Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Fransa Senatında 2012-ci il yanvarın 23-də "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsi ilə bağlı bəyanat yaymışdır.
XİN-in mətbuat xidmətindən AzərTAc-a daxil olmuş bəyanatda deyilir: "Azərbaycan Respublikası Fransa Senatında 2012-ci il yanvarın 23-də "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsinə dərindən təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir. Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər.
XX əsrin sonunda
Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının
hüquqlarının pozulmasını və Azərbaycanın
20 faiz torpaqlarının
işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu
qərarı siyasi məqsədlərinə
yönəltməsi, ümumiyyətlə, Fransanın obyektivliyini şübhə altına alır.
Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi Fransa
Senatının bu addımını bir daha qınayır və
Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi
oyuna çevirməməyə
çağırır".
Azərbaycan.- 2012.- 25 yanvar.- S. 1.