Bakı
«Eurovision-2012» müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etmişdir
Mərasimdə
müsabiqənin loqosu və rəmzi
açarı təqdim edilmiş, püşkatma mərasimi olmuşdur
Yanvarın 25-də Bakıdakı "Buta Palace"da "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasim ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.
Bu möhtəşəm tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
Tədbiri işıqlandırmaq üçün Azərbaycana gəlmiş bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və "Euronews" telekanalının reportyorları mərasimdə olmuşlar.
Mərasimin vacib məqamlarından biri isə müsabiqənin konsepsiyasının təqdimatı olmuşdur. Möhtəşəm "Eurovision" axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanmışdır.
Odlar Yurdu Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin loqosunda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhpərvərliyi təcəssüm etdirən günəş, ay və ulduzlar təsvir olunmuşdur.
Zəngin mədəniyyətimizdə xüsusi yeri olan od fəlsəfəsi bu gün də bayramlarımız, incəsənət nümunələrimiz, memarlığımızda çox aktualdır. Böyük bir coğrafiyanı əhatə edən Novruz bayramında insanlar tonqalın ətrafında bir araya gəlir, təbiətin oyanmasını, həyatın sanki yenidən başlanmasını böyük şənliklərlə qeyd edirlər.
Könlümüzə hərarət verən od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü tapır. Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov demək olar ki, bir-birindən çox fərqli naxışlarla mədəniyyət incilərimizdə əks etdirilmişdir.
Ona görə də "Eurovision-2012" mahnı müsabiqəsi "Light your fire" (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcəkdir.
2004-cü ildən etibarən "Eurovision" müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli loqosu vardır. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.
Təntənəli mərasimdə Bakı şəhəri "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etmişdir.
Almaniyanın Düsseldorf
şəhərinin meri Dirk
Elsbers yarışmanın rəmzi
açarını Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbova təqdim etmişdir. Bununla da Bakının "Eurovision-2012"yə ev sahibliyi
rəsmən qəbul
olunmuşdur.
Düsseldorf
şəhərinin meri
Dirk ELSBERS mərasimdə çıxış
edərək dedi:
- Bakı, axşamın xeyir!
Möhtərəm həmkarım Bakı
Şəhər İcra
Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov!
Xanımlar və cənablar!
Burada olmağımdan
çox böyük şərəf duyuram. Dəvətinizə görə sizə dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Ötən il Düsseldorf da "Eurovision-2011" mahnı
müsabiqəsinin ev sahibi kimi, bu
cür təntənəli
mərasimi keçirməyə
müvəffəq olmuşdur.
Bu da çox
yaddaqalan bir hadisəyə çevrilmişdir.
"Eurovision-2011" mahnı müsabiqəsi, doğrudan
da, həm şəhər sakinləri
üçün, həm
də qonaqlar üçün həddən
artıq təntənəli mərasimə
çevrilmişdir. Biz o unudulmaz anları indiyə qədər xatırlayırıq. Beləliklə,
Eldar Qasımov və Nigar Camal
ötən il
bu müsabiqənin çox qeyri-adi, çox gözəl və istedadlı qalibləri olmuşlar. Bunun nəticəsində Düsseldorfdan sonra bu mərasimə ev sahibliyi
edəcək şəhər
məhz Bakı olmuşdur. Ümidvaram ki, bu il - 2012-ci ildə sizdə baş tutacaq bu mahnı
müsabiqəsi bizdəki
kimi təmtəraqlı
və hərarətlə
keçiriləcəkdir. Bu rəmzi açarın Bakı merinə təhvil verilməsindən
həqiqətən böyük
məmnunluq və şərəf duyuram ki,
bundan sonra
"Eurovision" müsabiqəsinə məhz Bakı rəsmən ev sahibliyi edəcəkdir.
* * *
Bakı
Şəhər İcra
Hakimiyyətinin başçısı
Hacıbala ABUTALIBOV mərasim
iştirakçılarına müraciətlə dedi:
- Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Sizin hər birinizi Azərbaycanda, bizim gözəl paytaxtımız
Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin
rəmzi açarının
təqdimatı mərasimində
öz adımdan və paytaxt sakinləri adından ürəkdən salamlayıram.
Ötən ilin mayında təmsilçilərimizin Düsseldorf səhnəsində uğurlu
çıxışı Avropanın
ən möhtəşəm
musiqi yarışmasında
ölkəmizə parlaq
qələbə qazandırdı.
Dünya musiqi xəzinəsinə dəyərli töhfələr
vermiş Azərbaycanda
bu qələbə böyük coşğu ilə qarşılandı. Şəhərimizin sakinləri bu qələbəni səhərə
qədər küçələrdə
böyük təntənə
ilə bayram etdilər. Dünyanın
ən gözəl şəhərlərindən biri
olan, Şərq və Qərb sivilizasiyasını, tarixi
varisliyi və müasirliyi özündə
təcəssüm etdirən
doğma Bakımız "Eurovision-2012" mahnı müsabiqəsini
keçirməyə səylə
hazırlaşır.
Bu gün bütün musiqisevərlərin səbirsizliklə
gözlədiyi bu müsabiqənin rəmzi açarı ona ev sahibliyi
etməyə hazırlaşan
doğma Bakımıza
rəsmən təqdim
olundu. Bununla da gündən-günə
"Eurovision-2012" əhval-ruhiyyəsi
artan şəhərimizdə
bu mötəbər tədbirin təməli qoyulmuş oldu.
"Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı həyata keçirilən bütün
tədbirlərin Azərbaycan
rəhbərliyi tərəfindən
daim diqqət mərkəzində saxlanılması
bizə tam əminliklə
deməyə əsas verir ki, bu
möhtəşəm musiqi
bayramı ölkəmizə
gələcək bütün
qonaqların yaddaşlarında
silinməz iz qoyacaqdır.
Onlar təkcə "Eurovision-2012" mahnı müsabiqəsinin
deyil, həmçinin
zəngin tarixi izlərin yaşadığı
doğma Bakımızın
gözəlliyinin, müxtəlif
mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə
özündə birləşdirən
adət və ənənələrimizin və
şəhər sakinlərinin
qonaqpərvərliyinin şahidi
olacaqlar.
Sizin hər birinizi Bakıya -
"Eurovision-2012" mahnı müsabiqəsinə dəvət
edirik.
Diqqətinizə görə təşəkkür
edirəm.
Rəmzi
açarın təqdimat
mərasimindən sonra
"Eurovision-2012" yarışmasının
yarımfinal mərhələsinin
püşkatma mərasimi
keçirilmişdir.
"Eurovision" layihəsinin rəhbəri
Yand Ola Sand çıxış
edərək müsabiqənin
şərtləri barədə
məlumat vermişdir.
Layihənin rəhbəri bugünkü
mərasimi mayda keçiriləcək "Eurovision-2012"nin ilk addımı adlandırmışdır. Yand Ola Sand ilk
"Eurovision" müsabiqəsinin
1956-cı ildə keçirildiyini
diqqətə çatdırmışdır.
O bildirmişdir ki, bu təntənəli musiqi bayramı həmin ildən bugünədək hər
il keçirilməkdədir.
Həmçinin bu müddətdə "Eurovision"un
əhatə dairəsi də
xeyli genişlənmişdir
və hazırda müsabiqənin coğrafiyası
Olimpiya Oyunları ilə təxminən eynidir.
Yand Ola Sand qeyd
etmişdir ki, iki həftə ərzində Bakıya minlərlə qonaq gələcəkdir. O, müsabiqə
ilə bağlı Azərbaycanda indiyədək
görülən işlərin
çox yüksək
səviyyədə aparıldığını
demişdir.
Layihənin rəhbəri müsabiqənin
"Baku Crystall Hall"da
keçiriləcəyini qeyd
etmiş və göstərilən bütün
dəstəyə görə
"Eurovision" müsabiqəsinin təşkilatçıları adından Azərbaycan rəhbərliyinə təşəkkürünü
bildirmişdir. O, Azərbaycan tərəfinin yüksək
peşəkarlıq nümayiş
etdirməsindən məmnun
qaldığını vurğulamışdır.
Bildirmişdir ki, biz, eyni zamanda, sizin
cəmiyyətinizin bu
mərasimə dəstəyini yüksək
qiymətləndiririk. Qarşıda bizim 117 günümüz qalır. Bu müddət
ərzində hələ
çox işlər görülməlidir. Müsabiqə mayın 22-də Avropa vaxtı ilə saat 21.00-da başlanacaqdır.
Yarışmada iki yarımfinal,
bir final mərhələsi
keçiriləcəkdir.
Yand Ola Sand müsabiqəyə,
ümumilikdə 43 ölkənin
qatıldığını, onlardan 6-nın bilavasitə
finalda çıxış
edəcəyini bildirmişdir. Layihənin
rəhbəri demişdir ki, "Böyük beşlik"
olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də müsabiqənin ötənilki
qalibi və builki ev sahibi
Azərbaycan birbaşa
mayın 26-da keçiriləcək
final mərhələsində çıxış edəcəkdir.
Püşkatma nəticəsində məlum
olmuşdur ki, Azərbaycan, İspaniya, İtaliya birinci, Böyük Britaniya, Almaniya və Fransa ikinci yarımfinalda
səs verəcəkdir. Mayın 22-də keçiriləcək birinci
yarımfinalda 18, mayın
24-də keçiriləcək ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaqdır.
Mayın
22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə,
Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan təmsilçiləri yarışacaqlar.
Mayın
24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan,
Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə,
Malta, Slovakiya, Xorvatiya,
Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina təmsilçiləri iştirak
edəcəklər.
Ümumilikdə 43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcəkdir.
Ötən il yarışmaya qatılmamış İtaliya, Macarıstan, Avstriya təmsilçiləri də Bakı müsabiqəsinin iştirakçıları arasında olacaqlar. "Eurovision" mahnı müsabiqəsində son üç ildə iştirak etməyən Monteneqro təmsilçisi də builki yarışmaya qatılacaqdır. "Eurovision" mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008-ci və 2011-ci illərdəki rekordu təkrarlamışdır.
Yarımfinal mərhələlərində iştirak edən ölkələrin "Eurovision 2012"də çıxış ardıcıllığı isə cari ilin martında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaqdır.
Püşkatma mərasimindən
sonra xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev
adına Dövlət kamera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının
əsərləri səslənmişdir. Daha sonra milli musiqi alətimiz
olan balabanda lirik
melodiya ifa olunmuşdur. Azərbaycanın
xalq artisti Alim Qasımovun və İsveçrədə
keçirilən
43-cü Beynəlxalq Montre
caz müsabiqəsinin
qalibi İsfar Sarabskinin ifaları tamaşaçılar tərəfindən
alqışlarla qarşılanmışdır.
Tədbirdə müsabiqənin müxtəlif
illərdə qalibi olmuş iştirakçılarından
Lena Mayer, Aleksandr Rıbak,
Eldar Qasımov, Nigar Camal və
başqaları da çıxış etmişlər.
AzərTAc
Azərbaycan.- 2012.- 26 yanvar.- S. 4.