Azərbaycan Dövlət Gömrük Komitəsində 2011-ci ilin yekunlarına və 2012-ci ildə rşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir

 

 Yanvarın 25-də Dövlət Gömrük Komitəsində (DGK) 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu dedi. Komitə sədri vurğuladı ki, ölkədə gömrük sistemində kadr potensialının yüksəldilməsi üçün Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif olunması haqqında imzalanmış sərəncamlar Prezident İlham Əliyev tərəfindən də bu sahəyə göstərilən xüsusi qayğının bariz göstəricisidir.

Daha sonra DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin ötən ilin yekunlarına həsr olunmuş geniş məruzəsi dinlənildi. Məruzədə bildirildi ki, dövlət müstəqilliyinin bərpasından az sonra yaradılmış və yaxın günlərdə  20 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gömrük Komitəsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tamamilə yenidən qurulmuş, fəaliyyət sahəsini genişləndirmişdir. Azərbaycan gömrüyü Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün dünya standartlarına cavab verən maddi-texniki bazaya sahibdir. 2011-ci ilin noyabrında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi" yubiley medalının təsis olunması gömrükçülərə verilən yüksək dəyərdir. Xidmət hər il əməkdaşlıq dairəsini genişləndirməklə yanaşı, dövlətçiliyin keşiyində əzmlə durmaqdadır.

Ötən il DGK-nın zəruri normativ-hüquqi sənədlərinin işlənib hazırlanmasına başlanılmış, "Gömrük tarifi haqqında" və "Azərbaycan Respublikasının İnzibati və Cinayət məcəllələrinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihələri, həmçinin DGK-nın yeni Əsasnaməsinin, gömrük orqanlarının bayrağının və tanınma nişanının, vəzifəli şəxslərin Etik Davranış Kodeksinin, xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri hazırlanaraq razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına göndərilmişdir. Ümumilikdə Gömrük Məcəlləsinin tələblərindən irəli gələn 50-dən artıq normativ-hüquqi sənəddən 26-sı 2011-ci ilin sonunadək layihə şəklində hazırlanmışdır. Komitə sədrinin müavini dedi ki, bu günədək həmin sənədlərdən bir qismi üzərində prosedurlar bitdiyi üçün onlar Nazirlər Kabinetinə təsdiq üçün göndərilmişlər.

Son zamanlar ölkədə sürətlə inkişaf edən istehsal sahələrinin təşkilinə və genişləndirilməsinə əlverişli şərait yaradılması, idxalın əmtəə strukturunun səmərəsinin artırılması, idxaldan asılılığın azaldılması, əvəzində ixracın stimullaşdırılması, yerli rəqabətin gücləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Bununla bağlı ölkədə hazırda tətbiq olunan gömrük idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi məqsədilə hazırlanmış qərar layihəsi Nazirlər Kabinetinə təqdim edilmişdir.

Ə.Abdullayev iclas iştirakçılarını bir sıra statistik rəqəmlərlə, o cümlədən büdcə məlumatları ilə də tanış etdi. Bildirildi ki, ötən il dövlət büdcəsinə 1 milyard 141,5 milyon manat vəsait köçürülməklə proqnoza 100,1 faiz əməl edilmişdir.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ötən il 18 min 330 hüquqpozma faktı aşkar olunmuşdur ki, onlardan da 245-i cinayət xarakterlidir. Bu faktlar üzrə 2 milyon 291 min 700 manatlıq mal və əşyalar müsadirə edilmişdir. Ümumilikdə, 46-sı əcnəbi olmaqla 263 təqsirkar şəxs barəsində məsuliyyət tədbirləri görülmüşdür.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 138 fakt aşkar olunmuş, ümumilikdə 227 kiloqram 565 qram narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Narkocinayətlərin törədilməsində şübhəli bilinən 113 kişi və 21 qadın barəsində müvafiq tədbirlər görülmüşdür. Faktlardan 6-sı Naxçıvan DGK tərəfindən müəyyənləşdirilmişdir.

Hesabat dövründə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə "Narkotik vasitələrin prekursorları" adlı xüsusi məlumat-sorğu kitabçası hazırlanaraq gömrük orqanlarına paylanmışdır.

"Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində ölkə üzrə seçilmiş 5 pilot təşkilatdan biri də DGK-dır. Ə.Abdullayev qeyd etdi ki, hesabat dövründə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilmiş, gömrük işinin bütün sahələrini əhatə edən "Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" hazırlanaraq istismara verilmişdir. "Elektron imza" sistemi tətbiq edilməklə 2 minə yaxın gömrük əməkdaşı "elektron açar"la təmin edilmişdir.

2011-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində də bir sıra uğurların olduğunu deyən komitə sədrinin müavini 4 ölkə ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlərin imzalandığını əlavə etdi.

Ə.Abdullayev il ərzində rast gəlinən nöqsanlar barədə də məlumat verdi. Bildirildi ki, xidməti pozuntulara yol verdiklərinə görə, 255 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, 4 nəfər gömrük orqanlarından xaric edilmişdir. Ümumilikdə, işdən azad edilmiş əməkdaşların sayı 71 nəfərdir.

Sonda qeyd olundu ki, DGK 2012-ci ildə də nəzərdə tutulmuş proqnozları artıqlaması ilə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər edəcəkdir.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S.  3.