Sağlıq məcunları
Qədim dövrlərdən insanı əhatə edən bitki aləmi onlar üçün yalnız qidalanma mənbəyi deyil, həm də müalicə vasitəsi olmuşdur. Dərman bitkiləri və onların müalicəvi xüsusiyyətləri haqqında zaman-zaman yetərincə yazılmış, bununla əlaqədar əldə olunmuş təcrübi məlumatlar nəsildən-nəslə ötürülmüşdür.
Tarixi qaynaqlardan bəllidir ki, hələ X-XIII əsrlərdə, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda xalq təbabəti yüksək inkişaf mərhələsinə çatmışdı. Məşhur təbib və loğmanlarımız Azərbaycanın zəngin bitki, mineral və heyvan mənşəli dərman xammallarının mənşəyini, tərkibindəki maddələrin xassələrini, müalicəvi əhəmiyyətini araşdırmış və ətraflı öyrənmiş, müxtəlif xəstəliklərdə onlardan səmərəli istifadə etmişlər. Bütün dövrlərdə, o cümlədən bu gün də insanların xalq təbabətinə marağı xüsusilə üstünlük təşkil etmişdir.
Ötən illər ərzində bu sahədə xeyli toplular, kitablar çap olunmuş, məqalələr yazılmışdır. Bu baxımdan "Nasir" nəşriyyatı tərəfindən yenicə çapdan çıxmış "Sağlıq məcunları: möcüzəli giləmeyvələr" adlı kitab dəyərli nəşrlərdən sayılır. Kitabın müəllifi riyaziyyat üzrə fəlsəfə doktoru Ağababa İbrahimovdur.
Yeni nəşrdə ürək, eləcə də ürəklə bağlı bədən üzvlərinin sağlam qalması və bir sıra xəstəliklərin müalicəsi üçün lazım olan qiymətli bitkilər, onlardan istifadə üsullarından geniş bəhs edilir. Burada giləmeyvələrin, günəbaxan və digər bitkilərin bildiyimiz və bilmədiyimiz müalicəvi əhəmiyyətlərindən, 200 adda dərman bitkisindən hazırlanan dəmləmələr, məlhəmlər, cövhərlər haqqında geniş məlumat toplanıb. İstifadəçilərin tanımaları üçün adıçəkilən bitkilərin Azərbaycan, rus və latın dillərində adları verilib. Bir faktı da qeyd edək ki, bu nəşr A.İbrahimovun ikinci kitabıdır. Birinci kitab isə 2010-cu ildə "Sağlıq məcunları: təbii alma sirkəsi, zəncirotu, pıtraq" adlanırdı. Birinci kitab sağlamlığı qorumağı, kimyəvi dərmanlardan az istifadə etməyi təbliğ edirdi. Burada ürəyin, qaraciyərin və digər orqanların müalicəsi üçün qiymətli reseptlər də verilmişdir. Müəllif ön söz əvəzində yazır ki, ikinci kitaba ilk növbədə uzun illər ərzində ürək haqqında topladığı bilgiləri, eləcə də giləmeyvələr və günəbaxandan hazırlanan müalicə üsullarını daxil etmişdir.
Topluda vitaminlər və mineral maddələr, artıq çəki və piylənmə, dəriyə qulluq, fiziki hərəkətlər, başağrıları, təzyiq, qan damarları, qanaxmaların müalicəsi, ürəyin möhkəmləndirilməsi üçün sağlamlaşdırıcı Şərq gimnastikası, "Möcüzəli giləmeyvələr" bölməsində meşə çiyələyi, moruq, mərsin, zirinc, firəng üzümü, qarağat, qaragilə və digər başlıqlı yazılar böyük maraqla oxunur. Ürəklə bağlı fəsildə sonuncu məlumat silisium haqqındadır. El arasında "çaxmaq daşı" adı ilə tanınan bu qiymətli element insan orqanizmi üçün çox böyük əhəmiyyət daşıyır: boy elementi sayılır, orqanizmə ümumi gümrahlıq verir, arıq uşaqların kökəlməsinə kömək edir, saçı tez ağarmağa qoymur, onu möhkəmləndirir, sümüyə elastiklik verməklə tez sınmanın qarşısını alır, qanda həll olunmayan kalsium birləşmələrinin yaranmasını əngəlləyərək qanın laxtalanmasının qarşısını alır, insan yaşlaşanda onun belini əyilməyə qoymur, donqar yaranmasının qarşısını alır və s. Müəllif yazır ki, sağlamlıq üçün güclü dağıdıcı qüvvə mənfi düşüncələr, qorxu və onu yaradan amillər, müxtəlif səbəblərdən meydana çıxan narahatlıqlar, paxıllıq, qısqanclıq, hiddət, düşmənçilik, küskünlük, özünə və başqalarına qarşı yazıqlıq, xoşagəlməz öncədən hissetmələrdir. Yalnız müsbət düşüncələr, əməlisalehlik insanın mənəviyyatını yüksəldir, müxtəlif xəstəliklərdən qoruyur, bir çox azarların müalicəsinə yaxşı təsir edir.
Müəllif ön söz əvəzində üçüncü kitabın da tezliklə işıq üzü görəcəyini bildirir. Həmin topluda gözün müalicəsi, görməni yaxşılaşdıran bitkilər, orqanizmin bitkilərlə təmizlənməsi, parazitlərlə mübarizə, ən əsası isə hər gün istifadə etdiyimiz su haqqında maraqlı məlumatlar daxil ediləcək.
Kitaba Bakı Dövlət Universitetinin
professoru, biologiya elmləri doktoru Elşad Qurbanov, biologiya
üzrə fəlsəfə doktorları Naibə Mehdiyeva, Lalə
Dadaşova, əməkdar müəllim Südabə
Mikayılova rəy vermişlər.
Azərbaycan.- 2012.- 24 yanvar.- S. 7.