Azərbaycan Avropa Şurasında milli maraqlarını əzmlə təmin edir

 

2001-ci ilin yanvarın 23-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Strasburqda AŞ-nin binası qarşısında Azərbaycan dövlətinin bayrağı ucaldılmışdır

 

 Dövlət müstəqilliyini əldə etdikdən sonra Avratlantik məkana sıx inteqrasiya siyasəti yürüdən müstəqil Azərbaycan demokratik ideallara və sivil Qərb dəyərlərinə yüksək sadiqliyinin təcəssümü kimi Avropa Şurası ilə əməkdaşlığa xüsusi maraq göstərmişdir. İctimai həyatın bütün sahələrində reallaşan mütərəqqi ruhlu islahatların məntiqi yekunu kimi 2001-ci il yanvarın 17-də Azərbaycan bu mötəbər təşkilatın sıralarına qəbul edilmiş və tarixi hadisə ilə əlaqədar həmin il yanvarın 25-də Strasburqda təntənəli mərasim keçirilmişdir. Ulu öndər Heydər Əliyev mərasimdə çıxış edərək demişdir: "Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır". Ötən illərdə ölkəmiz təşkilatla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa müvəffəq olmuşdur.

Bu təşkilat Avropa qitəsində ən böyük regional qurum sayılır. Qeyd etmək lazımdır ki, bəşər tarixində insan hüquq və azadlıqlarının təmin olunmasının regional sisteminin əsası məhz Avropa Şurası çərçivəsində qoyulmuşdur. Şuranın normayaradıcılıq fəaliyyəti Avropa qanunvericiliyi və hüquqtətbiqetmə təcrübəsinin unifikasiyasında önəmli rola malikdir. Hazırda Avropa Şurası çərçivəsində 250-dən çox müxtəlif beynəlxalq sənədlər qəbul edilmişdir. Əsası 5 may 1949-cu ildə qoyulmuş bu qurumun başlıca məramı demokratiyanın möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi, Avropa Şurasına üzv olan dövlətlərin sosial, mədəni və hüquqi sahələrdəki problemlərinin həllinə birgə səylərlə yardım göstərilməsidir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətimizin beynəlxalq təşkilatlarla əməkdaşlıq siyasətində mühüm rol oynamışdır. Belə əməkdaşlıq istiqamətlərindən biri də Avropa Şurası ilə əlaqələrin möhkəmləndirilməsi idi. 1996-cı il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının bürosunda Azərbaycanın "xüsusi qonaq" statusu ilə Avropa Şurasına qəbul edilməsi barədə qərar çıxarıldı. Ulu öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında" sərəncamı respublikamızla AŞ arasında əməkdaşlığın inkişafında yeni mərhələ açdı. Sərəncam AŞ-a münasibətdə ölkəmizin 1996-1997-ci illərdə fəaliyyət planı kimi mühüm əhəmiyyət kəsb etmişdir. Daha sonra ümummilli liderin 1998-ci il 20 yanvar tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında" və 1999-cu il 14 may tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında" sərəncamları ölkəmizin bu mötəbər quruma qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətə zəmin yaratdı. Avropa Şurası Parlament Assambleyasının 2000-ci il iyunun 28-də keçirilən sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi barədə qərar çıxarıldı. 2001-ci il yanvarın 17-də qurumun Nazirlər Komitəsinin növbəti iclasında ölkəmizin bu təşkilata tamhüquqlu üzv qəbul olunması rəsmi surətdə təsdiq edildi və yanvarın 25-də Strasburqda bu tarixi hadisə ilə əlaqədar təntənəli mərasim keçirildi.

Etiraf etmək lazımdır ki, 1992-1993-cü illərdə təşkilata üzvlük istiqamətində atılmış müəyyən addımlar uğursuzluqla nəticələnmiş, yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə qarşılıqlı faydalı əməkdaşlıq uzaq hədəflərə hesablanan və milli maraqları özündə ehtiva edən xarici siyasət doktrinasının mühüm istiqamətlərindən biri elan edilmişdir. 1993-cü ildən etibarən ölkədə siyasi sabitliyin təmin olunması hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində real addımların atılmasına, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına imkan yaratmışdır. Həmin dövrdən etibarən Azərbaycanın xarici siyasətində Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər müstəqil respublikamızın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyillərini daha da gücləndirmişdir. Həmin illərdə ulu öndər Heydər Əliyevin peşəkar siyasətçi və dövlət xadimi kimi göstərdiyi diplomatik səylər, respublikamızın beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində atılan addımlar, eləcə də siyasi fəallığın güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi üçün aparılan islahatlar Avropa Şurası ilə yaxınlaşma prosesinə yeni impulslar vermişdir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquq və azadlıqlarının təminatına maksimum imkanlar açmaqla cəmiyyətin bütün sahələr üzrə yeniləşməsində, siyasi və hüquqi islahatların dərinləşdirilməsində, liberallaşma prosesində mühüm rol oynamış, ən başlıcası, AŞ ilə münasibətlərin yüksələn xətlə inkişafına təkan vermişdir. Əsas Qanunun qəbulundan sonra ölkədə hüquqi islahatların yeni mərhələsi başlanmış, ulu öndər Heydər Əliyevin imzaladığı bir sıra sərəncamlar Azərbaycanın Avropa ailəsinə inteqrasiyası prosesini daha da sürətləndirmişdir. 1996-cı il iyunun 28-dən etibarən Azərbaycan Respublikasının Avropa Şurasında "xüsusi qonaq statusu"nda iştirakının təmin olunması milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə zəmin yaratmışdır. Avropa Şurası Nazirlər Komitəsinin 1996-cı il sentyabrın 11-də keçirilən iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, habelə demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycanın hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımı nəzərdə tutan qətnamə qəbul edilmişdir. Təşkilata üzv olmaq barədə vəsatət qaldırmış Azərbaycanın standartlara uyğunluğunu araşdırmaq məqsədilə AŞ PA-nın üç komitəsi - Siyasi Məsələlər Komitəsi, Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi, habelə Üzv olmayan Avropa ölkələrilə Əlaqələr Komitəsi 1996-cı ilin payızında Azərbaycan üzrə məruzəçilər təyin etdilər. Avropa Şurasının Parlament Assambleyasının Bürosu bu məsələ ilə əlaqədar hüquqşünaslardan ibarət İnsan Hüquqları Komissiyasının nümayəndə qrupunu yaratdı. Bu mərhələdən Azərbaycanın təşkilata üzvlük istiqamətində həyata keçirdiyi genişmiqyaslı islahatlar bu qurumun məruzəçiləri tərəfindən yüksək dəyərləndirilmişdir. 1996-2000-ci illərdə respublikamız insan hüquq və azadlıqlarının, habelə demokratik təsisatların inkişafının təmini ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, Avropa Mədəniyyət Konvensiyasına, Arxeoloji İrsin Mühafizəsi Haqqında Avropa Konvensiyasına, Birgə Kino İstehsalı Haqqında Avropa Konvensiyasına, Avropanın Canlı Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi haqqında Konvensiyaya qoşulmuşdur.

Azərbaycan Respublikasının iştirakçısı olduğu və AŞ çərçivəsində qəbul edilən mühüm beynəlxalq sənəd "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasıdır. Konvensiyanın preambulasında qeyd olunur ki, iştirakçı-dövlətlər 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamə, onun məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməsinin və ümumiyyətlə, insan hüquq və əsas azadlıqlarının dəstəklənməsi və müdafiəsinin Avropa Şurası üzvləri arasında böyük birliyə nail olunmasının, dünyada ədalət və sülhün əsasını təşkil etdiyini təsdiq edirlər və həmin sənəddə öz əksini tapmış bəzi hüquqların həyata keçirilməsi üçün ilk addımlar atmaq əzmindədirlər.

Bu baxımdan ölkə Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlüklə bağlı hüquqi islahatları dərinləşdirmək məqsədilə 21 fevral 1996-cı il tarixdə Hüquq-İslahat komissiyasının yaradılması barədə sərəncam imzaladı. Bu mərhələdən Azərbaycanın insan hüquqlarına və əhalinin geniş kütlələrinin mənafelərinə mühüm təsir göstərə biləcək bütün qanunvericilik aktlarının layihələri Avropa Şurasının hüquqi ekspertizasından keçirilmək üçün göndərildi. Venesiya Komissiyasından alınan səmərəli təkliflər qanunların qəbulu zamanı istifadə edilməyə başlanıldı. Bu sırada "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və digər qanunları göstərmək olar. Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlük naminə riskli və prinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Bu baxımdan 1993-cü ildən ölüm cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Bu, təşkilatın üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən biridir. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda ölüm cəzasının yolverilməzliyi birmənalı şəkildə öz əksini tapmışdır. Ölüm cəzasının ləğvi tələbi, şübhəsiz ki, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür.

Bir sözlə, bu gün Azərbaycanın qanunvericilik sistemi məhz ümummilli liderin titanik fəaliyyətinin nəticəsi hesab edilməlidir. Ölkə rəhbəri tərəfindən imzalanmış bir sıra sənədlər insan hüquqlarının təminatında əvəzsiz rol oynamışdır. Bunlardan "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci tarixli fərman, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il tarixli sərəncam xüsusi əhəmiyyət kəsb etmiş və insan hüquqları üzrə qanunvericiliyin, institutlaşmanın, bu sahə üçün ixtisaslaşmış kadrların hazırlanmasında köklü islahatların özülünü qoymuşdur.

Bu siyasəti keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il dekabrın 28-də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda xüsusi olaraq qeyd edilirdi ki, hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Sənəddə qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi mühüm vəzifələr müəyyən edilir.

Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında 27 dekabr 2011-ci il tarixli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti sərəncamı isə bu istiqamətdə insan hüquqlarının təminatında və Avropa Şurası ilə əməkdaşlıqda mühüm addım hesab edilməlidir.

Onu da bildirmək lazımdır ki, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasındakı fəaliyyətinə süni maneələr yaratmağa çalışan məkrli qüvvələr mütəmadi olaraq qondarma "siyasi məhbuslar" mövzusu ilə alver etməyə çalışırlar. Bu mənasız cəhdlər həm də nümayəndə heyətimizin təşkilatda Ermənistana qarşı effektli əks-hücumu təşkil etməsi, təbliğat sahəsində ideoloji-siyasi üstünlüyü ələ alması, bir sözlə, xalqımızın mənafelərini layiqincə müdafiəsi ilə bağlıdır. Bir qayda olaraq "siyasi məhbus"lar mövzusu ölkədə prezident və parlament seçkiləri, AŞ PA-nın növbəti sessiyaları ərəfəsində süni şəkildə müzakirələr mövzusuna çevrilir, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda bəzi dairələr tərəfindən genişmiqyaslı və qərəzli kampaniya formasında Azərbaycana qarşı siyasi təsir vasitəsi kimi nəzərdən keçirilir. Bununla belə, Azərbaycan iqtidarı haqlı olaraq ölkədə kiminsə siyasi motivlərlə həbs olunmadığını bildirir, bütün qərəzli fikirləri qətiyyətlə rədd edir.

Avropa Şurası nüfuzlu beynəlxalq təşkilatdır və onun dünya proseslərinə təsir imkanları çox böyükdür. Avropanın aparıcı dövlətləri bunu yaxşı bildiklərindən təşkilatdan səmərəli yararlanmağa çox həssaslıqla yanaşırlar. Buna görə də onun rəhbər orqanlarına kimlərin və hansı dövlət nümayəndələrinin seçilməsi böyük əhəmiyyət kəsb edir. Bu mənada, cənab İlham Əliyevin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri olduğu 2001-2003-cü illərdə respublikamız milli maraq və mənafeyini maksimum səviyyədə təmin etmişdir. Qısa müddətdə cənab İlham Əliyev özünü müasir dünya problemlərinə dərindən bələd olan, onların həllinə dair real və konkret təkliflər verən strateq kimi tanıda bilmişdir. Azərbaycan AŞ PA-nın sessiyalarında ləyaqətlə təmsil olunmuş, cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Parlament Assambleyası sessiyalarının iclaslarında fəallığı və işgüzarlığı ilə xarici ölkə təmsilçilərinin diqqətini cəlb etmişdir. Bu etimadın yüksək nəticəsi olaraq 2003-cü il yanvar ayının 27-də cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və Büro üzvü seçilməsi Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan olmuşdur. Bunun daha bir təzahürü isə cənab İlham Əliyevin AŞ PA-da 2004-cü ilin aprelində artıq Azərbaycan Prezidenti kimi iştirakı zamanı onun bu təşkilatın ali mükafatına - AŞ PA-nın fəxri üzvü diplomuna və medalına layiq görülməsidir.

Dövlətimiz Avropa Şurası çərçivəsində qəbul edilmiş mühüm beynəlxalq müqavilələr sisteminin üzvüdür. Qeyd etmək lazımdır ki, yenidən baxılmış Avropa Sosial Xartiyası 2001-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası adından imzalanmışdır. Azərbaycan Respublikası milli azlıqların hüquqlarının müdafiəsinin təminatı üçün Avropa Şurası çərçivəsində mövcud müvafiq konvensiyalara (məsələn, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası, Regional dillər və ya azlıqların dilləri haqqında 1992-ci il Avropa Xartiyası və s. ) qoşulmuş və mühüm dövlətdaxili tədbirlər həyata keçirmişdir. Azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarının daha real təminatı istiqamətində dövlətimiz mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu sahədə mühüm sənəd kimi "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyası və ona 17 mart 1978-ci il tarixli Əlavə Protokolu qeyd edilə bilər. Azərbaycan Respublikası özünün 1 mart 2003-cü il tarixli qanunu ilə hər iki beynəlxalq sənədə qoşulmuşdur. Eyni zamanda, mühüm beynəlxalq sənədlər kimi "Cinayətkarların verilməsi haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyası və ona 2 Əlavə Protokol da mühüm yer tutur. Azərbaycan Respublikası özünün 17 may 2002-ci il tarixli qanunu ilə hər üç beynəlxalq sənədə qoşulmuşdur. Bu sahədə digər mühüm sənəd "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" 21 mart 1983-cü il tarixli Avropa Konvensiyasıdır. Azərbaycan Respublikası özünün 12 dekabr 2000-ci il tarixli qanunu ilə bu Konvensiyaya da qoşulmuşdur. Bu sahədə mühüm beynəlxalq sənəd kimi çıxış edən Avropa Penitensiar Qaydaları, Avropa Şurası Nazirlər Komitəsi çərçivəsində qəbul edilmiş bir sıra tövsiyələr də xüsusi qeyd edilməlidir ki, bunlar da daim Azərbaycan Respublikası qanunvericiliyində geniş tətbiq edilmişdir. Bu istiqamətdə dövlətimiz tərəfindən atılan bir sıra addımlar da xüsusi qeyd olunmalıdır. Belə ki, dünya təcrübəsində analoqu olmayan bir haldır ki, ölkəmizdə qısa müddətdə 9 amnistiya və 50 əfv fərmanı ilə minlərlə şəxs cəzadan azad edilmişdir.

İşgəncələrin qadağan olunması sahəsində 1987-ci il Avropa Konvensiyasına qoşulan Azərbaycan dövləti eyniadlı komitə ilə sıx əməkdaşlıq edir. Həmçinin Avropa Şurası çərçivəsində 2005-ci ildə İnsan alveri ilə mübarizə üzrə Konvensiya qəbul edilmiş və 2008-ci ildə qüvvəyə minmişdir. İnsan alveri ilə mübarizə məsələlərini nizama salan dövlətdaxili qanunvericilik də mühüm əhəmiyyət kəsb etmişdir.

Avropa Şurasının hüquq müdafiə sisteminin əsasını insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq mexanizmlərin ən səmərəlisi olan Avropa İnsan Hüquqları Məhkəməsi təşkil edir. 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyasının 19-cu maddəsinə görə Razılığa gəlmiş Yüksək Tərəflər bu Konvensiya və ona dair Protokollar ilə öz üzərlərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin etmək məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsini təsis etmişlər. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanının 6-cı bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinə və Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinə tövsiyə edilmişdir ki, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar.

Azərbaycanın Avropa Şurası çərçivəsində əsas məqsədlərindən biri də erməni faşizminin gerçək mahiyyətini dünyaya açıb göstərməkdir. Ötən illərdə Azərbaycan nümayəndə heyəti AŞ PA-da ölkə həqiqətlərini təcəssüm etdirən 50-dək sənədin hazırlanmasına və qəbuluna nail olmuşdur. AŞ PA-nın 2005-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Ermənistanın təcavüzkar dövlət kimi tanınması da bunun əyani sübutudur.

Məlumdur ki, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edilmişdir. Lakin hələ də həmin qətnamələr yerinə yetirilməmişdir ki, bu da universal bir beynəlxalq təşkilat kimi BMT-nin nüfuzuna və onun beynəlxalq cəmiyyətdəki mövqeyinə ciddi zərbədir. 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə"yə dair 1690 (2005) saylı Tövsiyədə xüsusilə hərbi əməliyyatlardan çəkinmə və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən hərbi qüvvələrin geri götürülməsi də daxil olmaqla əlaqədar, tərəfləri BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə əməl etməyə çağırış ifadə edilmişdir. Eyni zamanda, həmin tarixdə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə"yə dair 1416 (2005) saylı Qətnamənin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər. Qətnamənin 3-cü bəndində göstərilir ki, Assambleya BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riayət etməsini təkid edir.

Beləliklə, xarici siyasətdə qarşıya qoyduğu əsas prioritetlərdən daha birini uğurla gerçəkləşdirən müstəqil respublikamız "Avropa ailəsi"nə qovuşaraq milli maraq və mənafelərinin müdafiəsi, habelə erməni lobbisinə qarşı səmərəli əks ideoloji-siyasi təbliğatı gücləndirmək üçün əlverişli tribuna qazanmışdır. BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi isə bir daha dövlətimizin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının və tam müsbət beynəlxalq imicinin nəticəsidir.

 

 

Əmir ƏLİYEV,

BDU-nun Hüquq fakültəsinin dekanı,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.- 2012.- 25 yanvar.- S. 6.