Azərbaycan
dövləti öz ərazisində istənilən
dini və etnik təxribat
planlarının qarşısını qətiyyətlə
alacaqdır
Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, maraqları üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin əsas məqsədləridir. Cənab İlham Əliyevin yürütdüyü praqmatik, çevik, milli maraqların təmininə əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə Avropa məkanında strateji, önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir.
Xarici siyasət və diplomatiya, eyni zamanda, hər bir dövlətin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərinin həllinə yönəlir. Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olmaqla, xüsusən, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rola malikdir. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının davamlı inkişafının və əhalinin rifahının yüksəldilməsinin təmin edilməsindən, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verməkdən ibarətdir. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra yaxın və uzaq ölkələrlə milli maraqlarına uyğun əməkdaşlıq əlaqələri qurmuşdur.
İran İslam Respublikası ilə münasibətlərin inkişafında da ötən illər ərzində bir sıra ciddi nəticələr əldə edilmişdir. İran hökuməti bölgədə hərbi-siyasi və iqtisadi əməkdaşlıq sahəsində Qərb ilə deyil, Rusiya və Çinlə əlaqələrin tərəfdarı olsa da, burada möhkəmlənmək imkanlarını genişləndirməyə çalışır. Regiondakı strateji mövqeyi, bir tərəfdən Qafqaza, digər tərəfdən Fars körfəzinə, üçüncü tərəfdən də Orta Asiyaya çıxış imkanlarına malik olması İranın bu iddiasını stimullaşdıran başlıca amillərdəndir.
Keçmiş SSRİ-nin süqutundan sonra rəsmi Tehran yeni müstəqil dövlətlərinin siyasi və iqtisadi həyatına maraq göstərən ölkələrdən birinə çevrilmişdir. İran son illərdə öz maraqlarını əsas tutaraq geostrateji əhəmiyyət daşıyan Cənubi Qafqazla əlaqələrin yaxınlaşmasına çalışır. Qonşu dövlət özünün bu bölgə ilə kommunikasiya əlaqələrini və geostrateji problemlərini məhz regionun imkanları hesabına həll etməyi mühüm məqsədlərdən biri kimi nəzərdən keçirir. Eyni zamanda, rəsmi Tehran İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar vasitəsilə regionda öz təsirini möhkəmləndirməyə çalışır.
Azərbaycanla İran arasında mövcud çoxşaxəli əlaqələr bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. Etiraf olunmalıdır ki, dövlət müstəqilliyinin ilk illərində Azərbaycanın İranla münasibətlərində ciddi psixoloji-siyasi gərginlik hökm sürürdü. AXC-Müsavat cütlüyünün iqtidarda olarkən uğursuz xarici siyasəti hər iki dövlət arasında qarşılıqlı inam və etimadın, mehriban qonşuluq münasibətlərinin yaranmasına mane olurdu. Rəsmi Tehran o zaman Azərbaycan rəhbərliyinin birqütblü siyasət yeritməsi ilə heç cür barışa bilmir, ölkəmizi psixoloji-siyasi pressinq altında saxlamağa cəhd göstərirdi. Bu isə, öz növbəsində, regionda qütbləşməni dərinləşdirir, sülh və sabitliyə təhlükə yaradırdı.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətləri də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu öndər AXC-Müsavat cütlüyünün xarici siyasətdə buraxdığı kobud səhvləri düzəltmək, xüsusən də, İranla münasibətlərdə qabarıq sezilən soyuqluğu aradan qaldırmaq üçün xeyli iş aparmalı oldu. Ulu öndər Heydər Əliyev ilk gündən bəyan etdi ki, tarixi köklərin, ənənələrin və mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. "İran bizim yaxın qonşumuzdur, münasibətlərimiz bundan sonra da yaxşı olmalıdır. Şəxsən mən bir Prezident kimi bu vəzifəyə gələndən sonra İranla Azərbaycan arasında əvvəllər mövcud olan soyuqluğu aradan götürməyə, münasibətləri inkişaf etdirməyə çalışıram"- deyən Heydər Əliyev bəyan etdi ki, xalqlarımızı bir-birinə kökü tarixin dərinliklərinə işləyən siyasi, iqtisadi, dini və mənəvi tellər bağlayır.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də regionda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər fonunda tarazlı siyasət yeridərək xarici siyasətdə İranla əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu təsdiqlədi. Respublikamız ABŞ və bəzi Qərb dövlətlərinin İrana qarşı artan təzyiqləri fonunda geosiyasi rəqabət meydanına, hansısa dövlətin "platsdarm"ına çevrilmək niyyətindən uzaq olduğunu bəyan edərək qonşu dövlətlə mehriban münasibətlərin qorunub saxlanılmasının tərəfdarı kimi çıxış etdi. Rəsmi Bakı İran-ABŞ münasibətlərindəki gərginliyin ilk gündən diplomatik danışıqlar vasitəsilə, dinc yolla həllinə tərəfdar olduğunu bildirdi. ABŞ-ın "nüvə təhlükəsi" ilə bağlı narahatlığını başa düşən rəsmi Bakı, həmçinin İranın uranın zənginləşdirilməsi proqramının dinc məqsədlərə - nüvə enerjisi əldə etmək niyyətinə hesablandığına ümidvar olduğunu vurğuladı. Rəsmi Bakı, eyni zamanda, nə vaxtsa ərazisindən İrana qarşı hərbi müdaxilə məqsədilə istifadə olunmasına heç zaman yol verməyəcəyini dəfələrlə bəyan etmişdir.
Azərbaycan yaxın qonşusu olan İranın daxili işlərinə heç vaxt qarışmamış, bu ölkədə daim sabitliyin olmasını arzulamışdır. Təəssüflə qeyd etməliyik ki, rəsmi Bakının İranla iktərəfli əlaqələrdə mehriban qonşuluq və dostluq prinsiplərini rəhbər tutmasına baxmayaraq, adıçəkilən ölkə Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadığını zaman-zaman ən müxtəlif səviyyələrdə göstərmişdir. İran mətbuatında türk xalqları daim təhqir edilir, televiziya kanallarında gecə-gündüz müstəqil, dünyəvi və demokratik Azərbaycan dövlətçiliyinə qarşı "mübarizə aparılır". İran rəsmiləri bunu ölkə mətbuatının guya müstəqil olması ilə əlaqləndirsələr də, əslində, İran mətbuatında bu "müstəqilliyin" haradan qaynaqlandığı hamıya yaxşı məlumdur. Bu günlərdə Azərbaycanın dövlət və ictimai saytlarına İran hakerlərinin hücumu da yaxın qonşumuzun ölkəmizə münasibətdə xoşməramlı niyyətinin olmadığını açıq göstərdi.
İranın destruktiv dairələri ölkəmizdə qanunvericilik və dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə rəvac verirlər. Azərbaycan İslam Partiyasının üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunması bu bədxah qüvvələrin "kənar əllər" vasitəsilə idarə olunduğunu bir daha təsdiqləmişdir. Ölkə ərazisində ifşa olunmuş əksər dini-ekstremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilmişdir. Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə qarşı İran KİV-ində ayrı-ayrı siyasətçilərin, generalların və ayətullahların çıxışlarının da yer alması son dərəcə təəssüf doğurur. Həmin çıxışlarda Azərbaycan xalqı və dövləti haqqında ultimativ tərzdə fikirlərin yer alması, çox zaman isə etik normalara sığmayan açıqlamalara rast gəlinməsi islami dəyərləri önə çəkən bir dövlətin, əslində, islami prinsiplərdən tamamilə uzaq olduğunu göstərir.
İslam dəyərlərini daim önə çəkən İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ilə sıx münasibətlər qurması da islam prinsipləri ilə bir araya sığmır. Dünyaya bəllidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal edilmiş və 1 milyondan artıq müsəlman öz doğma yurdlarından didərgin düşmüşdür. İran dövləti isə müsəlman qardaşlığından dəm vurduğu halda işğalçı dövlətlə bütün sahələrdə əməkdaşlıq edir. Aclıq və səfalət içərisində çapalayan Ermənistana hər cür yardımlar edərək bununla da, işğalçı dövlətin əməllərinə göz yumur. İran dövləti unudur ki, Ermənistanda bir nəfər də olsun müsəlman qalmayıb. Müqəddəs ziyarətgahlarımız, məscidlərimiz, ata-babalarımızın qəbir yerləri vəhşicəsinə dağıdılıb. Üzdə müsəlman həmrəyliyindən danışan İran rəhbərlərinin işğalçı Ermənistanın dövlət və hökumət başçıları ilə görüşlərində son dərəcə səmimi münasibət qurmaları (qucaqlaşıb öpüşmələri) onlar üçün "müsəlman qardaşlığı"nın illüziyadan başqa bir şey olmadığını təsdiqləyir. İran dövlətinin Ermənistana göstərdiyi isti münasibətdən fərqli olaraq müsəlman dünyasında xüsusi yeri olan qardaş Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəinki ölkəmizin haqlı mövqeyini birmənalı dəstəkləyirlər, təcavüzkar ölkə ilə hər hansı münasibət belə qurmurlar.
Təbii ki, İran xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirməyə cəhd etdikləri istənilən dini və etnik təxribat planları, ayətullahların sərsəm bəyanatları iflasa məhkumdur. Çünki Azərbaycan güclü dövlətdir. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs yaxalanmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, həmin şəxslər öz cinayət əməllərini məhz İran xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşovdan aldıqları sifariş əsasında həyata keçirməyi nəzərdə tuturlarmış. Bu fakt yazıçı-publisist Rafiq Tağının qətlinin İrandan sifariş edilməsi ilə bağlı ehtimalları da artırır. Qeyd edək ki, 2007-ci ildə vəfat edən ayətullah Məhəmməd Fazil Lənkərani Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı fətva vermişdir. Onun oğlu M.C.Lənkərani isə R.Tağının qətlə yetirilməsindən sevindiyini gizlətməmişdi. Amma qonşu dövlət bilməlidir ki, Azərbaycan dövləti öz ərazisində istənilən dini və etnik təxribat planlarının qarşısını qətiyyətlə almağa qadirdir.
Bütövlükdə, İranın apardığı uğursuz siyasət adıçəkilən dövlətin dünyada təklənməsinə gətirib çıxarıb. Yaxın və uzaq ölkələrlə ultimatum dilində danışan və dünyada gedən proseslərdən özünü təcrid edən İran artıq Qərbin iqtisadi və siyasi sanksiyaları məngənəsində sıxılıb qalıb. İran hazırkı şəraitdə Azərbaycanla münasibətləri normal məcrada inkişaf etdirməlidir. Münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi bu gün və gələcək üçün son dərəcə vacibdir. Siyasi analitiklər müsəlman dövlətləri tərəfindən dəstəklənməyən İran barədə nikbin proqnozlar irəli sürmürlər. İran tərəfi yaranmış vəziyyətdən ən qısa zamanda ciddi nəticə çıxarmalıdır.
Elnur HACIALIYEV
Azərbaycan.- 2012.- 24 yanvar.- S. 6.