Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsləri sırasındadır

 

 Azərbaycan dünyada dinamik inkişaf edən, məqsədlərinə doğru inamla addımlayan, qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirən dövlət kimi tanınmaqdadır. Ötən 8 ildə Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü iqtisadi siyasət nəticəsində inkişaf tempi yüksələn xətlə davam etmiş, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Son 8 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideyaproqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm",  - deyən dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiqdir. Azərbaycan Prezidentinin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir.

Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir, demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.

Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. "Caspian" İnformasiya Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin ötən il sentyabrın 10-dan 30-dək Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də bunu bir daha təsdiqləmişdir. Respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışlar. Qurumun rəhbəri qeyd etmişdir ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır.

Mərkəzin rəhbəri G.Frost demişdir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 79 faizi Azərbaycanda ümumi vəziyyəti təqdir edir, 70 faizi isə ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəlilədiyini düşünür. Bundan əlavə, respondentlərin 82 faizi son 10-15 il ərzində Azərbaycanın dünyadakı nüfuzunun artdığını, 54 faizi isə ölkədə həyat səviyyəsinin yaxşılaşdığını vurğulamışlar. Respondentlərin böyük əksəriyyəti Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin inkişaf etdiyini bildirmişlər. Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, sabit, uğurla inkişaf edən, güclü bir ölkə olduğu fikrindədirlər. 

Azərbaycan Prezidenti İlham Əliyev ötən 8 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindəndir.

"Rəy" Monitorinq Mərkəzinin 2011-ci il dekabrın 16-dan 19-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri də Azərbaycan əhalisinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevi dəstəklədiyini bir daha təsdiqləmişdir. Sorğuda yaşı 18 və daha çox olan 1500 vətəndaş iştirak etmişdir. Sorğunun nəticələrindən məlum olmuşdur ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti - 90 faizə yaxını hazırkı dövlət başçısına səs verərdi. O cümlədən əhalisi daha çox tənqidi yanaşması ilə seçilən Bakı şəhərində sorğuda iştirak edənlərin 84,1 faizi öz səslərini cənab İlham Əliyevə verməyə hazır olduqlarını bildirmişlər.

Respondentlərin 85,5 faizi Prezident İlham Əliyevin onların maraqlarına tam cavab verdiyini bildirmişlər. Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 94,2 faizi cənab İlham Əliyevə etibar edir, 72,2 faizi isə ölkə prezidenti postunda ona alternativ görmür. Bakı şəhəri üzrə bu göstəricilər müvafiq olarq 87,5 faiz və 69,5 faiz təşkil edir. Rəyi soruşulanların əksəriyyəti (78 faiz) bildirmişdir ki, qarşıdakı bazar günü prezident seçkiləri keçirilsəydi, onlar səsvermədə iştirak edərdilər.

Azərbaycan yeni  inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması,  əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Prezident İlham Əliyev ötən 8 ildə Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etmiş, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. 2003-2011-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.

Bu günlərdə Böyük Britaniyanın məşhur "The Times" qəzetində və saytında dərc edilmiş məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin adı 2012-ci ildə dünyada diqqəti ən çox cəlb edən və nüfuz sahibi sayılan 100 nəfərin siyahısına daxil edilmişdir.

"The Times" qəzeti Prezident İlham Əliyevin şəxsiyyətini səciyyələndirərək yazır: "Prezident İlham Əliyev bəyan edir ki, Azərbaycan dünyada ən sürətlə inkişaf etməkdə olan ölkədir".

Məqalədə deyilir ki, Böyük Britaniya bunu hiss etməyə başlayır. Bakıda ticarət mərkəzlərinin və beşulduzlu otellərin sayı artır, bu isə onu "Xəzər sahilində Dubay" adlandırmağa əsas verir. "The Times" yazır ki, bu yaxınlarda Londonda Azərbaycan restoranı açılmış və "Baku" jurnalının ingilis dilində versiyası nəşr edilməyə başlamışdır. Qəzetin reytinqinə siyasətçilərdən Azərbaycan Prezidenti ilə yanaşı, ABŞ Prezidenti Barak Obama, AFR Kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, İsrailin Baş naziri Binyamin Netanyahu, Kraliça II Yelzaveta, habelə Fransada qarşıdakı prezident seçkilərində Sarkozinin əsas rəqibi Fransua Olland daxildirlər.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirilməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Azərbaycanın xarici siyasət kursu milli maraqların prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünü təsdiqləməsinə, iqtisadi-siyasi potensialını effektiv surətdə reallaşdırmasına və təhlükəsizliyini hərtərəfli təmin etməsinə təminat yaradır.

 

 

Azərbaycan.- 2012.- 25 yanvar.- S. 2.