruculuq Proqramının Çərçivə Sənədi üzrə Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma Memorandumu" imzalanmışdır.

Aİ ilə ölkəmiz arasında ikitərəfli əməkdaşlıq təsisatlarının  iclasları konstruktiv və səmərəli olaraq Brüsseldə və Bakıda keçirilərək davam etdirilmiş, tərəflər arasında tərəfdaşlıq üzrə siyasi, iqtisadi və humanitar istiqamətlər üzrə məsələlər müzakirə olunaraq ümumi maraq kəsb edən sahələri əhatə etmişdir.

Avropa İttifaqı Şurası tərəfindən 2011-ci il  dekabrın 9-da readmissiya və viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında danışıqların aparılması üzrə Avropa Komissiyasına mandat verilmişdir.

Aİ ilə münasibətlər müstəvisində ölkəmiz 2011-ci ildə Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında fəal iştirakını davam etdirmişdir.

2011-ci ildə ölkəmizin Avropada mötəbər təşkilatlardan biri olan Avropa Şurasında üzvlüyünün X  ildönümünün qeyd edilməsi ərəfəsində, Avropa Şurasının Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda insan hüquqlarının müdafiəsi, demokratikləşdirmə və qanunun aliliyi sahəsində əldə edilmiş nailiyyətlərə qiymət verilərək, ölkəmizə münasibətdə 2001-ci ildən etibarən tətbiq olunan Aqo adlandırılan xüsusi monitorinq mexanizmi aradan qaldırılmışdır. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının 2011-ci il  yanvarın 28-də keçirilmiş iclasında Dağlıq Qarabağ üzrə alt komitəsinin fəaliyyətinin bərpa edilməsinə dair qərar yekdilliklə qəbul edilmişdir.

Azərbaycanın NATO ilə də tərəfdaşlıq münasibətləri inkişaf etdirilmişdir. Siyasi dialoq zamanı müdafiə sahəsində islahatlar, praktiki əməkdaşlıq, regionda təhlükəsizlik məsələləri, Azərbaycan-NATO münasibətlərinin gələcək inkişafı, o cümlədən Fərdi Tərəfdaşlıq Planının III mərhələsinin başlanması, əməliyyatlar, enerji təhlükəsizliyinə dair məsələlər müzakirə edilmişdir. Bununla yanaşı, NATO-nun Mənzil Qərargahında enerji təhlükəsizliyi üzrə "28+1" formatında iclas keçirilmişdir.

NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) III dövrəsinin başlanılması istiqamətində aparılan müzakirələrin nəticəsi olaraq, 2011-ci il dekabrın 20-də FTƏP-in III dövrə sənədi qəbul olunmuşdur.

2011-ci ildə Azərbaycan Əfqanıstan üzrə beynəlxalq siyasi proseslərdə fəal iştirak etmişdir. Ölkə rəsmiləri Almaniyanın Berlin şəhərində keçirilən NATO-nun ISAF əməliyyatına töhfə verən dövlətlərin xarici işlər nazirləri səviyyəsində qeyri-formal iclasda və Bonn şəhərində keçirilən Əfqanıstan üzrə Beynəlxalq Konfransda, eləcə də NATO Mənzil Qərargahında Şimali Atlantika Şurasının ISAF-a töhfə verən qeyri-NATO dövlətləri ilə xarici işlər nazirləri səviyyəsində keçirilən iclasında iştirak etmişdir.

Hesabatda diqqətə çatdırılmışdır kİ,  ötən il çoxtərəfli beynəlxalq əməkdaşlıq münasibətlərimiz bir sıra regional təşkilatlar, o cümlədən AQEM, MDB, GUAM, QİƏT, İƏT və s. çərçivəsində də davamlı olaraq inkişaf etdirilmişdir. Regional məsələlərin müzakirəsi və ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə 2011-ci ildə Almatı şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Birinci Zirvə Toplantısı çərçivəsində TDƏŞ-in Dövlət Başçıları Şurasında (DBŞ) "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsi" və "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Prosedur Qaydaları"nın təsdiq edilməsi haqqında Qərar imzalanmış və s. TDƏŞ-in Xarici İşlər Nazirləri Şurası (XİNŞ) tərəfindən qəbul edilmişdir.

Ötən il ərzində, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasında da oynadığı rol artmışdır. 2011-ci ilin aprel ayında Bakıda BMT, Avropa Şurası, UNESCO, İSESCO və "Evronyus"un dəstəyi ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, təcrübə mübadiləsi aparılmışdır. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva, dünyanın müxtəlif ölkələrindən gələn siyasi, ictimai, elm və təhsil xadimləri, jurnalistlər və QHT-lərin nümayəndələri də iştirak etmişlər.

2011-ci il  mayın 31-dən iyunun 2-dək Bakıda UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyası keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Hökumətinin dəstəyi  ilə UNESCO, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və AMEA tərəfindən təşkil olunan tədbirdə 80-ə yaxın xarici qonaq, Azərbaycan Hökumətinin nümayəndələri, elm xadimləri, Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri və başqaları iştirak etmişlər.

2011-ci il oktyabrın 10-11-də Prezident İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedevin himayəsi altında Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forumda 30-dan çox ölkədən 300-ə yaxın nümayəndə, o cümlədən sabiq dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, Milli Elmlər Akademiyalarının prezidentləri, tanınmış ictimai xadimlər və digər yüksək səviyyəli qonaqlar iştirak etmişlər.

Bütövlükdə, 2011-ci il ərzində Prezident İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycan Respublikasına rəsmi səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyalarının iclasları, digər səviyyələrdə rəsmi səfərlər mübadiləsi nəticəsində 40-dan artıq dövlətlə 120-yə yaxın ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada hüquqi qüvvəyə minməsi təmin edilmişdir.

Enerji siyasətinin xidmət etdiyi iqtisadi diplomatiyamızın əsas vəzifəsi ötən illərdə olduğu kimi, bu ildə də Azərbaycan Respublikasının dinamik və davamlı inkişafı istiqamətində ölkəmizin regional və beynəlxalq aləmdə artan nüfuzunun və milli maraqlarımıza cavab verən əlverişli mühitin təmin edilməsi olmuşdur. Azərbaycan 2011-ci ildə regionun aparıcı ölkəsi olaraq, regional inkişafa töhfə vermişdir.

Ölkəmiz tərəfindən Qazaxıstanın Aktau şəhərində keçirilmiş "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın Tərəf Dövlətlərinin Üçüncü Konfransı çərçivəsində "Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokol"un imzalanması tədbirin yüksək əhəmiyyət və məhsuldarlığının göstəricisi olmuşdur.

2011-ci ildə xarici ölkələrdə baş vermiş təbii fəlakətlər ilə bağlı və inkişafa dəstək çərçivəsində Azərbaycan tərəfindən xarici ölkələrə edilən maliyyə və texniki yardımların, habelə beynəlxalq təşkilatlara edilən ianələrin çoxalması ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına xidmət etmiş və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətlərdə bu sahədə aparılmış məqsədyönlü siyasət özünəməxsus rol oynamışdır.

İl ərzində Azərbaycan Respublikasının XİN-i tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsulluq xidmətlərinin səmərəliliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil etmişdir.

2011-ci ildə Prezident İlham Əliyevin bir çox xarici dövlətlərin və hökumət başçılarının Azərbaycana həyata keçirdikləri səfərlər, birgə hökumətlərarası komissiyaların və işçi qruplarının iclasları, XİN-lərarası siyasi məsləhətləşmələr ikitərəfli əməkdaşlığın dərinləşməsi təmin edilmişdir.

İl ərzində Azərbaycanda Serbiya Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin diplomatik nümayəndəlikləri fəaliyyətə başlamışdır.

Azərbaycan diplomatik nümayəndəliklərinin əhatə dairəsi də genişlənmiş və il ərzində Cənubi Afrika Respublikasında səfirlik, Bosniya və Herseqovinada diplomatik ofis fəaliyyətə başlamışdır. Eyni zamanda, Solomon adaları, Trinidad və Tobaqo ilə diplomatik əlaqələr qurulmuşdur.

Peşəkar kadrların hazırlanmasında Azərbaycan Diplomatik Akademiyasının (ADA) apardığı səmərəli fəaliyyət təqdirəlayiq olmuşdur. 2011-ci ildə ADA bir neçə yeni təşəbbüs və proqrama start vermişdir. İlk dəfə olaraq, Beynəlxalq Araşdırmalar və Biznes İdarəçiliyi ixtisasları üzrə bakalavr pilləsi fəaliyyətə başlamış və 62 nəfərdən ibarət ilk tələbə qrupu bu ixtisaslara qəbul olunmuşdur ki, bunlardan da 3-ü xarici tələbədir. Bu il 8 yerli və 8 xarici tələbə Diplomatiya və Beynəlxalq Münasibətlər magistr proqramını uğurla başa vurmuş və məzun olmuşdur.  2011-ci ildə ADA Xəzər Hövzəsi Araşdırmaları proqramına start vermiş və Latın Amerikası, Afrika və Asiya ölkələrindən 42 diplomat proqramda iştirak edərək, Azərbaycanın siyasəti, iqtisadiyyatı, mədəniyyəti və tarixi, eləcə də bütövlükdə Xəzər regionu barədə biliklər əldə etmək fürsəti qazanmışdır.

Hesabatda vurğulanmışdır ki, ilin yekunları Azərbaycan Respublikası tərəfindən həyata keçirilən xarici siyasətin təsir qüvvəsini, optimallığını və tarazlılığını təsdiq edir. Əldə edilmiş nəticələr yaxın perspektiv üçün yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Qarşımızda ölkəmizin nüfuzunu və təsir imkanlarını daha da artırmaq, əldə edilmiş mövqelərdən və qazanılmış diplomatik potensialdan effektiv şəkildə istifadə etmək vəzifəsi durur. Bütün bunlar  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işğal edilmiş ərazilərin azad olunması, çoxşaxəli siyasətin davam etdirilməsi, beynəlxalq əməkdaşlıq platformasının möhkəmləndirilməsi və dövlətimizin beynəlxalq proseslərə cəlb olunması istiqamətində səfərbər olunacaqdır.

 

 

Azərbaycan.- 2012.- 24 yanvar.- S. 6.