Əli Həsənov: Fransa Parlamentinin qəbul etdiyi qanun düşüncə və söz azadlığına ciddi zərbədir

 

 Fransa parlamentinin "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsi düşüncə və söz azadlığına ciddi zərbədir. "Trend"in məlumatına görə, bunu çərşənbə günü Türkiyənin "Anadolu" agentliyinə Azərbaycan Prezidenti Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, qanunun qəbul edilməsi müasir Fransa tarixində qara ləkədir.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırımını törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı"nı tanıyıblar.

 

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S. 2.